Coşqu və
böyük cəsarətdən
doğan qəhrəmanlıq
Qəhrəmanlıq haqqında çox deyilib, çox yazılıb. Həmin yazılarda qəhrəmanlıq
böyük qürur və məhəbbətlə
tərənnüm olunub.
Bu da təbiidir.
Çünki qəhrəmanlıq
ucalıq, rəşadət
və ülviyyətlə
dolu bir hissdir. İnsan qəlbində dolaşan hisslərin ən alisi və yüksəyidir.
Adına, şərəfinə
dastanlar qoşulmuş
qəhrəmanlıq hər
kəsin qəlbində
bir cür doğulur, bir cür formalaşır. Qəhrəmanlıq insan mənəviyyatını daim
işıqlandıran və
heç vaxt sönməyən əbədi
məşələ bənzəyir.
Yandıqca tarixin qəhrəmanlıqlarla dolu
səhifələrini nura
boyayır, dünyaya yenicə göz açmış nəsillərə
yol göstərir. Cəsurlar isə zaman-zaman bu məşəldən od götürərək onu
daha da gur
şölələndirirlər.
Döyüşçünün qəhrəmanlıq göstərdiyi
məqam onun hiss və duyğularının
vulkan kimi qəflətən püskürdüyü
andır. Həmin anın qarşısını
alıb saxlamaq qeyri-mümkündür. Çünki
o, bir göz qırpımındaca daşıb
kükrəyərək sədləri
aşır. Bu elə bir coşqu,
elə bir yüksəliş, elə
bir əzəmətdir
ki, insana adi vaxtlardakından on qat artıq
güc verib onu uğura kökləyir. Qollarında
dolaşan bu qeyri-adi güc və bacarıq döyüşçünün ürəyini cəsarətlə,
hünər və fədakarlıqla dolduraraq,
qələbə qazanacağına
böyük ümid və inam verir.
İnsan bu coşqunun ağuşunda çoxlarının bacara
bilməyəcəyi bir
addımı ataraq, qəhrəmanlıq zirvəsinə
yüksəlir. Cəsarəti
və hünəri ilə tarix yazaraq gələcək nəsillər üçün
fəxr ediləsi, qürur duyulası bir örnək qoyub gedir.
Dünya binə olandan qəhrəmanlıq
canında və qanında cəsurluq gəzdirən insanları
təsir dairəsində
saxlayıb, onları özünə çəkib.
Qəhrəmancasına vuruşmağa
can atan insanlar seçilənlərdən
olub, tarixdə pozulmaz izlər qoymağa çalışıblar.
Onlar qəhrəmanlıq
məqamında hətta
ölümü də
göz altına almadan cəsarətli addım atıb, düşmən üstünə
şığıyıblar. Sözün bu yerində Şeyx Şamilin söylədiyi bir fikir yada
düşür: "Aqibətini
düşünən heç
vaxt qəhrəman ola bilməz". Qəhrəmanlıq yolunun
yolçuları yalnız
cəsur insanlardır.
Onlar bu yollarda ürəklərində
döyüş ruhu qorxuya meydan oxuya-oxuya daim irəli - zəfərlərə
doğru addımlayırlar.
Bütün elmlər
tədris olunur, öyrədilir və bir müddətdən sonra müxtəlif variantlarda hazırlanmış
testlərlə sınaqdan
keçirilir. Sonda bilik və bacarığın
göstəricisi olan ballar üst-üstə toplanaraq cəmlənib qiymətləndirilir. Qəhrəmanlıq
dərsləri isə
tədris olunmur. Onu insanlara həyat
özü öyrədir,
yaxud insanlar onu həyatdan özləri öyrənirlər.
Qəhrəmanlar üçün
test və sınaq imtahanının əbədi məkanı yalnız hərb meydanlarında gedən qanlı döyüşlərdir.
Yaşanmış və
artıq bizim üçün keçmişin
bir parçasına çevrilmiş tariximizin
səhifələrində elə
qəhrəmanlar olub ki, onlar igidlikləri
ilə daim bizi heyrətləndiriblər.
Əlimizdən tutaraq
bizi öz arxalarınca qəhrəmanlıq
məkanına çəkib
aparıblar. Heç tarixin çox dərinliklərinə getməyək.
44 gün davam edən İkinci Qarabağ müharibəsində
zabit və əsgərlərimiz Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında çox böyük igidlik və qəhrəmanlıqlar
göstərdilər. Məhz
gənclərimizin igidliyi
və qəhrəmanlığı
sayəsində torpaqlarımız
30 ilə yaxın davam edən erməni işğalından
azad olundu. Bu cəsur oğulların
savaş meydanlarında
göstərdikləri igidlik
və cəsarət heç vaxt unudulmayacaq. Təbiidir ki, döyüşlər zamanı zabit və əsgərlərimizə
güc verən, qəhrəmanlığa kökləyən
yurd təəssübkeşliyi,
Vətən sevgisi, doğma el-obanın hər tərəfini azad görmək arzuları və istəyi idi. Bu istəyin, bu amalın bətnində, mayasında
daim ölməyən
bir yüksəliş,
qürur və məğlubedilməzlik ruhu
yaşayır.
Qoy gələcək nəsillər bu qəhrəmanların igidliyi
və cəsarəti qarşısında baş
əyib adlarını
hörmətlə çəksinlər,
xatirələrini ehtiramla
ansınlar. Sabahımızın
gəncləri igidliyi
və cəsarəti bu qəhrəmanlardan öyrənsinlər, onlardan
örnək götürsünlər.
Bünövrəsi şərəf
və cəsarətlə
qoyulmuş qəhrəmanlıq
yolunu elə şərəflə də
davam etdirsinlər. Qəhrəmanlıq tariximizə
daha möhtəşəm,
daha önəmli səhifələr yazsınlar.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
20 avqust (№ 177).- S.10.