Zamanın
fövqündə dayanan
ədəbi irs
Azərbaycan ədəbiyyatının
formalaşmasında, yeni
yaradıcılıq prinsiplərinin
işlənib hazırlanmasında
və bədii kamillik zirvəsinə çatmasında böyük
rol oynamış görkəmli yazıçı,
nəzəriyyəçi və
tənqidçilərdən biri də Mehdi
Hüseyn olmuşdur.
Müasirləri onu
yaradıcılığının ilk addımlarından son nəfəsinə qədər ədəbiyyat
cəbhəsində vuruşan
əsgər kimi tanımışlar. Həmişə
sözə yüksək
dəyər verən Mehdi Hüseyn yazdığı bir-birindən
maraqlı əsərləri
ilə ədəbiyyatımızı
daha da zənginləşdirmişdir.
Onun əsərləri
bu gün də sevilə-sevilə oxunur.
Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 1909-cu il martın 22-də Qazax rayonunun II Şıxlı kəndində
anadan olub. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun
nəzdində akademiya
tipli kinossenaristlər
kursunda təhsil alıb. Mehdi Hüseyn əlli altı illik ömrünün qırx ilini XX əsr Azərbaycan ədəbiyyatının
təşəkkülü və inkişafına həsr edib. Xalq yazıçısı
Mehdi Hüseyn keçmiş SSRİ və
Azərbaycan Ali Sovetlərinə deputat seçilib. Böyük yazıçı, dövlət
adamı, ictimai-siyasi xadim olan Mehdi
Hüseyn xalqımızın
çoxəsrlik ədəbiyyatını
və zəngin mədəniyyətini dünyanın
bir sıra ölkələrində layiqincə
təmsil edib.
Yaşadığı ömür yollarını
vərəqlədikcə öyrənirik
ki, Mehdi Hüseyn yaradıcılığa
müxbir yazıları
ilə başlayıb.
Bir-birinin ardınca müxtəlif mövzularda
bir sıra məqalələr qələmə
alan Mehdi Hüseyn çox keçmədən klassik
irsə münasibət,
yeni insan təsviri, yeni mövzular aləmi ilə bağlı geniş mühazirələrdə
çıxış edib.
Yazıçı bu məqalələri ilə
gələcək yaradıcılıq
yollarına yeni uğurlar açıb. Mehdi Hüseyni fərdi xüsusiyyətlərə
malik nasir kimi tanıdan ilk əsəri "Tərlan" romanı olub.
Mehdi Hüseyn otuzuncu illərdən bir nasir kimi
bədii əsərlərlə
çıxış etməyə
başlayıb. O, ilk olaraq 1930-cu ildə "Xavər" və "Bahar suları" adlı hekayələrini oxuculara təqdim edib. Mehdi Hüseyn
1931-1937-ci illərdə daha
irihəcmli əsərlər
yazmağa başlayıb
və uğur qazanıb.
Böyük yazıçının
ilk hekayəsi 1927-ci ildə nəşr edilib. İlk irihəcmli əsəri məhəbbət mövzusunda
yazdığı "Kin"
povestidir. Yazıçı
müharibə mövzusunda
"Nişan üzüyü"
hekayəsini, "Fəryad"
və "Ürək"
povestlərini yazıb.
Bakı neftçilərinin
bədii obrazını
1948-ci ildə yazdığı
"Abşeron" romanında
bütün dolğunluğu
ilə əks etdirib. Bu roman
ona böyük şöhrət qazandırıb,
dərsliklərə salınıb.
Mehdi Hüseyn tarixi mövzuda dram əsərləri də qələmə alıb. "Cavanşir",
"Nizami", "Şamil"
pyeslərində görkəmli
şəxsiyyətlərin obrazlarını geniş işıqlandırıb. Yazıçı
bu dramlarında Azərbaycan xalqının
vətənpərvərliyini, qəhrəmanlıq ənənələrini
qabarıq şəkildə
əks etdirib.
M.Hüseyn şəxsiyyətə
pərəstiş dövrünün
acınacaqlı təsvirini
"Yeraltı çaylar
dənizə axır"
romanında bədii şəkildə, böyük
sənətkarlıqla əks
etdirib. O, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan Xalq yazıçısı
və SSRİ Dövlət
mükafatı laureatıdır.
Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin
məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı
Təşkilat Komitəsinin
məsul katibi
(1930-34), Azərbaycan Yazıçılar
İttifaqı İdarə
Heyətinin birinci katibi, SSRİ Yazıçılar
İttifaqı İdarə
Heyətinin katibi
(1958-1965) vəzifələrində çalışıb.
Mehdi Hüseynin
"Bizdə futurizm cərəyanı" ilk
tənqidi məqaləsi
1926-cı ildə işıq
üzü görmüşdür.
"Daşqın" (1933-36) romanında nasir fərdi xüsusiyyətləri
ilə seçilən
süjetlər yaratmışdır.
Azərbaycan ədəbiyyatının
ən mühüm tarixi əsəri olan "Səhər"
(1953), "Tərlan" (1940), "Vətən çiçəkləri"
(1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad"
(1945) əsərlərində vətənpərvərliyin qüdrəti,
insanların mərdliyi
və qəhrəmanlığı
geniş şəkildə
tərənnüm olunmuşdur.
Neftçilərin həyatından
bəhs edən "Abşeron" (1949), müəyyən
mənada onun davamı olan "Qara daşlar" (1957-59) və ölməz "Yeraltı çaylar dənizə axır"
(1965-1966) romanları ictimai,
mənəvi əxlaqi
problemlərə cəsarətli
müdaxilə baxımından
oxucuların diqqətini
cəlb edir.
M.Hüseynin romanları
həqiqi bədii istedadın və yüksək təfəkkürün
məhsuludur. Görkəmli
yazıçının əsərlərində
zəngin məna potensialı var. Bu cəhət onun əsərlərinin bütün zamanlarda oxunacağına zəmanət
verir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə
olunub.
Dərinməzmunlu əsərləri
ilə ədəbiyyatımıza
böyük töhfələr
vermiş Mehdi Hüseyn 1965-ci il martın 10-da Bakıda vəfat etmişdir. Mehdi Hüseyn böyük bir məktəb idi. Həmin məktəbdən
bu gün yenə də milyonlarla oxucu faydalanır. Əsərlərinin
dolğunluğundan, zamanla
səsləşməsindəndir ki, onun qoyub
getdiyi ədəbi irsə maraq heç vaxt azalmır.
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.15.