Tarixə
şahidlik edəcək
abidələrimiz
Tarixi abidələr
əsrlərə meydan
oxuya-oxuya üzü gələcəyə doğru
addımlayır. Yaxşı
ki, ölkəmizin ərazisində belə tarixi abidələrin sayı çoxdur.
Zəngilan rayonu
da Azərbaycanın özünəməxsus tarixi
keçmişə malik
olan bölgələrindən
biridir. Rayonun ərazisində özünün
tarixi ornamenti ilə seçilən onlarla türbə var. XIV əsrdə yaşamış məşhur
coğrafiyaşünas və
tarixçi Həmdullah
Qəzvininin yazdığına
görə, Zəngilanın
əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə
qoyulub. Deməli, Zəngilanın təqribən
1400 ilə yaxın yaşı var.
Rayonun ərazisində
1974-cü və 1979-cu illərdə
arxeoloji qazıntı
işləri aparılıb.
Qazıntı işləri
zamanı məlum olub ki, ərazi
memarlıq abidələri
ilə zəngindir. Bunlardan biri də Şərifan kəndində yerləşən
"Şəhri-Şərifan" və ya "Şəhri Xəlifan"
adı ilə tanınan Orta əsrlər şəhərinin qalıqlarıdır.
Şəhər qalığının
ərazisi 9 hektara yaxındır. Şəhər
təbii, coğrafi və strateji baxımdan əlverişli
mövqedə yerləşib,
qərbdən dağ silsiləsi, şərqdən
Həkəri çayının
sıldırım sahili
ilə əhatə olunmuşdur. Aparılan tədqiqat zamanı şəhərin ətrafında
iki qəbiristanlığın
olduğu da müəyyən edilib. Onlardan biri şəhərin
varlı əhalisinə
məxsus sərdabə
tipli qəbirlərdən
ibarətdir. Bu qəbiristanlıq təqribən
1 km şimalda yüksək dağın döşündə salınıb.
Ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari
hissədə həndəsi
formada naxışlanıb.
İkinci qəbiristanlıq
isə şəhərin
cənub-qərbində olub,
üstü dirəklərlə
örtülən qəbirlərdən
ibarətdir. Hər iki qəbiristanlıqda dəfnetmə islam şəriətinə uyğun
aparılıb.
Şərifanda aparılan
qazıntılar zamanı
xeyli miqdarda maddi-mədəniyyət qalıqları
aşkar edilib. Arxeoloji materiallara əsasən, şəhər
tipli yaşayış
məskəni olan Şərifan XIV əsrdə
salınmış və
XVII əsrə kimi burada intensiv yaşayış olmuşdur.
Aparılan tədqiqatlar
zamanı müəyyən
edilmiş məlumat və faktlar göstərir ki, rayonun indiki inzibati ərazisində ən qədim insan məskənləri mövcud olmuşdur. Ağalı kəndi ərazisindəki yerdənqazma
sığınacaqların-kahaların ilk quldarlıq dövrünə aid olduğu barədə ehtimallar vardır. "Ağalı kahaları"
adı ilə tanınan bu sığınacaqların bir
çoxundan sonrakı
dövrlərdə qoyun-quzuların
saxlanma yeri kimi istifadə edilib.
Rayonun ərazisində
ötən əsrin
60-70-ci illərində təsərrüfat
işləri aparılan
zaman tapılan xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda
e.ə. II əsrdən
eramızın əvvəllərinə
kimi mövcud olmuşdur) və e. ə.
IV-II əsrlərə aid
edilən, əksəriyyəti
Makedoniyalı İsgəndərin
adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm
rol oynadığından
xəbər verir. Məşhur coğrafiyaşünas
və tarixçi Həmdullah Qəzvininin yazdığına görə,
rayonun ərazisi həm Araz çayı
boyunca şərqdən
qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-şimala
və əksinə uzanan tarixi ticarət
yolları üzərində
yerləşir.
Bu ərazi ibtidai insanların ilk məskənlərindən
biri olmuşdur. Bunu rayonun müxtəlif
yerlərindəki tarixi
abidələr, o cümlədən
Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və "Şəhid Məhəmməd" adlı
yerdən tapılan pul və əşya
qalıqları sübut
edir. Ötən əsrin 60-cı illərində
bu ərazidə yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilmişdir. Bu küp qəbirlərdən
tapılmış müxtəlif
əşyalar sübut
edir ki, bu ərazi çox
qədim tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan
bülöv daşı,
qadınların dəfn
olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif
saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc
ucluqları, sikkələr
və s. əşyaların
bir qismi qorunub saxlanılmışdır.
1962-ci ildə həmin
yerdə tapılan və saxsı qabda olan əşyalar
üzərində aparılan
tədqiqat və araşdırmalardan müəyyən
edilib ki, bu sikkələr eramızdan əvvəl
IV-II əsrlərə aiddir.
Məlum olur ki, bu sikkələr
bürünc ellin (yunan) pullarıdır.
2020-ci il sentyabrın
27-də erməni təxribatı
nəticəsində başlayan
İkinci Qarabağ müharibəsində şanlı
Azərbaycan Ordusu oktyabrın 20-də Zəngilan
rayonunu erməni işğalından azad etdi. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə
kənd və qəsəbələrlə yanaşı,
düşmənin dağıtdığı
tarixi abidələrin
də bərpasına
başlanıldı. Hazırda
Zəngilan rayonunun mərkəzində tikilən
məsciddə son tamamlama işləri aparılır. Əminliklə
demək olar ki, yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərdəki tarixi
abidələrimiz bərpa
olunacaq. Xalqımızın
qədim keçmişindən
xəbər verən bu abidələr yenidən insanların ziyarətgahına çevriləcək.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.15.