Azərbaycan-Rusiya
münasibətləri möhkəm
təməl üzərində
qurulur
Vladimir
Putinin ölkəmizə dövlət səfəri regional məsələlərin
müzakirəsi baxımından da əhəmiyyətlidir
"Rusiya Prezidenti
Vladimir Putinin Azərbaycana dövlət
səfəri iki ölkə arasındakı
münasibətlərin, regional
və beynəlxalq məsələlərin müzakirəsi
baxımından əhəmiyyətlidir.
Bu səfər Prezident İlham Əliyev tərəfindən
yürüdülən xarici
siyasətin çoxistiqamətli
olduğunu göstərir".
Milli Məclisin
deputatı Musa Qasımlı "Azərbaycan"
qəzetinə açıqlamasında
bildirib ki, Azərbaycan xalqının
tarixən formalaşmış
ənənəsində həmişə
qonşuya mehriban münasibət bəsləmək,
onunla yüksək səviyyədə əməkdaşlıq
etmək durub. Rusiya ilə də bizi müəyyən
məsələlər yaxınlaşdırır:
"İlk növbədə
Rusiya bizim qonşumuzdur və bu ölkədə sabitliyin olması bizim faydamızadır. Eyni zamanda Rusiyada
çoxmilyonlu Azərbaycan
diasporu mövcuddur. Azərbaycanın region və dünya siyasətində rolu getdikcə artır. İki ölkə arasında münasibətlərin
normal və səmimi olması heç bir dövlətin və ya dövlətlər qrupunun əleyhinə çevrilməyib. Azərbaycan
dövləti yalnız
öz milli maraqlarının yanındadır.
Maraqlarının təmin
olunmadığı yerdə
dövlətimiz heç
bir zaman addım atmaz".
Heç
bir dövlətin Azərbaycanı qonşularına
qarşı vasitə
kimi istifadə edə bilməyəcəyini
vurğulayan deputat bildirib ki, belə
cəhdlər həmişə
boşa çıxıb.
Azərbaycan yalnız
milli maraqlarına yönəlmiş, onları
təmin edən xarici siyasət yürüdür.
M.Qasımlı hesab
edir ki, bu səfər Azərbaycanın mövqelərini
daha da möhkəmləndirəcək,
əməkdaşlıq daha
da genişləndiriləcək,
nəqliyyat, kommunikasiya,
enerji və digər məsələlərdə
yeni addımlar atılacaq. Təbiidir ki, bəzi ölkələrdə
bu səfərin mahiyyətinə kölgə
salmaq istəyən qüvvələr olacaq. Amma onların hamısı bilməlidir ki, Azərbaycan bütün qonşuları
ilə mehriban münasibət qurmaq üçün səylər
göstərir. Azərbaycan
həmişə dost olan ölkələrlə
münasibətlərini daha
da möhkəmləndirməyə,
dost olmayanları bitərəfləşdirməyə, dosta çevirməyə çalışıb. Azərbaycanın
xarici siyasətində
düşmən yaratmaq
məsələsi yoxdur.
Deputat deyib ki, Azərbaycan dövlətinin xarici siyasəti yalnız sülhə xidmət edir: "Bu səfər Rusiya və Ukrayna arasında müharibənin
dayandırılmasına və
danışıqların başlanmasına
da bir zəmin
ola bilər. Prezident İlham Əliyev dünyamiqyaslı
böyük dövlət
və siyasət adamı olaraq birləşdirici gücdür,
kin-küdurətin, nifaqın
aradan qaldırılmasına,
sülhün yaradılmasına
və əməkdaşlığın
formalaşdırılmasına çalışan dünya
səviyyəli liderdir".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
20 avqust (№ 177).- S.8.