Ulu
öndər Heydər Əliyev
Azərbaycan-Çin münasibətlərinin parlaq gələcəyinə
çox inanırdı
Prezident
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə
Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da
Çin Xalq Respublikasının Xarici ölkələrlə
dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri
Yan Vanmini qəbul edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı Azərbaycan-Çin
siyasi əlaqələrinin yüksək səviyyədə
olduğunu vurğulayaraq ikitərəfli münasibətlərdə
son vaxtlar böyük canlanmanın baş verdiyini qeyd etdi. Nəqliyyat sahəsində
çox fəal birgə işlərin aparıldığını deyən
Prezident İlham Əliyev bu baxımdan Transxəzər
nəqliyyat dəhlizinin
Orta Dəhlizin bir hissəsi olduğunu vurğuladı.
Dövlətimizin başçısı
sərmayə qoyuluşu
nöqteyi-nəzərindən yaxşı irəliləyişin
olduğunu dedi. Belə ki, Çin
şirkətləri Azərbaycana
daha böyük həcmdə sərmayə
qoyur. Dövlətimizin
başçısı, eyni
zamanda, COP29-un ölkəmizdə
keçirilməsi ilə
əlaqədar Azərbaycan-Çin
məsləhətləşmələrinin
aparıldığını vurğuladı. Prezident İlham Əliyev humanitar sahədə də gündəliyin kifayət qədər geniş olduğunu bildirdi, Yan Vanminin
ölkəmizə səfərinin
əməkdaşlığımızın
genişlənməsinə töhfə verəcəyinə
əminliyini ifadə etdi.
Qəbula görə
minnətdarlığını bildirən qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri
Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş
etdi.
Yan Vanmin Ulu Öndər Heydər Əliyevin və bu gün
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
böyük inkişaf
yolu keçdiyini, ölkədə siyasi sabitliyin bərqərar olunduğunu, iqtisadi yüksəlişin əldə
edildiyini, əhalinin rifah halının yüksəldiyini və respublikamızın beynəlxalq
aləmdə layiqli yerini tutduğunu vurğuladı. O qeyd etdi ki, bütün
bunlar Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində
mümkün olub.
Prezident seçkilərində
qalib gəlməsi münasibətilə bundan
əvvəl təbrik
məktubu göndərdiyini
məmnunluqla xatırlayan
qonaq İlham Əliyevin yenidən prezident seçilməsini
Azərbaycan xalqının
ona olan etimadının nəticəsi
və gələcəyə
inamının təzahürü
kimi dəyərləndirdi.
Diplomatik münasibətlərimizin
qurulmasından ötən
dövr ərzində
əlaqələrimizin sabit
şəkildə inkişaf
etdiyini deyən Yan Vanmin ikitərəfli
münasibətlərimizin möhkəmlənməsində
dövlətimizin başçısının
Çinə səfərlərinin,
Si Cinpinlə görüşlərinin və
iki ölkə rəhbəri arasında çox gözəl şəxsi münasibətlərin
rolunu xüsusi qeyd etdi.
Azərbaycanın Çin
üçün çox
vacib tərəfdaş
olduğunu vurğulayan
qonaq ölkəmizlə
əməkdaşlığa böyük önəm verdiklərini bildirdi. Qeyd etdi ki,
Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü
ilk dəstəkləyən
ölkələrdən biri
olub və bu baxımdan o, Transxəzər dəhlizinin
bu təşəbbüsün
reallaşmasına, ümumilikdə
Azərbaycanın bütün
nəqliyyat qovşağının
inkişafına töhfə
verəcəyinə əminliyini
bildirdi.
Yan Vanmin
ölkəsinin Azərbaycanın suverenliyinə, müstəqilliyinə
və ərazi bütövlüyünə göstərilən
hörməti hər zaman dəstəkləyəcəyini
vurğuladı, ölkələrimiz arasında
qarşılıqlı etimadın daimi olacağına əminliyini
bildirdi.
COP29-un təşkilində də Çinin Azərbaycana dəstəyini
qeyd edən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirin uğur qazanacağına inamını ifadə etdi.
Ulu Öndərin
ölkələrimiz arasında
münasibətlərin inkişafında
roluna bir daha toxunan qonaq
dedi: “Biz Çin-Azərbaycan münasibətləri
haqqında danışarkən
Sizin atanız Heydər Əliyevin töhfələrini unuda bilmərik. Çin xalqı çox yaxşı xatırlayır:
Heydər Əliyev Prezident seçildikdən
çox qısa müddət sonra -
1994-cü ildə Çinə
səfər etdi və Çinin ovaxtkı rəhbərliyi
ilə birlikdə xalqlarımız arasında
əlaqələrin möhkəm
təməlini qoydu. Heydər Əliyev o zaman xüsusilə Çin kəndinə gedərək sadə insanlarla görüşdü.
Bu, Çin xalqının yaddaşında
əbədi qalacaq. Siz bu gün
atanızın siyasətini
davam etdirərək Çinə altı dəfə səfər etmisiniz. Çin xalqı Sizə böyük hörmətlə
yanaşır”.
Qonaq Heydər Əliyev Fondu ilə uğurlu əməkdaşlıq həyata
keçirdiklərini vurğulayaraq
2023-cü ildə Pekin
şəhərində Ulu
Öndərin 100 illik
yubileyinin böyük
təntənə ilə
qeyd edildiyini xatırladı. Azərbaycana
Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Fondun
Çinin olduqca inandığı və sıx əməkdaşlıq
etdiyi bir qurum olduğunu vurğuladı. O, ötən
illər ərzində
Heydər Əliyev Fondu ilə bir çox birgə layihələr, xüsusilə gənclər
arasında əlaqələrin
genişləndirilməsi sahəsində
layihələr həyata
keçirdiklərini bildirdi.
Yan Vanmin Fondla əməkdaşlığın
daha da möhkəmlənəcəyinə
və əlaqə dairəsinin genişlənəcəyinə
əminliyini ifadə etdi. O, eyni zamanda,
humanitar, turizm, gənclər sahələrinin,
həmçinin regionlararası
əməkdaşlığın inkişafı işinə
də töhfə verməyə hazır olduqlarını bildirdi.
Qonaq Şanxay Əməkdaşlıq Təşkilatında
əlaqələrə toxunaraq
Azərbaycanın bu təşkilatda dialoq tərəfdaşı olmasının
önəmini qeyd etdi.
Xoş sözlərə
görə minnətdarlığını
bildirən dövlətimizin
başçısı Çin
Xalq Respublikasının
Sədri ilə dəfələrlə keçirdikləri
görüşlərin ikitərəfli
münasibətlərin inkişafına
güclü təkan verdiyini vurğuladı. Si Cinpinlə son dəfə keçirdiyi görüşü
də məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüş zamanı bir çox önəmli məsələlərin müzakirə
edildiyini və əməkdaşlığın perspektivlərinin təsdiq
olunduğunu bildirdi.
Dövlətimizin başçısı
vurğuladı ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin
inkişafına, parlaq
gələcəyinə çox
inanırdı və buna nail olmaq
üçün böyük
səylər göstərirdi.
Azərbaycan Prezidenti qeyd etdi ki,
1994-cü ildə Ümummilli
Liderin Çinə ilk rəsmi səfəri əlaqələrimizin
təməlini qoyub. Öz növbəsində
Ulu Öndərin siyasətini bütün sahələrdə davam etdirən bir şəxs kimi Azərbaycan-Çin əlaqələrinin
inkişafına xüsusi
diqqət yetirdiyini deyən dövlətimizin
başçısı vurğuladı
ki, birgə səylər nəticəsində
müəyyən olunmuş
möhkəm əməkdaşlıq
çərçivəsində siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimiz
bundan sonra da uğurla inkişaf edəcək.
Prezident İlham
Əliyev Yan Vanminin rəhbərlik etdiyi assosiasiya ilə Heydər Əliyev Fondu arasında həyata keçirilən sıx əməkdaşlığın əlaqələrimizin inkişafına
böyük töhfə
verdiyini bildirdi.
Dövlətimizin başçısı
qeyd etdi ki, Si Cinpinin
təşəbbüsü olan “Bir kəmər,
bir yol” layihəsi ölkəmiz tərəfindən tam dəstəklənir və
biz Azərbaycan ərazisində bütün
nəqliyyat infrastrukturunu
yaradaraq qonşu ölkələrlə də
təmaslar əsnasında
bu layihənin həyata keçirilməsi
istiqamətində səylərimizi
əsirgəmirik.
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.1.