Vətən
Laçın sərhədindən
başlayır
İlham Əliyevin bütövləşdirdiyi
Azərbaycanın başlanğıcından
reportaj
Şərqi Zəngəzurun
cənnətməkanlarından biri - Laçındayıq...
Yurda gələn
yazın xoş ətri valehedicidir.
Yalnız təbiətin,
dağların yamacı
əlvan rəngə boyanmayıb. Doğma yurda qayıdan insanların simalarında sanki güllər açıb. İnsanların
sevinc, fərəh dolu baxışları, mehriban davranışları
adamın ürəyini
riqqətə gətirir.
Yurd həsrətinə
son qoyulan laçınlıların qayğıkeşliyi
elə ilk andan hiss olunur.
Salam verdiyimiz hər kəs bizi evinə dəvət edir.
Bu gün həm də tarixi gündür. Bir il öncə,
2023-cü ilin aprelin
23-də Prezident İlham
Əliyev "Laçın"
sərhəd-buraxılış məntəqəsini yaratmaqla
sərhəd və ərazi bütövlüyümüzü
təmin etdi. Həmin tarixi günü təkcə laçınlılar deyil,
bütün Azərbaycan
xalqı qeyd edir. Çünki bu tarixi nailiyyət
44 günlük Vətən
müharibəsində qazandığımız
böyük qələbənin
nəticəsi, qətiyyətin
və dəmir iradənin təntənəsi
idi.
Sərhədin toxunulmazlığı
dövlətin qüdrətini
təcəssüm etdirir.
2023-cü il aprelin
23-də bütün təzyiqlərə
baxmayaraq, Azərbaycan
beynəlxalq hüquq çərçivəsində sərhədlərini tam nəzarətə götürməklə
bir daha qətiyyətini və iradəsini nümayiş etdirdi.
"Baxın, görün
bizə nə gözəl şərait yaradıblar"
Laçının füsunkar
təbiətini seyr edə-edə enişli-yoxuşlu
küçələrlə hərəkət edirik. 77
yaşlı Bakir Şükürov bizi evinə dəvət edir. Çay süfrəsi arxasında söhbət edirik. Bakir kişi 2023-cü il iyun ayının
əvvəllərində Laçına
qayıtdığını deyir: "1992-ci ilin mayında Laçını
son tərk edənlərdənəm. Laçından
əhali çıxanda
ermənilər hər
tərəfi yandırırdılar.
Od-alov, tüstü göy üzünü bürümüşdü. Elə
hiss edirdim ki, yanan Laçın
deyil, bizik. Bu yurdu tikən
babalarımızın ruhudur.
Laçın işğaldan
azad edildi, böyük quruculuq işləri görülür.
Doğma yurda dönəndə buraları
cənnətməkan gördük.
Bakıda Pirşağıda
məskunlaşmışdıq. Orada da şəraitimiz
yaxşı idi. Dövlət bizə 6 sot torpaq sahəsi
olan üçotaqlı
ev vermişdi. Oradakı həyətimdə
də gül-çiçək,
hər cür meyvə əkmişdim. Amma havası, suyu, torpağı Laçınınkı kimi
deyildi..."
Bakir Şükürov
deyirdi ki, savaşdan öncə də, ümumiyyətlə,
bütün zamanlarda Prezident İlham Əliyevə çox inanıb. Hiss edirmiş ki, Ali Baş Komandan
torpaqlarımızı bir
gün qaytaracaq: "Laçının alınma
xəbərini eşidəndə
sevincimin hədd-hüdudu
olmadı. Bir gün eşitdim ki, yurda qayıdış
başlayıb. Dərhal
müraciət etdim. Dedim, bu yaşda
doğma yurddan kənarda qala bilmərəm. Dövlətdən
də heç nə istəmirdim. Deyirdim ki, bircə
Laçına qayıda
bilim, çadır qurub torpağın üstündə yataram. Bir baxın, görün bizə nə gözəl şərait yaradıblar.
Bundan sonra ölsəm də dərdim yoxdur. Bizə doğma torpaqlarımızı qaytaran,
bizə bu xoşbəxtliyi bəxş
edən Prezidentimizə
minnətdaram. Özümü
cənnətdə hiss
edirəm. Tanrı Prezidentimizi qorusun! Dövlətimiz var olsun!"
"Marş irəli,
Azərbaycan əsgəri"
Küçə ilə
hərəkət edərkən
bir həyətdə xeyli insanın toplaşdığını görüb
onlara sarı gedirik. Bəlli olur ki, bu
ev bir zamanlar
Laçın uğrunda
gedən döyüşlərdə
iştirak edən, bölük komandiri olan zabit Əhliəd
Süleymanovun ata ocağıdır. Amma sabiq döyüşçü
artıq haqqın rəhmətinə qovuşub.
Bacıları, övladları,
yaxınları onun cümə axşamı mərasiminə hazırlaşırlar.
Ailə üzvləri
Laçınla bağlı
xoş təəssüratlarını
bölüşürlər. Bu anda Elşən
Qəniyev Birinci Qarabağ müharibəsi
zamanı Laçında
Əhliəd Süleymanovla
aralarında yaşanan
maraqlı bir tarixçəni xatırlayır:
"1992-ci ildə Laçına
ezamiyyətə getmişdim.
O zaman Laçın özünümüdafiə batalyonuna
da baş çəkib döyüşçülərlə
görüşmüşdük. Bəstəboy bir zabitin komandanlığı
ilə döyüşçülər
hərbi hissənin həyətində əsgər
marşı oxuyurdular.
Həmin əsgər marşının müəllifinin
zabit Əhliəd Süleymanov olduğunu dedilər. Bizimlə söhbətində Əhliəd
Süleymanov dedi ki, mən hərbçi
deyiləm, aqronomam. Laçının bu dar günündə əlimə silah almışam ki, torpaqlarımızı qoruyaq.
Marş oxumaqla ordu qurulmaz, torpağı qorumaq olmaz. Nizam-intizam yoxdur. Bu, ordudan
çox özfəaliyyət
dərnəyinə oxşayır.
Biz "Marş irəli, Azərbyacan əsgəri" oxuyuruq, işlərimiz isə hər gün bir addım geri gedir. Xahiş
edirəm, yazın, həyəcan təbili çalın, rəhbərlik,
xalq bilsin ki, Laçın təhlükədədir. Əgər
Laçın işğal
olunsa, atalarımızın
ruhu məzarda od tutub yanar.
Çox çəkmədi
ki, Əhliəd Süleymanovun dediyi həqiqət oldu. Taleyin qismətində məhz bu səfərimizdə
Laçında Əhliədin
ata ocağına baş çəkmək də varmış..."
Bacısı Ruqiyyə
xanım deyir ki, qardaşının ötən illərdə bir arzusu olub:
"O da Laçını
azad görmək idi. Çox şükür ki, bu günü görüb
az da olsa
xoşbəxtliyini yaşadıq.
Qardaşımın ürəyini
vətən həsrəti
üzmüşdü. Bu
il mart ayında
dünyadan köçdü.
Doğma yurdumuzda torpağa tapşırdıq".
Oğlu Mahir Süleymanov deyir ki, bir zamanlar
qoruya bilmədikləri
torpaqları Prezident İlham Əliyev qan tökmədən, itki vermədən geri qaytardı: "Həm də necə? Laçın indi bir cənnətə
bənzəyir. Bir dağ rayonundan çox Avropanın əyalət şəhərlərinə
oxşayır. Nə qədər ömrümüz
var, bizə bu xoşbəxtliyi yaşadan, yurdumuzu cənnətə döndərən,
bizi yenidən ev, torpaq sahibi
edən Prezidentimizə
borcluyuq. Vətən borcu ödənilməzdir.
Çalışacağıq ki, ömrümüzün
qalan hissəsini vətənə xidmətdə
keçirək. Şükür
edirik ki, atamız Vətən həsrəti ilə bu dünyadan köçmədi. Qurulan,
abadlaşan, cənnətə
dönən Laçını
görüb, getdi. Var olsun, dövlətimiz,
sağ olsun Prezidentimiz ki, laçınlıların qaçqınlıq
əzabına son qoydu".
"87 yaşlı atam
Laçına dönəndən
sonra ağrı-acını
tamam unudub"
Laçında dağların
zirvəsində bir ev var. Laçının
hansı yanından baxsan bu ev
görünür. Üstündə
Türkiyə və Azərbaycanın bayrağı
dalğalanan, qarşısına
türk dünyasının
iki böyük lideri, Ulu Öndər
Heydər Əliyevlə
Mustafa Kamal Atatürkün böyük
portreti vurulan bu ev Laçına
gələn hər kəsin diqqətini cəlb edir. Kənardan maraqla evi seyr etdiyimizi
hiss edən ucaboylu bir kişi
bizə yaxınlaşaraq
"Mənim evimdir",
- deyir...
Rövşən Əliyev
bizi evinə dəvət edir. Öyrənirik ki, o da Laçına ilk dönənlərdəndir.
Ağsaqqal maraqlı
söhbətə başlayır:
"Qarşıda gördüyünüz
kənd erməni kəndidir. Bu ev, bu bayraqlar,
türk dünyasının
iki dahi şəxsiyyətinin portreti
oradan da aydın görünür.
Laçına qayıdacağımı
biləndə illərlə
ürəyimdə abidəsini
ucaltdığım, sevdiyim,
şəxsiyyətlərinə böyük
hörmət bəslədiyim,
xalqlarımızın mənəvi
sərvəti olan bu böyük şəxsiyyətlərin portretlərini
çəkdirib, yağışdan,
günəş şüasından
qorumaq üçün
xüsusi olaraq üzlətdirib, özümlə
birlikdə gətirdim.
Mənə elə gəlir ki, yüz illərdir hər qarışı qanla
suvarılan bu torpaqları azad, bu diyarın hər bir guşəsinin
cənnətməkana döndüyünü
görüb onların
ruhu sevinir. Bu Vətəni o dahilərin ruhu qoruyur".
Rövşən Əliyev
deyir ki, köçkünlük vaxtı
Abşeron rayonu Masazır qəsəbəsində
yaşayıb. Orada da yaşamaq üçün şərait
yaratsa da, narahatlığı varmış:
"Laçını görmədən
dünyadan köçəcəyimdən
qorxurdum. Çox şükür, arzuma çatdım. Bütün
ailə üzvlərimlə
yurduma qayıtmışam.
Buranın havası da, suyu da
dərdimizə dərman
olub. Mənim 65, atamın 87 yaşı var. Atam Laçına
dönəndən ağrı-acını
tamam unudub. Hər səhəri şükürlə açırıq.
Hər gün bizə bu şəraiti
yaradan, torpağımızı
işğaldan azad edən Ali Baş Komandan İlham Əliyevə dua edirik. Dövlət
vətəndaşı üçün
etməli olduğundan
da artığını
bizə edib. Bu gözəlliyi, bu şəraiti yuxumuzda belə görməmişdik. Şükür
ki, bu gözəl
günlərin xoşbəxtliyini
də yaşamaq bizə qismət oldu".
"Bakıda doğulsam
da, 30 il özümü qonaq kimi hiss etdim"
Həmsöhbətimiz Emil Nəcəfli deyir ki, dünyaya
gələndə Laçın
işğal olunmuşdu.
Uşaq vaxtı valideynlər ona Laçın haqqında söhbətlər edər,
Laçının işğalından
danışardılar. Yaşının
üstünə yaş
gəldikcə ürəyində
Laçın boyda bir sevgi böyüyüb:
"Özümü Bakıda
qonaq kimi hiss edirdim. İçimdən
gələn bir səs deyirdi ki, "Emil, sən Laçına qayıdacaqsan. Orada yaşayıb, orada işləyəcəksən. Bakıda
Slavyan Universitetinin yataqxanasında yaşayırdıq.
Valideynlərimə deyirdim
ki, gəlin birlikdə Ali Baş Komandana müraciət edib, doğma yurda qayıdaq. Evimiz olmasa da, alaçıq
qurub yaşayarıq.
2023-cü ilin mayın
28-də cənab Prezident
bizə evimizin açarını təqdim
etdi. Sonra Prezidentimiz bizə yaxınlaşıb şəkil
çəkdirmək istədiyini
bildirdi. Orada Laçının xilaskarı,
qurucusu, bu xoşbəxtliyi bizə ərməğan edən,
yaşadan dövlətimizin
başçısı ilə
söhbətimiz oldu. Cənab Prezident məndən arzumu, istəyimi soruşdu. Dedim ki, "Cənab Prezident, mən laçınlıyam.
İstəyirəm ki,
bütün ömrüm
boyu Laçında yaşayıb, Laçında
işləyim. Cənab
Prezident dərhal səlahiyyətli nümayəndəsi
Məsim Məmmədova
mənim işlə təmin olunmağım barədə göstəriş
verdi.
Avqustun 26-da burada
Laçın şəhər
günü keçirildi.
Prezidentimiz və birinci xanım Mehriban Əliyeva da Laçına təşrif buyurmuşdular.
Cənab Prezident məni aralıdan görüb tanıdı.
Dərhal yanına çağırıb, işimlə
maraqlandı. Ailə üzvlərimi soruşdu...
Çox xoşbəxtəm
ki, oğlum Tuncay mənim kimi məcburi köçkün həyatı
yaşamadı. Atamın, anamın yurd həsrətinə son qoyuldu. Laçının
havasını udanda, suyunu içəndə, hər gün evə
çıxıb, işə
gedəndə bizə
bu xoşbəxt həyatı yaşadan cənab İlham Əliyevə dua edirik".
"Evimizin açarını
cənab Prezident özü təqdim etdi"
Laçın sakini
Elbrus Sadıqovun 77 yaşı var. Deyir ki, Sumqayıtda
qaçqın şəhərciyində
yaşayıb. Hökumət
onlara dördotaqlı
mənzil veribmiş:
"Hər şəraitimz
olsa da, Laçının həsrəti
ilə yaşayırdım.
Laçın işğaldan
azad olunanda dizimi yerə atıb Allaha şükür, Prezidentimizə
dua etdim. Yoldaşıma dedim ki, Solmaz, illərdir
mən bu günü gözləyirdim.
Ömür vəfa etdi, bunu da
gördüm. Nə olur-olsun Laçına qayıdıb, ömrümün
qalan hissəsini doğma yurdumda yaşayıb, orada tamamlamaq istəyirəm. Laçın hər gecə yuxuma girirdi. Bir arzum
vardı. Deyirdim ki, turist kimi
də olsa, gedib bir dəfə
doğma yerləri görüb ölsəm, gözüm arxada qalmaz. Çox şükür, bu günü də gördük.
Laçına ilk
köç başlayanda
qayıdan ilk 20 ailədən biri də biz olduq.
Dövlətin bizə
verdiyi dördotaqlı
mənzili təhvil verib bu cənnətməkan
yurda qayıtdıq. Artıq yurd həsrəti bitib. Bu gözəl evdə sevincli, fərəhli günlər
yaşayacağıq. Evimizin
açarını cənab
Prezident özü təqdim etdi. Bir arzum olub-olmadığını
soruşdu. Dedim, ən böyük arzumuz torpaqlarımızı
azad görmək idi. Onu da
alıb qaytarmısınız.
Üstəlik, ermənilərin
xarabazara çevirdiyi
Laçını qısa
müddətdə cənnətə
də döndərmisiniz.
Bundan artıq dövlət, prezident vətəndaşına nə
etməlidir? Var olsun dövlətimizi! Dövlət başçımızın
apardığı sülhsevər,
qətiyyətli siyasəti
ilə qürur duyuruq".
"Laçın" sərhəd-keçid məntəqəsi,
hər zaman ayıq-sayıq xidmət
Laçın sakinləri
ilə xoş gün keçirib yeni həyat şəraitləri ilə
maraqlandıq, sevinclərini
bölüşdük. Onlara
bu şəraiti yaradan Prezidentimizin ünvanına ağızdolusu
alqış eşitdik.
Cənnətməkandan geri dönəndə hava qaralsa da,
Laçının küçələrindən
nur süzülürdü.
Dağların yamacına
səpələnmiş evlərdə
sanki ulduz parıldayırdı. Bizə
elə gəlirdi ki, burada insanlar
da, ağaclar da, quşlar da, ağ gəmiyə
bənzər evlər
də xoşbəxtlik
nəğməsi oxuyur.
Həkəri çayının
kənarı ilə əzəmətli dağlara
tamaşa edə-edə
Qubadlıya tərəf
hərəkət edirik.
Qarşımıza ötən
il aprelin 23-də sərhəd və ərazi bütövlüyümüzün
təminatını rəsmiləşdirən
"Laçın" sərhəd-keçid
məntəqəsi çıxır.
Yaxşı xatırlayırıq,
bir il öncə
Prezident İlham Əliyevin tapşırığı
ilə yaradılan bu sərhəd keçid məntəqəsi
Ermənistanı və
onun havadarlarını
çox narahat etmişdi. Dünyaya bəyan edirdilər ki, guya Azərbaycan
bu məntəqəni
yaratmaqla Qarabağın
erməni əhalisinə
qarşı "humanitar
blokada" tətbiq edib. Ancaq bütün
cəhdləri puç
oldu. Azərbaycan bir addım da geri çəkilmədi.
Məntəqəyə baş çəkirik. Burada Azərbaycan Dövlət Sərhəd
Xidmətinin hərbi qulluqçuları vətənin
keşiyindədirlər. Ermənistan
ordusunun ön xətti ilə aradakı məsafə o qədər də uzaq deyil. Burada düşmənin bütün
mövqeləri açıq-aydın
görünür və
müşahidə altında
saxlanılır.
Bütün bu
imkanlara, Silahlı Qüvvələrimizin artan
gücünə tamaşa
etmək, sərhəddə
ayıq-sayıq xidmətin,
ümumilikdə isə
Qarabağ və Şərqi Zəngəzurun
getdikcə əsl cənnətməkana çevrilməsinin
şahidi olmaq qürurvericidir. Elə bu xoş təəssüratlarla
da reportajımızı
yekunlaşdırıb geri
qayıdırıq.
Rəşad
BAXŞƏLİYEV,
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.13.