Antoni
Blinken İlham Əliyevə zəng
edib
Aprelin 28-də
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng
edib.
Antoni Blinken
ilk növbədə Ermənistan ilə Azərbaycan
arasında sərhədlərin delimitasiyası sahəsində
əldə olunmuş razılaşma ilə bağlı təbriklərini
çatdırıb, bunun ABŞ tərəfindən təqdir
edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-ın Ermənistan
ilə Azərbaycan arasında münasibətlərin
normallaşdırılması və sülh gündəliyinin
irəli aparılması üçün bundan sonra da dəstək
göstərməyə hazır olduğunu bildirib.
Dövlətimizin
başçısı iki ölkənin delimitasıya
komissiyası tərəfindən əldə olunmuş
razılaşmanın ikitərəfli əsasda
aparılmış dialoq və qarşılıqlı
anlaşma şəraitində keçirilmiş müzakirələrin
nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev
delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində
artıq demarkasiya işlərinin başlanmasının da
müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin
başçısı sülh müqaviləsi üzrə
danışıqların davam etdirilməsi üçün
Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq
tezliklə Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin Almatıda görüşəcəklərini
bildirib. Sülh müqaviləsinin və onun əsasını
təşkil edən 5 prinsipin təşəbbüskarının
Azərbaycan Respublikası olduğunu xatırladan Prezident
İlham Əliyev ölkəmizin sülh gündəliyinin
bundan sonra da davam etdirilməsi üçün səylərini
əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın
bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd
edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan
regionda hər hansı ayırıcı xətlər olmadan
inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq
modelinin qurulmasını dəstəkləyir.
Dövlət
katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli
əlaqələrin gücləndirilməsi üçün
ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat,
COP29 sahələrində əməkdaşlıq məsələlərini
qeyd edib. Dövlətimizin başçısı da öz
növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli
əlaqələri inkişaf etdirməkdə maraqlı
olduğunu vurğulayıb.
Telefon
söhbəti zamanı COP29 çərçivəsində
Azərbaycan və ABŞ nümayəndə heyətləri
arasında əməkdaşlıqdan məmnunluq ifadə
olunub.
Antoni Blinken
son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı
atılmış addımları müsbət qiymətləndirərək,
bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə
edib.
Prezident
İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində
öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə
demokratik islahatların davam etdirildiyini diqqətə
çatdırıb.
Azərbaycan.-
2024.- 30 aprel, № 87.- S.1.