Öz dilinə tərcümə olunan şair

 

 

XIX əsrdə Azərbaycanda yaranmış zəngin ədəbi irs çox uzun zamanlar üçün nur kəhkəşanı sayıla bilər. Şair, yazıçı, naşir maarifçilər öz üsyankar nitqləri, dəyərli əsərləri, kəsərli mətbu çıxışları ilə cəhalət, nadanlıq, avamlıq zülmətinin bağrını yarır, şam kimi şölə saçaraq xalqın, kütlənin, insanların yolunu işıqlandırırdılar. Həmin dövr ədəbiyyat səmasının sönməz ulduzlarından biri görkəmli şair, mütəfəkkir, tədqiqatçı, pedaqoq, Vazeh təxəllüsü ilə həm Azərbaycan, həm fars dilində poetik incilər müəllifi Mirzə Şəfi Sadıq oğludur.

O, dünya xalqlarının ən çox tanıdığı nəhəng söz adamlarındandır. Məşhur macar ədəbiyyatşünası Dyerd Radonun 1963-cü ildə yazdığı məqalə vaxt keçdikcə bu sevginin nəinki azaldığı, daha da artdığını təsdiqləyir: "İstismar, zülm əsarət altında yaşayan əsl şairlərin mütləq bir faciəsi olur. Xaqani, Nəsimi, Vaqif, Hadi, Sabir, Puşkin, Lermontovu xatırlamaq kifayətdir. Mirzə Şəfinin faciəsi isə ikitərəflidir - çətinlik məhrumiyyətdə keçən ömrü yaradıcılıq taleyi..."

Bəli, başqalarının dilində yüzlərlə nəğməsi səslənən şairin indiyə qədər ana dilində cüzi qisim şeiri məlumdur. Həmin şeirləri tapıb üzə çıxartdıqlarına görə, heç şübhəsiz, görkəmli tədqiqatçılarımız S.Mümtaz Ə.Ə.Seyidzadəyə minnətdarıq. 1879-cu ildə Peterburqda çıxan "Jivopisnoe obozrenie" qəzetindəki bir cümlə isə ustadın müəlliflik haqqına mənsub olduğu millətə münasibətin göstəricisidir: "Mirzə Şəfi şeirləri hətta tatar (Azərbaycan) dilinə tərcümə edilmişdir..."

Amma bütün maneə əngəllərə rəğmən, 1794-cü ildə Gəncədə doğulmuş bu müdrik insan həqiqi mənada, zamana meydan oxuyur, məkana sığmır... Həyatı məşəqqətlər, faciələr, təzadlarla dolu, ömür boyu "bir qarın çörəy"ə işləmək məcburiyyətində qalan, kasıblığı ucbatından ilk eşqinin oxu daşa dəymiş, əsərlərinə bir əcnəbinin tamah saldığı fitri istedad sahibi artıq 230 ildir ki, bütün dünyanı - qədim Şərqlə yanaşı, modern Qərbi romantik cazibəsində saxlamaqdadır.

...1844-cü ildə Qafqaz həyatına böyük maraq göstərən Şərq dillərini daha yaxşı öyrənmək istəyən alman yazıçısı şərqşünası Fridrix Bodenştedt Tiflisə gəlir. O, tanış olduğu Mirzə Şəfidən Azərbaycan fars dillərini öyrənir. Dərslər həftədə üç dəfə keçirilir, arada isə müəllim əcnəbi tələbəsi üçün şeirlərini oxuyurdu. 1847-ci ildə Bodenştedt Mirzə Şəfinin "Hikmət açarı" adlı şeir dəftərini götürərək, Tiflisdən gedir 1850-ci ildə Almaniyada işıq üzü görən "Şərqdə 1001 gün" ("Tausend und ein Tag im Orient") kitabının bir hissəsini Mirzə Şəfiyə həsr edir. 1851-ci ildə Bodenştedtın tərcüməsində "Mirzə-Şəfi nəğmələri" ("Die Lieder des Mirza-Schaffy") kitabı çapdan çıxır. Bu nəğmələr Avropa dillərinə dəfələrlə tərcümə olunub müəllifinə böyük şöhrət qazandırıb.

... nankor almanın şöhrətin zirvəsindəki şərqliyə paxıllığı tutur. XIX əsrin 70-ci illərində dahi şairin vəfatından 20 il sonra  "Mirzə Şəfinin irsindən" kitabını çapa hazırlayarkən elan edir ki, "Nəğmələr" guya tərcümə deyil  bütövlükdə onun özünə məxsusdur.

Cəhalət içində olmuşdum sərsəm,

Qocalıb getmişdim ürəyimdə qəm.

Gümrah cavan etdi yenidən məni,

Bir mey, bir məhəbbət, bir ki, nəğməm.

Amma yaxşı ki, təəssübkeş mütəxəssislər qorunub saxlanılan fars Azərbaycan dillərindəki orijinal vərəqlərin köməyi ilə Mirzə Şəfinin müəllifliyini sübut edə bildilər. Bodenştedtin "Mirzə Şəfi nəğmələri" kitabının yalnız proloq hissəsinin müəllifi olduğunu kitabın adı özü deyir. Bundan əlavə, "Nəğmələr"in süjeti tamamilə Mirzə Şəfinin həyatından götürülüb. Belə ki, "Züleyxa" adlı silsilə ilk məhəbbəti Züleyxaya (Gəncəli İbrahim xanın qızı Noxbikə) həsr olunub. "Mirzə Yusif" adlı digər nəğmə silsiləsi Şəfinin dostlarından biri Yusif Şahnazarovla bağlıdır, haqqında arxivdə ətraflı məlumatlar var. "Hafizə" adlı digər silsilə sevdiyi evləndiyi qadına həsr olunub. "Nəğmələr"in fəsillərinin birində Mirzə Şəfi özünü Abdullanın (mərhum ögey atası) oğlu adlandırır.

Vazeh "ifadəli, aydın" deməkdir. Onun barəsində daha çox məlumat aldığımız məşhur rus alimi, şərqşünas Adolf Berjenin materiallarına ("Qafqaz Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuə") əsasən, 1851-ci ildə Tiflis küçələrində "təvazökar 60 yaşlarında türk" - Vazehlə rastlaşmışdı. Hələ mədrəsədə təhsil aldığı vaxtlarda, "gözəl qəlb keyfiyyətləri yüksək mənəviyyat" sahibi Hacı Abdulla Təbrizdən Gəncəyə  qayıdır. Həmin ziyalı şəxs Mirzə Şəfinin şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Berje xəbər verir ki, Şəfi dini baxışlarındakı fərqliliyə görə mədrəsədən ayrıldığı vaxtda, Cavad xanın qızı Püstə bəyim mirzə axtarırdı ki, iki kiçik kənd ilə idarəetmə məsələlərin həlli üçün yazışma aparsın. Bunu eşidən Abdulla Şəfini məsləhət görür "dürüstlüyünə tam arxayın ola biləcək" insan kimi təqdim edir.  Mirzə Şəfi təkcə fars dili bilikləri (o illərdə Cənubi Qafqazda yazışma dili) ilə deyil, həm gözəl dəst-xətti ilə seçilirdi.

Mirzə Şəfinin Gəncədəki şagirdlərindən biri şəhərə 1832-ci ildə gələn Mirzə Fətəli Axundov olub - nəstəliq xəttiylə yazmaq sənətini öyrənirdi. Mirzə Fətəlinin xatirələrindən aydındır ki, məhz Mirzə Şəfi ona ruhani olmağa imkan verməyib.

Mirzə Şəfi Vazeh 1852-ci ilin noyabrında Tiflisdə dünyasını dəyişib şəhərin müsəlman qəbiristanlığında torpağa tapşırılıb.

Son vaxtlar dahi şairimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli işlər görülüb. 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Mirzə Şəfi Vazehin 220 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Həmin il əsərləri Almaniyadan Gəncəyə gətirilib üzərində tərcümə işləri başlanılıb.

 

Qurban MƏMMƏDOV

Azərbaycan.-2024.- 23 aprel, № 81.- S.15.