Kəhrizlər
bərpa olunacaq, sel suları təmizlənəcək, yeni
su sistemləri qurulacaq
COP29 ərəfəsində
həyata keçirilən
bu layihələrin müəllifləri ADSEA və
BP-dir
Azərbaycanda su
ehtiyatlarından səmərəli
istifadə sahəsində
davamlı tədbirlər
həyata keçirilir.
Son dövrdə qlobal iqlim dəyişmələri
şəraitində məhdud
su ehtiyatlarına malik ölkəmizdə bu istiqamətdə aparılan işlər xüsusi önəm daşıyır. Təsadüfi
deyil ki, həmin sahənin inkişafı prioritetlərdən
biri kimi diqqət mərkəzində
saxlanılır.
Bu baxımdan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə BP-nin potensial su
layihələri mühüm
əhəmiyyət daşıyır.
Belə ki, ADSEA ilə BP arasında icmalarda su təchizatı
ilə əlaqədar
vəziyyəti yaxşılaşdırmağa
kömək edəcək
potensial su layihələrinin müəyyən
edilməsi, seçilməsi
və həyata keçirilməsi istiqamətində
birgə işləmək
üçün əməkdaşlıq
müqaviləsi imzalanıb.
Əməkdaşlığın ilkin olaraq üç
potensial layihəni əhatə edəcəyi
gözlənilir. Birinci
layihədə məqsəd
Göyçay rayonunda
yeni su təchizatı
sisteminin yaradılmasıdır.
Bu sistem sel sularının toplanması, çökdürülməsi
və təmizlənməsini
təmin edəcək.
Təmizlənmiş sudan
torpaqların suvarılması
üçün istifadə
olunacaq. Sistemin ildə 500 min kubmetrdən çox suyu təmizləmək gücündə olacağı
nəzərdə tutulur
ki, bu da
100 hektara qədər
ərazini suvarmağa
imkan verəcək.
İkinci layihə
Tovuz rayonunda iki yeraltı su təchizatı mənbəyinin - kəhrizin
bərpa edilməsi məqsədi daşıyır.
Bərpa edildikdən sonra bu iki
kəhriz hər il 2,5 milyon kubmetrə
qədər şirin su təchiz edə biləcək. Bu isə 15 min nəfərə yaxın icma üzvünün məişət
istehlakı və torpaqların suvarılması
ilə əlaqədar
ehtiyaclarını təmin
etmək deməkdir.
Üçüncü layihə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında
içməli su, suvarma və sanitariya təyinatlı 25
su sisteminin yaradılmasına yönəldilib.
Layihə ümumi əhalisi təqribən
25 min nəfər olan 20-yə yaxın kənd yaşayış məntəqəsini əhatə
edəcək. İmzalanma
tədbirində ADSEA sədrinin
müşaviri Əsəd
Şirinov vurğulayıb
ki,"yaşıl siyasət"in əsas hədəflərindən biri
də dayanıqlı
su ehtiyatlarının
formalaşdırılması və sudan səmərəli
istifadənin təmin
olunmasıdır. Prezident
İlham Əliyevin tapşırıqlarına uyğun
olaraq, bu sahədə genişmiqyaslı
layihələr həyata
keçirilməkdədir: "Azərbaycan beynəlxalq aləmdə iqlim dəyişmələrinin fəsadlarına
qarşı mübarizədə
etibarlı və məsuliyyətli tərəfdaş
kimi qəbul edilir. Ölkəmizdə ekosistemin bərpası, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından səmərəli istifadənin
təmin edilməsi istiqamətində həyata
keçirilən tədbirlər
Azərbaycanın "yaşıl
gələcəy"ə doğru addımlar atmasının göstəricisidir".
BP-nin Xəzər
regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də çıxış edərək
deyib: "Şirin su çatışmazlığı
problemi ilə üzləşən kənd
icmalarına kömək
etmək istiqamətində
Dövlət Su Ehtiyatları Agentliyi ilə səylərimizi bir araya gətirməkdən
məmnunuq. Diqqətimizi
xüsusilə kifayət
qədər şirin suyun olmadığı və ya təhlükəsiz
su təchizatı mənbələrinin əlçatan
olmadığı ərazilərə
yönəldəcəyik. Ümid
edirik ki, əməkdaşlığımız və birgə layihələrimiz minlərlə
insanın məişət,
sağlamlıq və
sanitariya, eləcə
də kənd təsərrüfatı istehlakı
üçün suya olan tələbatını
təmin etməyə
kömək göstərəcək".
İki il müddətinə nəzərdə
tutulmuş bu üç layihənin ümumi dəyəri 2,6 milyon dollardan artıqdır. Fəaliyyətə
başladığı vaxtdan
indiyədək isə
BP özü
və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları
adından ölkədəki
sosial sərmayə layihələrinə ümumilikdə
110 milyon dollardan çox vəsait xərcləyib.
Xatırladaq ki,
BP şirkəti Azərbaycanda
32 ildir neftin və qazın kəşfiyyatı, işlənməsi
və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır
və bu layihələrin icrasını
təhlükəsiz, səmərəli
və etibarlı şəkildə həyata
keçirir. Bu vaxtadək BP öz tərəfdaşları ilə
birlikdə ölkədə
icraçısı olduğu
layihələrə təxminən
84 milyard dollar sərmayə qoyub. Şirkət Azərbaycanda ən
çox töhfə verə biləcəyinə
inandığı sahələrə
yönəlməklə, dayanıqlı
inkişaf təşəbbüslərinə
dəstək vermək
öhdəliyi götürüb.
Həyata keçirilən
geniş sosial sərmayə fəaliyyətləri
və bacarıqların
inkişaf etdirilməsi
istiqamətindəki səylər
insanlara əhəmiyyətli
faydalar gətirib. BP-nin sosial sərmayələri
yerli potensialın yaradılması, təhsil,
icmaların inkişafı,
yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə
ölkənin zəngin
mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib.
Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyi ilə BP-nin reallaşdırdığı
növbəti layihələr
isə həm də "Yaşıl həyat naminə həmrəylik ili" və COP29-a hazırlıq
çərçivəsində həyata keçirilən
mühüm tədbirlərə
bir dəstəkdir.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.12.