Heydər
Əliyev Fondu və Xarici ölkələrlə dostluq
üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq
müzakirə olunub
Azərbaycanda
səfərdə olan Çinin Xarici ölkələrlə
dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri
Yan Vanminlə Azərbaycan Prezidentinin köməkçisi,
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla
görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə iki qurum arasındakı əməkdaşlıq,
eyni zamanda bu əməkdaşlığın dövlətlərarası
və xalqlararası əlaqələrin inkişafına verəcəyi
töhfə müzakirə edilib.
Anar Ələkbərov
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
ötən illərdə Xarici ölkələrlə dostluq
üzrə Çin Xalq Assosiasiyasının rəhbərliyi
ilə görüşlərini xatırladıb, iki qurum
arasında imzalanan Azərbaycan-Çin dostluğunun və əməkdaşlığının
genişlənməsinə dair Memorandumu, həyata keçirilən
layihələri qeyd edib.
Xarici ölkələrlə
dostluq üzrə Çin Xalq Assosiasiyasının Heydər
Əliyev Fondunun strateji tərəfdaşı olduğu, bu il
hər iki qurumun yubileyinin - Heydər Əliyev Fondunun
yaradılmasının 20, Xarici ölkələrlə dostluq
üzrə Çin Xalq Assosiasiyasının 70 illiyinin qeyd
edilməsinin rəmzi məna daşıdığı
bildirilib.
Ölkəmizə
Heydər Əliyev Fondunun dəvəti ilə səfər
etdiyini deyən Yan Vanmin Azərbaycan Prezidentinin Çinlə əlaqələrə
xüsusi önəm verdiyini, budəfəki görüşlərin
və müzakirələrin Azərbaycanla Çin arasında
əməkdaşlığın genişlənməsinə əlavə
təkan olacağını qeyd edib.
Görüşdə
Heydər Əliyev Fondunun 20 illiyi ilə əlaqədar Xarici
ölkələrlə dostluq üzrə Çin Xalq
Assosiasiyası tərəfindən Fondun prezidenti Mehriban
Əliyevaya ünvanlanan təbrik məktubu təqdim olunub.
Həmçinin
Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə
dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlığın
əhatəsinin genişlənməsinə yönələn
sahələr nəzərdən keçirilib. Dövlət səviyyəsində
möhkəm təmələ
söykənən əlaqələrlə
yanaşı, iki xalq arasında əlaqələrin, xalq diplomatiyasının da genişlənməsinin vacibliyi
vurğulanıb. Qonaq
bu istiqamətdə Heydər Əliyev Fondunun böyük rol oynayacağını bildirib. Azərbaycan və Çində mədəniyyət günlərinin
təşkili, mədəniyyət
sahəsində müxtəlif
tədbirlərin keçirilməsi,
gənclərin, eyni zamanda, yeni media
nümayəndələrinin qarşılıqlı səfərləri,
şəhərlərarası əməkdaşlıqların artırılması təklif
olunub.
Ölkəmizin bu
il COP29-a ev sahibliyi müzakirə edilən məsələlərdən
biri olub. Bildirilib ki, Çin Xalq Respublikası, o cümlədən
Xarici ölkələrlə
dostluq üzrə Çin Xalq Assosiasiyası COP29 çərçivəsində
lazımi dəstək
göstərməyə və
əməkdaşlığa hazırdır.
Heydər Əliyev
Fondunun nümayəndə
heyəti Xarici ölkələrlə dostluq
üzrə Çin Xalq Assosiasiyasının
70 illiyi ilə əlaqədar tədbirlərdə
iştirak üçün
Çinə dəvət
olunub.
Görüşdən sonra qonaqlar Heydər Əliyev Mərkəzindəki ekspozisiyalar
– “Azərbaycan xalçası-ilmələrin
rəqsi”, “Mini Azərbaycan”,
“Musiqi alətləri:
birlik və müxtəliflik”, “Klassik avtomobillər” sərgiləri
ilə tanış olublar.
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.5.