Ölkəmiz
bir-birindən uzaq olsa da...
Prezident
İlham Əliyev Malayziyanın Parlament Senatının
prezidentini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da
Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq
Taqalı qəbul edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı ölkələrimiz
arasında ikitərəfli münasibətlərin müsbət
istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə
də əlaqələrimizin fəallaşacağına
ümidvar olduğunu vurğuladı.
Prezident
İlham Əliyev Malayziyanın beynəlxalq aləmdə Azərbaycana
göstərdiyi dəstəyə toxunaraq həm
torpaqlarımızın işğalı zamanı, həm də
tarixi nailiyyətimiz olan ərazilərimizin işğaldan azad
olunmasından, suverenliyimizin və ərazi
bütövlüyümüzün bərpasından sonra
Malayziyanın ölkəmizə daim dəstək göstərməsini
yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti
torpaqlarımızın ermənilər tərəfindən
işğalı dövründə həmin ərazilərimizdə
məhv edilmiş dini-tarixi abidələrimiz barədə məlumat
verdi.
Datuk Mutanq
Taqalın ölkəmizə səfərinin münasibətlərimizin
genişlənməsi, o cümlədən parlamentlərarası
əməkdaşlığın inkişafı
baxımından önəmini qeyd edən dövlətimizin
başçısı bu səfərin əlaqələrimizin
perspektivlərinin müzakirəsi üçün
yaxşı imkan yaratdığını bildirdi.
Datuk Mutanq
Taqal, ilk növbədə, Malayziyanın Kralı Əlahəzrət
Sultan İbrahimin salamlarını və yenidən prezident
seçilməsi münasibətilə bir daha təbriklərini
dövlətimizin başçısına
çatdırdı.
Prezident
İlham Əliyev salamlara və təbriklərə görə
minnətdarlığını bildirdi, onun da
salamlarını Malayziyanın Kralına
çatdırmağı xahiş etdi.
Görüşdə
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi
dövründə ölkələrimizin bu hərəkatın
gücləndirilməsi istiqamətində fəal birgə əməkdaşlıq
həyata keçirdikləri, eyni zamanda, İslam Əməkdaşlıq
Təşkilatında da Azərbaycan ilə Malayziyanın
yaxından qarşılıqlı fəaliyyət göstərdikləri
məmnunluqla qeyd olundu.
Ölkələrimizin
bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan
ilə Malayziya arasında mövcud olan güclü siyasi əlaqələrin
investisiya, ticarət sahələrində və biznes dairələri
arasında əməkdaşlığın fəallaşması
üçün yaxşı imkan yaratdığı
bildirildi.
Görüşdə
COP29 çərçivəsində əməkdaşlıq
məsələləri müzakirə olundu.
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.1.