Ölkəmizin
sülhə mühüm
xidmətləri
Tarixi ədalət
yerini tutur. Azərbaycan xalqı zəfər illərini yaşayır. 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində
Qarabağ və Şərqi Zəngəzur
ərazilərini işğalçılardan
azad edən Azərbaycan Ordusu
2023-cü ilin sentyabrında
lokal xarakterli antiterror əməliyyatı
ilə Xankəndi, Xocalı və ətraf ərazilərdə
təxribatlar törədən
Ermənistan silahlı
qüvvələrinin tör-töküntülərini
və separatçıları
məhv edərək ölkəmizin suverenliyini
tam bərpa etdi.
Bu ilin aprelində
ümumixalq sevincinə səbəb olan daha bir tarixi hadisə
baş verdi. 1990-cı illərin əvvəllərindən bəri
Ermənistanın işğalı altında qalmış
Qazax rayonunun dörd kəndinin - Bağanıs-Ayrım,
Aşağı Əskipara, Xeyrimli və
Qızılhacılının geri qaytarılması barədə
razılığa gəlindi. Hazırda Azərbaycanla Ermənistan
arasında sərhədlərin delimitasiyası və
demarkasiyası prosesi ilə bağlı danışıqlar
gedir.
Azərbaycanın
suverenliyi bütün ölkə ərazisində bərpa
olunduqdan sonra bölgədə Rusiya sülhməramlı
kontingentinin fəaliyyətinə də ehtiyac qalmadı. Azərbaycan
Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin
10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycan
Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti
yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı
kontingentinin iki ölkənin ali rəhbərliyi arasında əldə
olunan razılığa əsasən fəaliyyətini
vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən
tam çıxarılması prosesinə
başlanılması müasir tariximizin daha bir unudulmaz səhifəsi
oldu.
Türkiyə
Respublikası və Rusiya Federasiyası arasında
imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən
yaradılmış Birgə Monitorinq Mərkəzinin də fəaliyyətinin
dayanıdırılmasına qərar verildi. Aprelin 18-də
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə
Monitorinq Mərkəzinin fəaliyyətinin
dayandırılacağı barədə Türkiyə Milli
Müdafiə Nazirliyi məlumat yaydı. Türkiyə
Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan
Memorandumla Qarabağ bölgəsində atəşkəs
rejiminə nəzarət etmək və qanun
pozuntularının qarşısının alınması məqsədi
ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam
şəhərində yaradılmış Türkiyə-Rusiya
Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq
üçün prosesin Rusiya Federasiyası və Azərbaycan
ilə koordinasiyalı şəkildə davam etdirildiyi
bildirildi.
Ağdam rayonu ərazisində
yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi aprelin
26-da keçirildi. Mərasimdə Azərbaycan Ordusunun,
Türkiyə və Rusiya Silahlı Qüvvələrinin rəhbər
heyəti, həmçinin hər iki ölkənin
respublikamızdakı səfirləri, hərbi qulluqçular
və media nümayəndələri iştirak etdilər. Mərasimdə
çıxış edən Azərbaycan Ordusunun Baş Qərargah
rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə-Rusiya
Birgə Monitorinq Mərkəzinin öz vəzifə və
tapşırıqlarının öhdəsindən layiqincə
gəldiyini diqqətə çatdırdı.
Azərbaycan
Ordusunun Baş Qərargah rəisi 2020-ci il sentyabrın 27-də
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin
növbəti təxribatının qarşısını
alaraq əks-həmlə əməliyyatı keçirdiyini
xatırlatdı: "Azərbaycan Respublikasının
Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan
Respublikasının baş nazirinin imzaladığı 10
noyabr 2020-ci il tarixli Bəyanata əsasən, atəşkəs
rejiminə nail olundu və 30 ilə yaxın davam edən
münaqişəyə son qoyuldu. Türkiyə Respublikası
və Rusiya Federasiyası arasında 2020-ci il noyabrın 11-də
imzalanmış Memoranduma əsasən yaradılmış
Birgə Monitorinq Mərkəzi üç ildən artıq
müddət ərzində sülhün təmin olunmasına
öz töhfəsini verdi. Birgə fəaliyyət nəticəsində
Mərkəz öz vəzifə və
tapşırıqlarının öhdəsindən layiqincə
gəldi".
Birgə Monitorinq
Mərkəzinin Qarabağ iqtisadi rayonu ərazisində
sülhün və sabitliyin təmin olunması
üçün səylərini əsirgəmədiyini
vurğulayan general-polkovnik Kərim Vəliyev qeyd etdi ki, Azərbaycanın
Qarabağ iqtisadi rayonu üzərində tam nəzarətinin
bərqərar olunması məqsədilə ötən il
sentyabrda keçirilmiş lokal xarakterli antiterror tədbirləri
nəticəsində Ermənistan silahlı qüvvələrinin
qalıqları və qanunsuz erməni silahlı birləşmələri
ölkə ərazisindən tamamilə
çıxarıldı: "Bu səbəbdən Birgə
Monitorinq Mərkəzinin tapşırıqları başa
çatmış hesab edilir. Azərbaycan Respublikasının
Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş
Rusiya Federasiyasının sülhməramlı kontingentinin də
ölkə ərazisindən tam çıxarılması
prosesinə başlanılıb".
Baş verənlər
yalnız Azərbaycanın deyil, ümumilikdə Cənubi
Qafqazın tarixində əlamətdar hadisələrdir.
Ölkəmizin sülh yolunda atdığı qətiyyətli
addımlar təqdir olunur. Aprelin 28-də dövlətimizin
başçısı İlham Əliyevə zəng edən
ABŞ Dövlət katibi Entoni Blinken ilk növbədə Ermənistan
ilə Azərbaycan arasında sərhədlərin
delimitasiyası sahəsində əldə olunmuş
razılaşma ilə bağlı təbriklərini
çatdırdı, bunun ABŞ tərəfindən təqdir
edildiyini bildirdi. Dövlət katibi ABŞ-nin Ermənistan ilə
Azərbaycan arasında münasibətlərin
normallaşdırılması və sülh gündəliyinin
irəli aparılması üçün bundan sonra da dəstək
göstərməyə hazır olduğunu dedi.
Sülh
müqaviləsinin və onun əsasını təşkil edən
5 prinsipin təşəbbüskarının Azərbaycan
Respublikası olduğunu xatırladan Prezident İlham
Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra
da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini
və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə
malik olduğunu qeyd etdi.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.8.