Sahibkarlar Gününə həsr olunmuş konfrans keçirilib
Məlum olduğu
kimi, 22 il bundan əvvəl - 2002-ci ilin 25 aprel tarixində
Ümummilli Lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub.
Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyevin
2016-cı il 21 aprel tarixli sərəncamı ilə 25 Aprel tarixi artıq 9 ildir ki, ölkəmizdə
Sahibkarlar Günü kimi qeyd olunur.
Sahibkarlar günü
və Azərbaycan Sahibkarlar Konfederasiyasının
(ASK) yaranmasının 25 illiyi
ilə bağlı aprelin 25-də "Gülüstan"
sarayında İqtisadiyyat
Nazirliyinin dəstəyi,
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) və
Azərbaycan Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının təşkilatçılığı
ilə "Azərbaycanın
sosial-iqtisadi inkişafının
yeni dövrü" mövzusunda konfrans keçirilib.
Əvvəlcə tədbir
iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət
edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə
əklil qoyublar. Konfrans iştirakçıları
həmçinin Şəhidlər
xiyabanında Azərbaycanın
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda canlarından
keçmiş qəhrəmanlarımızın
xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl"
kompleksinə əklil
qoyublar.
Konfrans öz işinə Azərbaycanın
Dövlət himninin səslənməsi və
Azərbaycanın ərazi
bütövlüyü uğrunda
canından keçmiş
şəhidlərimizin əziz
xatirəsinin birdəqiqəlik
sükutla yad olunması ilə başlayıb.
Tədbirdə aidiyyəti
dövlət qurumlarının
rəhbər şəxsləri,
sahibkarların ictimai birliklərinin nümayəndələri,
eləcə də müxtəlif sahələrdə
fəaliyyət göstərən
iş adamları iştirak ediblər.
Konfransda iqtisadiyyat
naziri Mikayıl Cabbarov (video müraciət), əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev,
iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının prezidenti
Məmməd Musayev,
"Hünər Qrup"
şirkətinin təsisçisi
və baş direktoru Ehtiram Quliyev çıxış
ediblər. Çıxışlarda
ölkəmizdə bazar
münasibətləri prinsipləri
əsasında iqtisadiyyatın,
o cümlədən özəl
sektorun formalaşması
və inkişafında
Ulu Öndərin rolu, bu siyasətin
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, özəl sektorun inkişafı, sahibkarların sosial rifah və məşğulluqda
rolu, kiçik və orta biznesin
inkişafının prioritetliyi,
dövlət-özəl dialoqunun
əhəmiyyəti barədə
məlumat verilib.
Tədbirdə sahibkarlığın
inkişafına və
ASK-nın 25 illiyinə
dair filmlər nümayiş olunub, dövlət-özəl dialoqunun
inkişafına verdiyi
töhfələrə görə
bir qrup sahibkar mükafatlandırılıb.
Konfransın sonunda
Prezident İlham Əliyevə konfrans iştirakçıları adından
müraciət qəbul
olunub.
Tədbir bədii
hissə ilə başa çatıb.
Azərbaycan.-
2024.- 26 aprel, № 84.- S.12.