Şəhidlik zirvəsinə ucaldığının
beşinci ilində İbrahimovlar ailəsi, digər yaxınlar, qohum-əqrəba və dostlar onunla yalnız şəkillər
vasitəsilə danışırlar.
Bu
böyük nəslin övladı ömrün
ayrı-ayrı çağlarında fotolentlərə,
telefonların yaddaşına
köçürülmüş şəkillərə,
xırda süjetlərə və heç vaxt ölməyəcək
xəyallara qısılaraq, göz yaşı içərisində,
amma qürurla xatırlanır. Sürətlə
ötüşən zaman
varlığını bizdən
uzaqlaşdırsa da, mərd, qayğıkeş,
işıqlı obrazı
hər gün daha yaxına gələrək, az qala lap qarşımızda,
gözlərimiz önündə
canlanır…
Alim Səhrab oğlu İbrahimov
1993-cü il dekabrın
26-da Ucar rayonunun Qazıqumlaq kəndində
doğulmuşdu. Sonradan
valideynlərinin iş
yeri ilə əlaqədar işıqlar,
nurlar şəhərinə
köçüblər - atası
DRES-də çalışıb.
2004-2010-cu illərdə Mingəçevir
şəhər Bülbül
adına 2 saylı musiqi məktəbində qarmon ifaçılığının
incəliklərinə yiyələnib.
2014-cü ildə Milli
Konservatoriyanın nəzdindəki
Musiqi Kollecini qarmon müəllimi ixtisası üzrə bitirib. 2017-ci ildən Arif Məmmədov adına Göyçay Uşaq Musiqi Məktəbində işləməyə
başlayıb.
Alim nə qədər şən, nikbin, məclis-mərəkə
adamı olsa da, bütün qeyrətli Azərbaycan gəncləri kimi, qəlbində qaysaqlanmayan
bir yara - Qarabağ dərdi gəzdirirdi. 2016-cı ilin
4 günlük Aprel savaşında Lələtəpə
və Cocuq Mərcanlının qurtuluşu,
2020-ci ilin iyulunda Tovuzda düşmən hücumunun dəf edilməsindən sonra, nəhayət, müqəddəs
cihad gününün,
qəti zəfər məqamının yaxınlaşdığını
duyur. Şəhid general Polad Həşimovu,
şəhid gizir Mübariz İbrahimovu özünə həyat idealı seçir, digər igid oğulların yolu ilə gedəcəyinə
qərar verir. Ali Baş Komandanın
səfərbərlik əmrini
səbirsizliklə gözləyir.
21 sentyabr 2020-ci ildə
hərbi təlimlərə
qatılır. Suqovuşanın
azadlığı uğrunda
gedən döyüşlərdə
şəhidlik məqamına
yüksəlir...
Azərbaycan Prezidentinin
sərəncamına əsasən,
"Vətən uğrunda",
"Cəsur döyüşçü",
"Suqovuşanın azad
olunmasına görə"
medalları ilə təltif edilib.
Atası Səhrab
kişi qabarlı əlləri arasından başını qaldırıb
dərindən köks
ötürür, gözlərini
uzaqdakı məchul nöqtəyə zilləyərək
çətinliklə də
olsa, şəhid oğlu barədə söhbətə başlayır:
"Alim çox yaxşı, ailəcanlı,
qayğıkeş övlad
olub. Özünü dərk edəndən ailəmizə maddi və mənəvi dəstək göstərib.
Ürəkli, mərd,
mədəni, alicənab
oğul olub. 3 ilyarımdan çoxdur evin nə dadı
qalıb, nə də ki duzu...
Anası Xatirə
İbrahimova göz yaşlarını saxlaya bilmir, əziz balası haqqında hıçqıraraq danışır:
"Muharibə başlayan
kimi cəbhəyə
yollandı. İndi gözümüz onun gedib gəlmədiyi yolda qalıb. Təsəlli yerimiz ancaq şəkillərdir.
Alim sentyabrın 20-si mənə sürpriz edib ad günü
keçirdi və ertəsi gün səfərbərliklə yola
düşdü. Yaşı
az olsa da,
böyüklə böyük,
uşaqla uşaq idi. Yaşlı nənə-babasının qeydinə
qalırdı. İndi
hamı Alimdən danışır".
Şəhidimizin döyüş
yolu haqqında bilgiləri genişləndirmək
üçün komandirini,
cəbhə yoldaşlarını
aradıq, lakin dedilər ki, həmin qrupdan heç kim sağ qalmayıb, ağır savaşda hamısı həlak olub.
Yazıya ilk cümlədən şəkillərlə
başladıq. Qəhrəman
şəhidimizin qısa,
lakin əzəmətli
ömrünə fotolarla
səyahət elədik,
doğmalarının, dostlarının
xatirələrində tanıdıq,
videosüjetlərlə son
mənzilə yola saldıq. Bəşər
övladı rahat, məsud, əlamətdar, səadətli anlarında
şəkil çəkdirməyə
meyil göstərir, acı günlərində
buna heç həvəsi olmur. Alim İbrahimovun da əsgər formasında çoxlu şəkili var - hamısında gülür,
sevinir, qanadlanır...
Elə murdar düşmənin caynağından
xilas etdiyi müqəddəs Vətənin
aydın, günəşli
səmasında pərvazlanan
azad, xoşbəxt ruhu kimi...
Qurban
MƏMMƏDOV
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.11.