Azərbaycan
və Rusiya prezidentlərinin məhdud
tərkibdə görüşü
keçirilib
Azərbaycan-Rusiya
dost, qonşu və müttəfiq
Azərbaycan
və Rusiya prezidentlərinin məhdud tərkibdə
görüşü keçirilib
Avqustun 19-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud tərkibdə görüşü keçirilib.
Görüşdə çıxış edən
Prezident İlham Əliyev dedi:
-Hörmətli Vladimir
Vladimiroviç, Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən
salamlayıram. Xoş
gəlmisiniz. Görüşlərimiz
müntəzəm xarakter
daşıyır. Bu il artıq iki
dəfə görüşmüşük.
Bu gün dövlət səfəri
çərçivəsində təmaslarımızı davam
etdiririk. Mahiyyət etibarilə artıq müzakirələrə dünəndən
başlamışıq. Həm
ikitərəfli gündəlik,
həm də regional təhlükəsizlik
ilə bağlı mühüm məsələlər
üzrə geniş fikir mübadiləsi apardıq. Bu gün məhdud
formatda və geniş formatda da davam edəcəyik.
Qeyd etmək
istərdim ki, ölkələrimiz
arasında qarşılıqlı
fəaliyyətin səviyyəsindən
çox məmnunuq.
2022-ci ilin fevralında
imzaladığımız müttəfiqlik
qarşılıqlı fəaliyyət
haqqında Bəyannamə
uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər
görürük. Əlbəttə,
həm energetika, həm nəqliyyat sahələrində əməkdaşlıq
edirik, humanitar əlaqələrə, həmçinin
bir çox digər sahələrə
xüsusi diqqət yetiririk. Ona görə də bu gün
gündəlikdə duran
məsələləri bir
daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin üçün xoş, həm də münasibətlərimiz
baxımından faydalı
olacaq.
Bir daha xoş gəlmisiniz.
Sonra çıxış edən
Prezident Vladimir Putin dedi:
-Hörmətli
İlham Heydər oğlu, çox
sağ olun.
İlk növbədə, dəvətə
görə sağ olun. Biz Sizinlə bu səfəri çoxdan razılaşdırmışdıq
və Bakıda olmağıma, bu şəhərin gözəlliyinə
bir daha tamaşa etməyimə çox şadam. Əmin oldum ki, Siz və xanımınız
onun inkişafına böyük diqqət yetirirsiniz. Bu, göz qabağındadır. Şəhər
inkişaf edir, uğurla inkişaf edir, sözsüz ki, regionun oazisinə çevrilir.
Münasibətlərimiz hələ
2022-ci ilin əvvəlində
Sizinlə imzaladığımız
Bəyannamə əsasında
inkişaf edir, uğurla yerinə yetirilir. Bu ilin aprelində Sizin Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına
yaxşı təkan verilib.
İqtisadi-ticari əlaqələr
uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki
görüşümüzdə Siz mənə demişdiniz və Sizinlə razıyam ki, 4 milyard dollardan bir az çox
yaxşı rəqəmdir.
Bu, yaxşı rəqəmdir,
amma bizim imkanlarımızın
potensialını əks
etdirmir. Həqiqətən,
burada yalnız energetika, sənaye kooperasiyası, nəqliyyat,
logistika, yüngül
sənayedən danışmaq
olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri
çoxdur.
Azərbaycan iqtisadiyyatına
qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox
müəssisə fəaliyyət
göstərir, sözsüz
ki, bu da son hədd deyil.
Humanitar əlaqələrə
gəldikdə, biz onlara
çox böyük əhəmiyyət veririk və rus dilinin
inkişafına göstərdiyiniz
diqqətə görə
Sizə minnətdarıq.
Azərbaycanda rus dilində 300 məktəb,
bizim aparıcı ali təhsil müəssisələrinin filialları
fəaliyyət göstərir.
Minlərlə azərbaycanlı
gənc Rusiya Federasiyasının aparıcı
universitetlərində təhsil
alır və biz bu qarşılıqlı
fəaliyyəti genişləndirməyə
hazırıq.
Hökumətlərarası komissiya işləyir. Elə bu yaxınlarda
– gərək ki, 10 gün əvvəl burada, Bakıda hökumətlərarası komissiyanın
növbəti iclası
keçirildi. O, uğurla
fəaliyyət göstərir.
Yeri gəlmişkən,
bilirəm ki, bu ilin iyununda
Azərbaycanda Rusiya Mədəniyyəti Günləri
keçirilib. Bu tədbirin təşkilinə
görə Sizə minnətdaram.
Əlbəttə, dünən
Sizinlə bu mövzuya toxunduq və bu gün
davam etdirəcəyik.
Məsələ Cənubi
Qafqazda vəziyyətin
nizamlanmasına aiddir.
Aydındır və
hamıya yaxşı
məlumdur ki, Rusiya, o cümlədən
Ukrayna istiqamətində
böhranlarla üzləşir,
amma Rusiyanın Cənubi Qafqazda vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım
bildiyi hissədə.
Əgər biz
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti
delimitasiya, sərhədlərin
demarkasiyasına gətirib
çıxararıqsa, Sizinlə
dəfələrlə qeyd
etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və
ya iqtisadiyyatın qarşısında maneələri
aradan qaldırarıqsa,
buna çox şad olardıq.
Əlbəttə, Azərbaycana
səfərdən sonra
baş nazir Paşinyanla əlaqə saxlayacağam və ona danışıqlarımızın
nəticələrindən bəhs edəcəyəm.
Bilirəm ki, Azərbaycan tam nizamlanma ilə bağlı bütün prosedurların başa çatmasına istiqamətlənib,
bu, mənə yaxşı məlumdur. Bu barədə danışacağıq.
Yekunda dəvətə
görə Sizə bir daha təşəkkür
etmək istəyirəm.
Əminəm ki, bu, çox faydalı diskussiya olacaq və görürəm ki, şəhərdə vəziyyət
də çox əlverişlidir. Biz Bakını sevirik. Şəhər gözəldir
və ən başlıcası, bir çox başqa böyük yaşayış
məntəqələrinin qibtə edəcəyi səviyyədə inkişaf
edir.
Prezident İlham
Əliyev: Çox sağ olun.
Azərbaycan.-2024.-
20 avqust (№ 177).- S.3.