AP-nin riyakarlıqdan
mayalanan qətnaməsi
məkrli məqsədlərdən
xəbər verir
"Avropa Parlamenti
aprelin 25-də yenə
özünün anti-Azərbaycan
mövqeyinə sadiqliyini
nümayiş etdirdi və obyektivlikdən uzaq, yalan-böhtan xarakterli qətnamə qəbul etdi. 2021-ci ildən sonra Azərbaycana qarşı qəbul edilən 8-ci qətnamənin ruhu da riyakarlıqdan mayalanıb, rüşvət
qoxuludur və məkrli məqsədlərdən
xəbər verir".
Məsələ ilə
bağlı "Azərbaycan"
qəzetinə açıqlamasında
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib
ki, bu, ölkəmiz
əleyhinə yönəldilən
təxribat, uğurlarımızın
gözdən salınmasına
cəhd və əslində, ləyaqətsizlikdir.
Ləyaqəti olan, insan haqlarına önəm verən, beynəlxalq normalara əsaslanan, bəşəriyyətin
gələcəyi, dövlətlərin
suverenliyi barədə
düşünən heç
bir deputat belə qərəzli qətnamələrə imza
atmaz, pula satılmaz, kələyə
uymaz. Görünür,
Avropa Parlamentinin bir çox deputatları vicdan, haqq-ədalət məsələsində
kasaddırlar, onları
insanların taleyi, ölkələrin inkişafı,
sülh, əməkdaşlıq,
təhlükəsizlik deyil,
cibləri daha çox düşündürür.
Komitə sədrinin
sözlərinə görə,
30 il işğal altında qalan Azərbaycan torpaqları, xarabazarlığa çevrilən
şəhər və
kəndlərimizi, milyondan
çox vətəndaşımızın
uzun illər çəkdiyi əzab-əziyyətləri,
xalqımızın başına
gətirilən soyqırımları
görməzdən gələn
və erməni təcavüzkarları haqqında
danışmağı unudan
həmin deputatların
bu gün vətəndaş cəmiyyəti
və insan hüquqları məsələsində
Azərbaycanı günahlandırmaları
riyakarlığın və
siyasi alverçiliyin nümunəsidir. Belə qətnamələr əsasən
Azərbaycan və Ermənistan arasında müəyyən yaxınlaşmalar
yarandığı halda
qəbul edilir və anti-Azərbaycan təbliğatı genişləndirilir.
Bu gün sərhədlərimizin delimitasiyası
istiqamətində ümidverici
addımların atıldığı
bir dövrdə belə bir qətnamənin
qəbul edilməsi, əlbəttə ki, xoşməramlı deyil, çirkin məqsədlərə
- münasibətlərin korlanmasına
yönəldilib.
Komitə sədri
deyib ki, AP Cənubi Qafqazda əmin-amanlığın, təhlükəsizliyin
təmin edilməsinin,
iki xalqın xoşbəxt həyatının
tərəfdarı deyil
və hadisələrin
gedişi bunu bir daha təsdiq
edir: "Qətnaməyə
Milli Məclisin münasibətində də
bu özünü aydın göstərir və bildirilir ki, Avropa Parlamentində
təmsil olunan bir sıra deputatların
Avropa seçicilərinin
deyil, lobbi qruplarının maraqlarını
təmsil etməsi onların irqçi və şovinist mövqeyindən xəbər
verir. Qətnamənin
müəllifləri çirkin
siyasi məqsədlərinə
nail olmaq üçün hətta Avropa İttifaqının
Azərbaycanla əməkdaşlığını
pozmağa, ümumiyyətlə,
onun Cənubi Qafqaz siyasətini təhlükə altına
atmağa belə razıdırlar. Azərbaycanda
insan hüquqlarının
və azadlıqlarının
qorunması, sərbəst
toplaşmaq, ifadə,
söz və mətbuat azadlıqlarının
təmin edilməsi sahəsində görülən
işlər, ölkəmizdə
təşkil olunan beynəlxalqsəviyyəli tədbirlərdə
bir çox beynəlxalq təşkilatlar,
nüfuzlu siyasətçilər,
mütəxəssislər, dövlət xadimləri tərəfindən yüksək
qiymətləndirildiyi halda,
bəzi lobbiçilik
bəlasına tutulan avropalı deputatlar, erməni pulları ilə həvəsləndirilən
siyasətçilərin fikirləri gülüş
doğurur".
Tahir Rzayev vurğulayıb ki, AP-nin qəbul etdiyi bədnam qətnamə ABŞ Dövlət
Departamentinin insan haqlarının vəziyyətinə
dair illik hesabatında əks olunan fikirlərlə, faktlarla tamamilə üst-üstə düşür.
Bu hesabatda da ölkəmizdəki insan haqları ilə vəziyyət subyektiv mülahizələrlə,
yanlış faktlarla təhrif olunur. Müxtəlif QHT-lərin
böhtan xarakterli məlumatlarına, ermənipərəst
siyasətçilərin fikrinə
əsaslanan hesabat ilk növbədə bizim deyil, Dövlət
Departamentinin nüfuzuna
ciddi xələl gətirir, onun lobbiçilik fəaliyyətini
sübut edir və yaydığı hesabatların dəyərini
heçə endirir. Buna görə də ABŞ-nin hər il
hazırladığı "insan haqları"na dair hesabatı dünyada artıq ciddi qəbul olunmur.
T.Rzayev bildirib ki, Qərbin bəzi dairələri, siyasətçiləri qondarma
rejimin "dövlət
naziri", torpaqlarımızın
milli sərvətlərini
qanunsuz talan edən, terrorçu Ruben Vardanyanı "qəhrəman" obrazında
təbliğ etməklə,
onun müdafiəsinə
qalxmaqla hansı insan haqlarını əldə rəhbər tuturlar? Cinayətkar, fırıldaqçı, qatil
Vardanyanın sülh fədaisi kimi təqdim edilməsi və Nobel Sülh Mükafatına namizədliyinin
irəli sürülməsi
təşəbbüsü də Qərbdən və Avropadan gəlib. Halbuki 2022-ci ildə ABŞ Konqresinin 46
üzvü Ruben Vardanyana qarşı şəxsi sanksiyaların
tətbiqinə çağırış
edib və hələ 2019-cu ildə
AP-nin 22 üzvü ona qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə
çıxış edib.
Vardanyan Qarabağda olanda da bu
cür kampaniyalar təşkil olunub və maliyyə fırıldaqçısı erməni
cəfakeşi, qəhrəman
kimi təqdim olunmuşdu. Müharibəni
qızışdırmaq, Azərbaycana
təsir etmək, Paşinyanı hakimiyyətdən
uzaqlaşdırmaq, daha
üzüyola, satqın
şəxsi hakimiyyətə
gətirmək məqsədi
ilə oynanılan bu oyunlar Vardanyanın
iç üzü açılandan sonra səngimişdi və o, tutduğu "dövlət
naziri" vəzifəsindən
uzaqlaşdırılmışdı. Deputat qeyd edib
ki, bu gün
AP, Aİ Qərbin və
Fransanın təsir dairəsindədir. "Brüsseldə
keçirilmiş üçtərəfli
görüş bir daha göstərdi ki, Avropa İttifaqı
və Amerika Ermənistana maddi yardım ayırmaqla onun silahlandırılmasında
maraqlıdır və
Cənubi Qafqazda sülhün bərqərar
edilməsinin qarşısının
alınmasına nail olmaq üçün hər cür vasitəyə əl atmağa hazırdırlar.
Bu məqsədlə də Avropa Parlamentinin rolundan, Dövlət Departamentindən,
televiziya vasitələrindən,
ayrı-ayrı satılmış
deputatların rolundan geniş istifadə edilir. Tarix boyu
onlarla ölkələri
öz müstəmləkəsinə
çevirən, milyonlarla
dinc insanın qətlinə fərman verən, on minlərlə şəhərləri,
kəndləri viran qoyan və bu
gün də bu təcavüzü, qətlləri həyata keçirən Qərbin, Fransanın demokratiya, insan haqları çağırışlarına, saxta vədlərinə əksər dövlətlər
inanmırlar və inanmayacaqlar. Azərbaycan da bu dövlətlər
sırasındadır. Ermənistana
edilən müraciətlərin,
sülh təkliflərinin
heç bir səmərəsi olmadı.
Beynəlxalq aləm və bu gün
Azərbaycanı insan
haqlarının pozulmasında
günahlandıranlar xalqımızın
başına gətirilən
bəlalara heç bir əhəmiyyət vermədikdə cənab İlham Əliyev öz iradəsini ortaya qoyaraq döyüş əmri verdi və xalqımıza
tarixi qələbə
qazandırdı".
Komitə sədri
vurğulayıb ki, indi bu qələbəni
həzm etməyənlər
çoxdur və buna görə də ölkəmizə qarşı məkrli planlar hazırlanır və həyata keçirilməsinə cəhdlər
göstərilir. Ancaq
bütün cəhdlər
əbəsdir, çünki
dostumuzla düşmənimiz
artıq məlumdur. Saxta qətnamələr, bəyanatlar, çıxışlar,
hesabatlar dövlət
başçısını, xalqımızı tutduğu
haqq-ədalət yolundan
döndərə bilməz.
Bu yol bəşəriyyətin
azadlıq, xalqların
xoşbəxtlik, dövlətlərin
istiqlaliyyət və suverenlik yoludur. Haqq-ədalət isə həmişə qalibdir və Prezident İlham Əliyev, şanlı ordumuz, qəhrəman xalqımız
bunu öz fədakarlığı, iradəsi
ilə bütün dünyaya sübut edib.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.8.