Azərbaycan on minlərlə qonağı layiqincə qarşılayacaq

 

 

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi seçilməsi illərdir ki, həyata keçirilən uğurlu işlərin nəticəsidir. İndiyədək respublikamızda çox əhəmiyyətli beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunub. Həmin tədbirlərdə bütün bəşəriyyət üçün gərəkli olan mühüm məsələlərdən, qlobal problemlərdən danışılıb, müzakirələr, fikir mübadilələri aparılıb.

Bu ilin noyabrında isə Azərbaycan dünyanın ən böyük mühüm dövlətlərarası tədbirlərindən birinə - COP29-a evsahibliyi edəcək. Belə mötəbər tədbirin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi Azərbaycana böyük hörmətin, etimadın bariz nümunəsidir. Bu qərar həm BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuş ölkəmizin məqsədyönlü fəaliyyətinə verilən dəyərdir.

Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyib. 2030-cu ildən sonra üçün müəyyən olunmuş hədəf isə daha iddialıdır. Belə ki, 2050-ci ilədək istixana qazlarının miqdarının 40 faiz azaldılması nəzərdə tutulub. Bununla yanaşı, dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş torpaqları "yaşıl enerji" zonası elan edib.

Dünyanın diqqət mərkəzində olan COP29-a hazırlıq işləri ölkəmizdə böyük vüsət alıb. Artıq paytaxtın hansı istiqamətinə nəzər salsaq, mötəbər tədbirə hazırlıq işlərinin həyata keçirildiyini görərik. COP29-un minlərlə iştirakçısı olacaq. Bakı noyabr ayında bu beynəlxalq tədbirlə bağlı gələcək qonaqlarını da hər zaman olduğu kimi layiqincə qarşılayacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev avqustun 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin altıncı iclasında Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq prosesinin bütün istiqamətlərdə davam etdiyini vurğuladı.

Prezident Administrasiyasının rəhbəri dövlət qurumlarının, COP29 heyətinin bundan sonra da var gücü ilə çalışmasının vacibliyini nəzərə çatdırdı.

Təşkilat Komitəsinin sədri noyabrın 12-13-də keçiriləcək Liderlər Sammitinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərinə dəvətlər ilə bağlı tam inklüzivliyin təmin edildiyini bildirib.

Azərbaycanın inkişaf etmiş inkişaf etməkdə olan ölkələr arasında yeni maliyyə hədəfi üzrə mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün səmimi səylər göstərdiyini bildirən Samir Nuriyev bu xüsusda iyulun 26-27-də müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində Şamaxıda qeyri-rəsmi məsləhətləşmələr kimi innovativ format təşkil edildiyini açıqladı. Diqqətə çatdırdı ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq "Ev Sahibi Ölkə" sazişinin yekun mətni tam razılaşdırılıb.

Azərbaycanın COP29 təşəbbüslərinin geniş ictimaiyyətə açıqlandığını, COP atəşkəsi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması təşəbbüslərinin beynəlxalq müstəvidə daha çox diqqət cəlb etdiyini bildirən Təşkilat Komitəsinin sədri digər mühüm məsələlərə toxundu. Məlumat verdi ki, Azərbaycan tərəfindən inkişaf etməkdə olan kiçik ada ölkələri üçün Texniki Yardım Fondunun yaradılmasına, "Azərkosmos" tərəfindən kiçik ada ölkələrində iqlim dəyişmələri üzrə layihələrin həyata keçirilməsinə dair anlaşma memorandumlarının avqust ayının sonlarında Millətlər Birliyi (Commonwealth) təşkilatı ilə imzalanacaq.

 

 Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 18 avqust (№ 176).- S.7.