ABŞ Cənubi
Qafqazda gərginliyi artırmağa çalışır
"ABŞ-nin Ermənistanı
silahlandırması heç
də sülh məqsədinə xidmət
etmir. ABŞ Azərbaycanla
Ermənistan arasında
aparılan sülh danışıqlarını dəstəklədiyini
bildirsə də, hərəkətləri tamamilə
bunun əksinədir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Azər Badamov deyib. O xatırladıb ki, Azərbaycan 44 günlük
Vətən müharibəsində
öz ərazilərini
işğaldan azad etməklə və
2023-cü ildə həyata
keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə suverenliyini tam bərpa edib. Ölkəmizin məqsədi
regionda sülh və əməkdaşlıq
mühitini formalaşdırmaqdır.
Ona görə də müharibə başa çatdığı
ilk gündən Azərbaycan Ermənistana düşmənçilik səhifəsini
bağlamağı və
münasibətlərin normallaşdırılmasına
başlamağı təklif
edib. "Bu gün də Azərbaycan öz mövqeyində qalır və Ermənistanın konstitusiyasında ölkəmizə
qarşı ərazi iddialarından əl çəkəcəyi və
Minsk qrupundan imtina edəcəyi təqdirdə sülh müqaviləsinin imzalanması
üçün hər hansı bir maneənin qalmayacağını bildirir.
Ermənistan əvvəllər
Azərbaycanın tələbləri
ilə razı olduğunu bildirsə də, son vaxtlar
konstitusiyanın dəyişdirilməsinin
daxili işləri olduğunu deyir və Minsk qrupunun
ləğv olunması
ilə bağlı müraciət olunmasını
da sülh müqaviləsi ilə bağlayır. Təbii ki, burada ABŞ-nin Ermənistanı silahlandırması ilə
əlaqənin olduğunu
görmək heç
də çətin deyil", - deyə müsahibimiz bildirib.
ABŞ-nin Ermənistanla
birgə hərbi təlimlər keçirdiyini,
onun ordusunu NATO standartlarına uyğunlaşdırmağa
çalışdığını, bu ölkənin müdafiə nazirliyində
öz nümayəndələrini
təyin etdiyini qeyd edən deputat Vaşinqtonun
Zvartnos hava limanına
2 təyyarə silah
və hərbi texnika göndərdiyini də xatırladıb. Bu təyyarələr yalnız müşahidə
olunandır, amma gizli yollarla da silahların daşınması da məlumdur. O cümlədən
ABŞ ordusunda xidmət
edən erməni əsilli hərbçilərdən
ibarət bir kontingentin Ermənistana göndərilməsi də
real faktdır.
A.Badamov qeyd edib ki, Ermənistan
ABŞ-nin dəstəyinə
arxayınlaşaraq sülhlə
bağlı gündəliyi
uzatmağa, hətta danışıqlar prosesindən
yayınmağa çalışır:
"Yığılan silahlar
bir gün işlədilir, onlar anbarlarda saxlamaq üçün gətirilmir.
Bu, Amerikanın Ermənistanda mövcudluğunu
təmin etməyin göstəricisidir. ABŞ-nin
Ermənistanı silahlandırması
regionda yeni gərginlik ocağını
yaratmaq məqsədlərinə
xidmət edir. Dünyada elə bir ölkə yoxdur ki, ABŞ-nin orada hərbi
mövcudluğu ona sülh gətirsin. Belə ki, bir
sıra ölkələrdə
davam edən müharibələri firavan
ərəb ölkələrində
yaşayışın cəhənnəmə
dönməsini, 40 milyonluq
Ukraynanın düşdüyü
ağır vəziyyəti
göz önünə
gətirmək olar. Bu baxımdan ABŞ-nin Cənubi Qafqaza gəlməsi ilə regionda vəziyyətin gərginləşəcəyini
desək, yanılmarıq".
Deputat vurğulayıb
ki, məhz ABŞ-nin Ermənistana hərbi dəstəyindən
sonra yenidən silah səsləri eşidilməyə başlanıb.
Təbii ki, Ermənistanın hər bir təxribatına adekvat cavab verilir.
Amma bu atışmalar
nə qədər davam edə bilər, deyə sual yaranır. Azərbaycan 30 il müharibə şəraitində yaşayıb,
bu illər ərzində baş verən atışmalardan
mülki əhali kifayət qədər zərər çəkib.
Bu baxımdan çoxdan silah səsləri eşidilməyən
şərti sərhədimizdə
atəşkəsin pozulması
yenidən narahatlığın
yaranmasına səbəb
olur. "Ermənistan
ABŞ-nin təsiri altına düşən ölkələrdəki mövcud
durumları təhlil etməli və qərar qəbul etməlidir. Əks halda onun aqibəti
bu gün böyük faciələr
yaşayan ölkələrdən
fərqli olmayacaq. Azərbaycan təbii ki, öz hərbi
gücünü artırır
və gələcəkdə
baş verə biləcək hər hansı təhdidə cavab verməyə tam hazırdır. Biz müharibəni görmüşük və
müharibə meydanında
möhkəmlənmişik. Bu baxımdan Ermənistana kimlərin necə kömək etməsindən asılı
olmayaraq, biz öz təhlükəsizliyimizi
qorumağa qadirik",
- deyə deputat vurğulayıb.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
18 avqust (№ 176).- S.6.