Qətiyyətin,
dəmir iradənin müjdəsi
Qələbəmiz, sevincimiz, fərəhimiz
30 illik acılarımızın
ən gözəl məlhəmidir. Artıq xalqımız Zəfər
müjdəli xəbərlərə
adətkar olub.
Zəfər salnaməmizə
nəzər salanda gözümüzün önündə
qürurverici bir mənzərə yaranır.
44 günlük müharibədə
qələbə, 2023-cü ilin aprelində Laçın sərhəd-buraxılış
mənqəsinin yaradılması,
23 sentyabr 2023-cü ildə
ölkəmizin suverenliyinin
tam bərpası, rusiyalı sülhməramlıların
bölgədən çıxması...
Aprelin 19-u da
dövlətimizin diplomatiya tarixində adi günlərdən
olmadı. Qətiyyətin, dəmir iradənin tarixə öz
möhürünü vurduğu günlərdən biri oldu.
Ermənistan ilə
Azərbaycan arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri
üzrə komissiyanın səkkizinci görüşündə
4 qeyri-anklav kəndin - Bağanis Ayrım, Aşağı
Əskipara, Xeyrimli və Qızılhacılı
yaşayış yerlərinin bir güllə atılmadan, qan
tökülmədən Azərbaycana qaytarılması barədə
razılıq əldə olunub. Bu adi hadisə deyil. Azərbaycan
diplomatiyasının, dəmir iradənin böyük qələbəsidir.
Bu, son illər Azərbaycanın əldə etdiyi
uğurların məntiqi davamıdır. Bu hadisə
böyüklüyünə, tarixi əhəmiyyətinə
görə Şuşanın, Xocalının, Xankəndinin
azad olunması ilə müqayisə edilə bilər. Bu hadisə
Ermənistanın rəsmən işğalçı dövlət
olmasının etirafı, Azərbaycanın haqlı
olduğunun dünyaya sübutudur.
İlham
Əliyevin dəmir iradəsi, qətiyyəti,
apardığı ardıcıl uğurlu siyasət Ermənistanı,
onun arxasında duran havadarlarını addım-addım geri
çəkilməyə vadar edir. Müzəffər Ali
Baş Komandan İlham Əliyev itirilmiş torpaqları
addım-addım, qarış-qarış geri qaytarır.
Tarix sübut edir ki, praqmatik lider, böyük siyasətçi
İlham Əliyev nəyi nə zaman etmək lazım
olduğunu çox gözəl bilir.
Əldə
olunmuş razılıq delimitasiya istiqamətində atılan
ilk addımdır. Delimitasiyanın məhz bu istiqamətdən
başlaması Azərbaycanın təkidi ilə olub.
Hadisələrin
bu cür inkişafı Azərbaycanın guya Ermənistana
hücum etməyə hazırlaşması barədə
uydurmalara da son qoydu. Eyni zamanda Ermənistanın "təhlükəsizliyi"
haqqında yalan, uydurma məlumatlar yayan Fransanın və Qərb
dövlətlərinin maskalarını cırdı. Azərbaycan
qətiyyəti ilə sübut etdi ki, iki dövlət
arasında münasibətləri kənar müdaxilə
olmadan da normallaşdırmaq mümkündür. Bununla da
dövlətimiz problemi həll etməkdən çox, problem
yaradan, iki dövləti daha çox qarşıdurmaya vadar edən
ABŞ-yə, Aİ-yə, xüsusən də Fransaya öz
yerini göstərdi. Artıq bütün dünya anlamaq
zorundadır ki, ara qarışdıranlar regionda sülhü,
davamlı sabitliyi istəməyənlərdir. Heç
şübhəsiz ki, onların da cavabı bir qayda olaraq
diplomatik yolla layiqincə verilməkdədir.
Bu hadisə Azərbaycanın
Cənubi Qafqazda sülhün təminatçısı olan
böyük güc olduğunu bir daha təsdiqlədi.
Artıq Ermənistanda da başa düşürlər ki, Azərbaycanla
normal münasibət yaratmaqla düşdükləri
ağır durumdan çıxa, özlərini xilas edə bilərlər.
Azərbaycan
regionun yeganə dövlətidir ki, heç bir dövlətin
ərazisində gözü yoxdur, hansısa ölkənin ərazi
bütövlüyünə qarşı deyil. Eyni zamanda
öz ərazi bütövlüyünü də layiqincə
qoruyur, haqqı olanı geri almağı bacarır.
Sülhlə
gedilən yol daha qürurlu, bu yolla əldə olunan qələbənin
sevinci isə daha böyük olur.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.10.