Bəşəriyyət tarixində elə şəxsiyyətlər var
ki, sağlığında
olduğu kimi, əbədiyyətə qovuşduqdan
sonra da ölümsüzlük qazanır,
adları ehtiramla yad edilir. Çünki
həmin şəxsiyyətlər
yaradıcılıqları ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət
edirlər.
AZƏRTAC xəbər verir ki, belə
ölməz, parlaq şəxsiyyətlərdən biri də anadan
olmasının 82-ci ildönümü
nəinki doğulduğu
Azərbaycanda, həm
də dünyanın bir çox yerlərində qeyd edilən SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm
Maqomayevdir.
On dörd yaşında
doğma şəhəri
Bakıda dənizçilər
klubunda çıxış
edən Müslüm Maqomayev ilk uğurunu
1962-ci ildə qazanıb.
Maestro Niyazinin tövsiyəsi
ilə tələbə
və gənclərin
Helsinkidə keçirilən
VIII Ümumdünya Festivalına
yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar
"Oqonyok" jurnalı
onun portretini və "Bakılı gənc dünyanı fəth edir" sərlövhəli məqalə
dərc edib.
Müslüm Maqomayev
XX əsrin 60-cı illərində
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti olub, Milanın
dünyaşöhrətli "La Skala" teatrında təcrübə keçib.
Ötən əsrin
60-70-ci illərində Müslüm
Maqomayevin məşhurluğunun
həddi-hüdudu yox idi. Konsert salonlarındakı
yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici
qarşısında çıxış
edir, daim qastrol səfərlərində
olurdu. Mahnıları
yazılan vallar çox böyük tirajla buraxılırdı.
Məhz buna görə də onu sovet estradasının
son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş
SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.
Dünyaşöhrətli müğənninin repertuarında
600-dək əsər var.
O, həm də gözəl mahnılar müəllifidir. Müslüm
Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin
Nizami Gəncəvinin
qəzəllərinə bəstələdiyi
"Sənsiz" və
"Sevgili canan" romanslarının xüsusi
yeri var. Ona görə ki, burada üç
dahi sənətkarımızın
- şair, bəstəkar
və müğənninin
ruhu görüşür.
Onu da etiraf
etmək yerinə düşər ki, bu romanslar Müslümə
qədər korifey sənətkarların ifasında
səslənib. Amma o,
bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi
bacardı, fəlsəfi
yüksəkliyə qaldırdı.
Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə
bəstələdiyi və
dillər əzbəri
olan, vətənimizin
himni kimi əzəmətli səslənən
"Azərbaycan" mahnısı
da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni
həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami",
"Moskva notlarda"
filmlərində çəkilib.
Müslüm Maqomayev
çoxşaxəli sənətkar
idi. Belə geniş diapazonu, ürəkləri fəth
edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir.
Müslüm Maqomayev ifa etdiyi hər
mahnıda, ariyada yeni bir dünya,
öz dünyasını
yaradırdı.
Azərbaycan xalqının
zəngin musiqi ənənələrinin qorunub
saxlanılmasında və
müasir dövrdə
layiqincə inkişaf
etdirilməsində Müslüm
Maqomayevin yaratdığı
və rəhbərlik
etdiyi Azərbaycan Dövlət estrada-simfonik
orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını
bir aktyorun teatrı səviyyəsinə
qaldırmağa nail olub.
M.Maqomayevin milli
musiqi mədəniyyətimizin
inkişafı sahəsində
mühüm nailiyyətləri
yüksək qiymətləndirilib
və o, müstəqil
Azərbaycanın ali mükafatları - "Şöhrət"
və "İstiqlal"
ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə
silsilə tədbirlərlə
qeyd olunub.
Onun yoxluğunun
acısını daha
çox hiss edən sənətkarın
ömür-gün yoldaşı,
SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir: "Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir.
O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir. Fikirlərini
mənimlə bölüşərdi.
O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır.
Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi
xoşlamazdı. Ancaq
dostlarının əhatəsində
qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Ad günündə
onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir
və ikinci belə bir sənətkar
dünyaya gəlməyəcəkdir".
Dünyaya
göz açdığı 17 avqustu Azərbaycan təqvimində
əlamətdar günə çevirən ölməz
Müslüm Maqomayev qəlblərdə elə bir sənət
abidəsi ucaldıb ki, onu sevənlərin sayı heç
zaman azalmayacaq.
Azərbaycan.-2024.-
18 avqust (№ 176).- S.12.