Qarabağ
cəlbedici turizm məkanına çevrilir
Qarabağ və
Şərqi Zəngəzur
tarixinin qədimliyi, təbiətinin əsrarəngizliyi
və ələlxüsus
da havasının saflığı, sularının,
bitkilərinin şəfaverici
olması ilə işğalaqədərki dövrdə
də yerli sakinlərimizin və əcnəbilərin böyük
ilgi göstərdiyi ünvanlardan olub. İşğaldan azad olunandan sonra bu ərazilərə insanların göstərdiyi
maraq dəfələrlə
çoxalıb. Gündən-günə
Qarabağ və Şərqi Zəngəzura
səfər edənlərin
sayının artması
isə təkcə bu yerlərin təbii gözəlliyinə
görə yox, həm də xalqımızın hər
bir üzvünün ürəyində müqəddəs
yer tutmasına görədir.
Hər kəs Şuşanı görmək
istəyir
Azərbaycan dövlətinin
həyata keçirdiyi
geniş quruculuq-bərpa
işləri nəticəsində
işğaldan azad olunmuş ərazilərdə
həyat gündən-günə
canlanır. Təkcə
bir misal gətirək ki, hətta bu gün
Şuşaya ayaq basan insanlar inana bilmir ki,
cəmi bir neçə il əvvəl bu şəhər xarabalıq
olub. Mədəniyyət
paytaxtımızda görülən kompleks işlərin nəticəsində
şəhərdə demək
olar ki, hər yan abadlaşıb,
Şuşa əvvəlkindən
də möhtəşəm
şəhərə çevrilir
və gələn qonaqlarını heyran edir. Hər gün zəfər qalamızı yüzlərlə
insan ziyarət edir və bu
səbəbdən də
Şuşanın məscidləri,
tarixi, gəzməli-görməli
yerləri, küçələri,
hotelləri insanlarla dolub-daşır. Özü
də təkcə azərbaycanlılar deyil, əcnəbi qonaqlar da böyük maraq və istəklə
qədim şəhərimizə
üz tuturlar. O da qürurverici məqamdır ki, Şuşa həm də ali qonaqların
səfər etdiyi baş ünvan statusu qazanıb. Mütəmadi olaraq burada həm yerli əhəmiyyətli,
həm də beynəlxalq tədbirlər
keçirilir və mötəbər qonaqlar qarşılanır.
Şuşada keçirilən
Türk Dövlətləri
Təşkilatının qeyri-rəsmi
zirvə toplantısında
Qazaxıstanın, Özbəkistanın,
Qırğızıstanın, Şimali Kipr Türk Cümhuriyyətinin
prezidentlərinin, Macarıstanın
Baş nazirinin, Türkiyə Respublikasının
vitse-prezidentinin, Türk
Dövlətləri Təşkilatının
Baş katibinin, ümumiyyətlə, türkdilli
dövlətlərdən olan
xeyli mötəbər
şəxsin iştirak
etməsi də buna bariz nümunədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir neçə
dəfə mədəniyyət
paytaxtımızın fəxri
qonağı olub.
Səfərlərin istiqamətləri genişləndirilir
Düşmən 30 il
ərzində bu əraziləri mina tarlasına çevirib və bu səbəbdən
də vətəndaşlarımızın
o yerlərə səfər
etməsində müəyyən
məhdudiyyətlər var.
Amma çox sürətli bir şəkildə həmin
yerlər minalardan təmizlənir və lazım olan infrastruktur qurulur, mərhələli şəkildə
qayıdış gerçəkləşdirilir.
Həm də müvafiq olaraq Qarabağ və Şərqi Zəngəzura
turlar təşkil olunur.
Prezident İlham
Əliyevin tapşırığı
ilə ilk olaraq 2022-ci il yanvarın 24-də Bakı-Şuşa-Bakı
avtobus reysinin açılması ilə
vətəndaşlarımızın Şuşaya mütəmadi
səfərləri başladı.
Sözügedən tarixdən
Bakı-Ağdam-Bakı istiqaməti
üzrə müntəzəm
avtobus marşrutu da istifadəyə verildi.
Böyük qayıdış
proqramının tərkib
hissəsi olaraq Azərbaycan vətəndaşlarının
işğaldan azad edilmiş ərazilərə
səfərlərinin istiqamətləri
genişləndirilir. Belə
ki, bu il
aprelin 27-dən etibarən
vətəndaşlar fərdi
minik avtomobilləri ilə Şuşa şəhərinə və
Suqovuşan qəsəbəsinə
getməklə bərabər,
artıq Laçın
şəhərinə də
səfər edə bilirlər. Buna görədir ki, Şuşa və Laçın şəhərlərinə
fərdi avtomobil ilə turist səfərlərinin sayında
xeyli artım müşahidə olunur.
Antiterror tədbirləri
nəticəsində azad
edilən Xankəndiyə
də bir müddətdir ki, turlar təşkil olunur.
Qarabağ və
Şərqi Zəngəzurda
aparılan kompleks bərpa və quruculuq işləri, dünyasəviyyəli hotellərin
tikilib istifadəyə
verilməsi də bu ərazilərə səfərlər üçün
mühüm zəmin yaradır. Bu ərazilərdə iki beynəlxalq hava limanı (Füzuli və Zəngilan) istifadəyə verilib, Laçın Beynəlxalq
Hava Limanı isə sürətlə tikilir. Bütün bunlar bölgəyə səfərlərin daha əlçatan olmasına
xidmət edir.
Artıq Azərbaycanın
milli aviadaşıyıcısı
AZAL Qarabağa müntəzəm
reyslərə başlayıb.
Bakıdan Füzuli şəhərinə və
əks istiqamətdə
uçuşlar həyata
keçirilir.
Göründüyü kimi, hər ötən gün marşrut istqamətləri
genişləndirilir və
vətəndaşlarımız rahat şəkildə Qarabağ və Şərqi Zəngəzura
səfər edə bilirlər.
Zəngin turizm
potensialı
Azad edilən ərazilərimizə səyyahlar
da böyük maraq göstərirlər.
Məsələn, keçən
ayın 25-nə olan məlumata əsasən, Vətən müharibəsindən
ötən dörd il ərzində beynəlxalq səyahətçilər
böyük qruplarla Qarabağa və Şərqi Zəngəzura
10-dan artıq səfər
ediblər.
Mütəxəssislərin proqnozlarına əsasən,
qarşıdakı illərdə
Qarabağ və Şərqi Zəngəzura
daha da böyük
maraq yaranacaq və bu ərazilərə
turist axınının
olacağı gözlənilir.
Buna səbəb isə həmin ərazilərin hərtərəfli
turizm potensialına, məsələn, yay, qış, tarixi, mədəni, dini ziyarət, sağlamlıq
turizmi və sair kimi imkanlara
malik olmasıdır.
Bir sözlə,
yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzur
nəinki ölkənin,
hətta dünyanın
ən cəlbedici turizm məkanlarından birinə çevriləcək.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
18 avqust (№ 176).- S.8.