Vətənini
canından çox sevən igid
Leytenant Qabil Əbdüləli oğlu
Orucəliyev 1991-ci il sentyabrın 15-də Naxçıvan
şəhərində dünyaya
gəlib. Uşaqlıq
illəri həmin şəhərin Xıncov
məhəlləsində keçib.
Həyatın əbədi
ayrılıq üzünü
ilk dəfə atasının itkisi ilə görüb. Onda Qabilin on
dörd yaşı olub. Dərd ağır gəlsə də, tablaşmağa çalışıb.
Arzusu, məqsədi
vardı. Hərbçi
olacaqdı. 2006-cı ildə
arzusu yolunda ilk addımı atdı. Naxçıvanda
yerləşən Heydər
Əliyev adına Hərbi Liseyə qəbul olundu. 2009-cu ildə liseyi bitirdi. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
daxil oldu. 2013-cü ildə Ali Hərbi
Məktəbi leytenant
rütbəsi ilə başa vurdu. Gənc zabit hərb sənətinin sirlərinə daha dərindən yiyələnmək
məqsədilə 2013-2014-ci illərdə Silahlı Qüvvələrin Təlim
və Tədris Mərkəzində təkmilləşdirmə
kursu keçdi.
Xidməti vəzifəsini
yerinə yetirmək üçün 2014-cü ildə
Naftalan şəhərində
yerləşən "N" saylı hərbi hissəyə getdi. Bir neçə ay xidmət edəndən sonra ön cəbhəyə göndərildi. Tərtərin
Borsulu kəndi istiqamətində post komandiri olaraq xidmət göstərdi.
Vətənini canlarından
çox sevən oğullar - Qabil Orucəliyev və silahdaşları düşmənlə
üz-üzə dayanmışdılar.
Onlar rəşadətlə
Azərbaycan Ordusunun mövqelərini Ermənistan
silahlı qüvvələrinin
hücumlarından qoruyur,
işğal altında
qalmış torpaqlarımızın
azad ediləcəyi günlərin arzusu ilə yaşayırdılar.
İntizamlı, uğurlu
hərbi xidmətinə
görə motoatıcı
tağımın komandiri
Qabil Orucəliyev yüksək mükafatlara
layiq görülürdü.
Qabil həm də canıyanan övlad, mehriban, vəfalı həyat yoldaşı idi. Orta məktəbdə sevib-seçdiyi qızla
2015-ci ilin iyununda ailə qurmuşdu. Həyəcanla ilk övladının dünyaya
gəlişini gözləyirdi.
2016-cı il martın
29-da gecə saatlarında
oğlu dünyaya gəldi. Qabil Orucəliyev xidmətdə
olduğu üçün
övladının üzünü
görə bilmirdi. Ancaq aşıb-daşan sevincini hərbçi yoldaşları, silahdaşları,
dostları ilə bölüşürdü. Zəng
edən doğmaları,
yaxınları da gənc ataya gözaydınlığı verirdilər.
Qabil övladının
üzünü görməyin
həsrətindəydi...
Aprelin 1-də telefonda
anası ilə danışıb. Deyib ki,
mən nə zaman gələcəyimi bilmirəm.
Övladına atasının
adını qoymalarını
tapşırıb. Həmin
gecə - 2016-cı il aprelin
1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin
növbəti təxribatı
nəticəsində şiddətli
döyüşlər başlayıb.
Həmin vaxt igid əsgər və zabitlərimiz düşmənin amansız
hücumlarının qarşısını
qətiyyətlə alır,
ağır zərbələr
endirirdilər. Aprel döyüşlərində
işğalçı Ermənistanın
silahlı qüvvələri
leytenant Qabil Orucəliyev
kimi cəsur oğulların vətənə
olan məhəbbəti,
qəhrəmanlığı sayəsində məkrli planlarını həyata keçirə bilmədi. İşğalçıların niyyəti bu dəfə gözlərində
qaldı. Düşmən
əks-həmlə ilə
geri otuzduruldu.
2016-cı il aprelin 2-də Ermənistan
silahlı qüvvələrinin
bölmələrinə qarşı
ağır döyüşdə
iyirmi dörd yaşlı leytenant Qabil Orucəliyev yaxın dostları MAXE Adil Adilzadə
və baş leytenant Cavid Dədəkişiyevlə birlikdə
şəhid oldu.
Qabil Orucəliyev dünyaya göz açdığı
Naxçıvan şəhərində
son mənzilə yola salındı. Şəhidin dəfn mərasimində
minlərlə şəhər sakini, eləcə də qulluq
etdiyi hərbi hissənin əsgərləri və zabitləri
iştirak etdi.
Qabil Orucəliyev
göstərdiyi qəhrəmanlığa görə
ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı
ilə "Hərbi xidmətdə fərqlənməyə
görə" III dərəcəli medal ilə təltif
edildi.
Şəhid
leytenant bu həyatdan yeganə övladını
bağrına basmadan getdi. Qabil istəyirdi ki, övladına
atasının adını qoysun. Amma o, şəhid olduqdan
sonra adını balasına verdilər. İndi Orucəliyevlər
ocağında Qabil Qabil oğlu Orucəliyev adlı bir igid
böyüyür.
Şəhidlərimizin
Vətən torpaqlarını Ermənistan silahlı qüvvələrinin
işğalından azad etmək arzuları həyata
keçdi. Müzəffər Azərbaycan Ordusu 2020-ci ilin
payızında qırx dörd günlük İkinci
Qarabağ müharibəsində otuz ilə yaxın
düşmən əsarətində qalan Qarabağ və
Şərqi Zəngəzur ərazilərini azad etdi.
2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror əməliyyatları
nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa
olundu.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.11.