Mir
Cəlal adına IV Hekayə Müsabiqəsinin
qalibləri mükafatlandırılıb
Onu əbəs
yerə böyük hekayə ustası hesab etmirlər. “Radio qabağında”, “Vətən
oğlu”, “Baldan əvvəl”, “Gülbəsləyən
qız”, “Titrək bir səs” “Badam ağacları”, “Muştuluq” və digər yaddaqalan hekayələrin müəllifi
olan görkəmli yazıçı Mir Cəlal Paşayev həyatı boyu 300-ə yaxın hekayə qələmə alıb. Həmin əsərlərdə
o, lirik-romantik, lirik-psixoloji,
lirik-dramaturji hekayələrin
ən gözəl nümunələrini yaradıb.
Ənənəvi olaraq
“Ədibin Evi” hekayə janrının inkişafına töhfə
vermək məqsədilə
Mir Cəlal adına hekayə müsabiqəsi təşkil
edir. Növbəti tədbir də müsabiqə qaliblərinə
həsr olunmuşdu.
AZƏRTAC xəbər verir ki, aprelin
29-da “Ədibin Evi”ndə Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin
qalibləri mükafatlandırılıb.
Tədbirdə çıxış
edən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva
Mir Cəlalın bənzərsiz yaradıcılığından,
xüsusilə onun Azərbaycan ədəbiyyatında
hekayə janrının
inkişafına verdiyi
töhfələrdən söhbət
açıb. Qeyd edib ki, Mir
Cəlal XX əsrin əvvəllərində Cəlil
Məmmədquluzadə və
Əbdürrəhim bəy
Haqverdiyevin başladığı
hekayəçilik ənənələrinin
ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında
“kiçik hekayənin
böyük ustası”
adını qazanıb.
Ş.Mehrəliyeva qeyd
edib ki, dördüncü müsabiqə
barədə “Ədibin
Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən ötən
il noyabrın 1-də elan verilib və
hekayələrin qəbulu
bu il martın
1-dək davam edib. Müsabiqə həm peşəkar, həm də həvəskar yazarlar üçün açıq olub. Hekayə mövzusu sərbəst idi: “Görkəmli Azərbaycan
yazıçısı, ədəbiyyatşünas
və pedaqoqu Mir Cəlalın doğum günü ərəfəsində müsabiqəyə
ənənəvi olaraq
yekun vurulur. Builki müsabiqədə
230 müəllifin 261 hekayəsi
nəzərdən keçirilib.
Ümumilikdə isə
2017-ci ildə təsis
edilən Mir Cəlal adına hekayə müsabiqəsinə
bu günə qədər 1500-ə yaxın
hekayə təqdim olunub. Ədəbiyyatda hekayə janrına son zamanlar artan
marağı nəzərə
alaraq, iki ildən bir keçirilən müsabiqə
2023-cü ildən başlayaraq
hər il təşkil edilir”.
Qeyd olunub ki, Xalq yazıçısı
Elçinin sədrliyi
ilə görkəmli
yazıçı, ədəbiyyatşünas,
ədəbi tənqidçilərdən
ibarət münsiflər
heyəti müsabiqəyə
təqdim edilən hekayələri mərhələli
şəkildə qiymətləndirdikdən
sonra qaliblərlə bağlı yekdil qərar verilib.
Tədbirdə çıxış
edən müsabiqənin
münsiflər heyətinin
üzvi, şair-yazıçı
Aqşin Yenisey Mir Cəlal adına hekayə müsabiqəsinin keçirilməsini
Azərbaycan yazılı
dilinin yaşadılması,
hekayə janrının
inkişafı, gənc
istedadlı nasirlərin
üzə çıxarılması,
tanıdılması baxımından
yüksək qiymətləndirib.
Tədbirdə müsabiqənin
münsiflər heyətinin
üzvü olmuş, mərhum alim, professor Şirindil Alışanlının da
xatirəsi anılıb
və şair Fərid Hüseyn onun bir alim
kimi elmi axtarışlarının Azərbaycan
ədəbiyyatşünaslığının
inkişafına verdiyi
töhfələrdən danışıb.
Fərid Hüseyn
özünün hazırladığı
və Şirindil Alışanlının “Ön
söz” yazdığı
Mir Cəlalın böyük şairimiz Nizamiyə həsr etdiyi elmi əsərlərinin
toplusu olan “Nizami Gəncəvi dünyası” kitabının
ilk nüsxəsini iştirakçılara təqdim
edib.
Sonra qaliblər
mükafatlandırılıb.
Müsabiqədə Asim Arazlı “Kələntər dayı”,
Aliq Məmmədov “Naqafil alver” və Aysel Şıxlı
“Sonsuzadək gülümsəyən
uşaq” adlı hekayələrinə gərə
3-cü yerə layiq görülüblər. “Yanğınların
dili olsa” hekayəsinin müəllifi
Nuranə Abbasova və “Heyvagülü” adlı hekayəsinə görə Yaşar Əhmədov müsabiqədə
ikinci yeri tutublar. Münsiflərin yekdil rəyi ilə Mir Cəlal
adına hekayə müsabiqəsində birinci
yerə Leyla Əliyevanın “İşıq”
hekayəsi layiq görülüb.
Mükafat fondu I yer
üçün 3000 manat, II yer üçün 2000
manat, III yer üçün
1000 manat nəzərdə tutulub.
Qalibləri təbrik
edən ADA Universitetinin
rektoru, professor Hafiz Paşayev bildirib ki, bu müsabiqə yeni-yeni nasirlərin
tanınmasına və
onların öz qələmlərini hekayə
janrında sınamasına
təkan verib. Müsabiqənin Azərbaycan
ədəbiyyatının inkişafına
xidmət etdiyini söyləyən Hafiz Paşayev ədalətli seçimə
görə münsiflərə
təşəkkürünü bildirib.
Sonda Milli Aviasiya Akademiyasının
tələbəsi Nazim Əzimlinin
pianoda səsləndirdiyi
ifalar alqışlarla
qarşılanıb.
Azərbaycan.-2024.-
30 aprel, ¹ 87.- S.5.