Azərbaycan-Rusiya: çoxəsrlik tarixə malik iqtisadi əlaqələrin yeni istiqamətləri

 

Azərbaycanla Rusiya arasında hərtərəfli əlaqələr sürətlə inkişaf edir. O cümlədən iqtisadi əməkdaşlığa getdikcə daha çox sahə qoşulur. Bunu Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari il avqustun 9-da keçirilən 22-ci iclası da təsdiq etdi. Belə ki, burada iqtisadi sahədə qarşılıqlı fəaliyyətin müasir tendensiyaları şərh olundu.

Rusiya ilə Azərbaycan arasında ticarət və energetika, sənaye və kənd təsərrüfatı, logistika, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıq genişlənir. Hər iki tərəfdən səmərəli dövlət dəstəyi ilə investisiya əlaqələri də güclənir. Təsadüfi deyil ki, bu gün Rusiya Azərbaycan üçün ən mühüm investorlardan və ən böyük ticarət tərəfdaşlarından biridir. Neft ixracında hətta ən böyük tərəfdaşdır.

Xatırladaq ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Sənəddə bildirilir ki, tərəflər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin davamlı artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli yardım göstərməyə davam edəcəklər. Həmçinin qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər. Tərəflərin milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacağı da qeyd olunur. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə edilməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafı, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsi hədəfə alınır. Beynəlxalq enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyəti ifadə olunur. Tərəflərin aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchizetmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməletmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edəcəkləri də göstərilir.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclasının yekunları göstərir ki, hər sahədə qarşıya qoyulan məqsədlərə nail olunur. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi rekord rəqəmlərə çatıb və bu tendensiya davam edir. Ərzaq və kənd təsərrüfatı xammalı, neft, metal və plastik məhsullarının qarşılıqlı ticarəti də artır. Üstəlik, bu ilin yayına qədər qarşılıqlı hesablaşmaların təxminən dörddəüçü ilə həyata keçirilən milli valyutalar əsasında ticarət də inkişaf edir. İkitərəfli yükdaşımalar nəzərəçarpacaq dərəcədə artıb və turist axını intensiv şəkildə davam edir.

Bunu AZƏRTAC-a müsahibəsində Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev də vurğulayıb. O, əməkdaşlığın yeni istiqamətlərinə də toxunaraq deyib: "Azərbaycanda Rusiya biznesi ilə əczaçılıq və neft-kimya, qida sənayesi və şərabçılıq, mədən sənayesi və tikinti materiallarının istehsalı, avtomobil sənayesi və avadanlıqlara texniki xidmət sahələrində əməkdaşlığın uğurlu nəticələri qeydə alınıb. Xüsusilə "Lada" və "Qazel", "KamAZ" və "Ural" avtomobilləri üçün servis dəstəyi göstərilir. Bununla yanaşı, perspektivli sahələr arasında gəmiqayırma, metallurgiya, turizm və digərlərini qeyd etmək lazımdır. Öz növbəsində Azərbaycan sahibkarları Rusiyada aqrobiznes, meşə təsərrüfatı və turizmə, o cümlədən Xəzər dənizinə fəal şəkildə sərmayə qoyurlar. Ekspertlər gələcəkdə yüksək texnologiyalı istehsala və Rusiyanın İT sektoruna Azərbaycandan sərmayə qoyulacağını da gözləyirlər".

Təqdirəlayiq haldır ki, bu iki ölkənin regionları arasında da əməkdaşlıq inkişaf edir. Cari ildə Stavropolda genişmiqyaslı Rusiya-Azərbaycan Regionlararası Forumu, müxtəlif regionlarda digər tədbirlər keçirilib. Artıq yüzlərlə Rusiya şirkətinin nümayəndələri Azərbaycanla əməkdaşlıq imkanları ilə tanış olublar. Məsələn, bu yaxınlarda Kirov rayonundan olan 9 iri istehsalat şirkətinin nümayəndələri Bakıya işgüzar səfərlər zamanı ixracın təşkilinə yönəlmiş onlarca görüş keçiriblər. Həmçinin Krasnoyarsk diyarının, Çuvaşiya, Novosibirsk və Ulyanovsk vilayətlərinin, Altay diyarının və Rusiyanın digər vilayətlərinin nümayəndələri Bakıda olub, Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə böyük maraq göstəriblər.

Azərbaycan-Rusiya münasibətlərindən danışarkən Prezident İlham Əliyevin bu il aprelin 22-də Rusiyaya işgüzar səfərini xatırlamamaq mümkün deyil. Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə keçirilən görüşdə BAM-ın istifadəyə verilməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılmaqla Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin dünəninə və bu gününə də toxunuldu. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirdi ki, Rusiya-Azərbaycan əməkdaşlığının digər sahəsi bu gün BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğundur: "Söhbət "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafından gedir. Əslində, o, Şimal dənizi marşrutunu Fars körfəzi ilə birləşdirir və ya demək olar ki, birləşdirə bilər və birləşdirməlidir".

Həmin vaxt səslənən bir fikri də xatırlatmaq yerinə düşərdi: "Əmtəə dövriyyəmiz artır: artıq 4 milyard dollardan da çoxdur. Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var".

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 18 avqust (№ 176).- S.5.