Kitablar
arasında yaşanan ömür
Peşələrin pisi
yoxdur, hamısı yaxşıdır.
Amma baxır ki, sən onların
içindən hansına
ürək qızdırırsan,
hansına könül
verirsən, gözün
hansını tutur. Beləcə, ilk gündən sevib-seçdiyin
peşəyə ürəkdən
bağlanırsan. Ondan sonra ömrünün axırına qədər
həmin peşə ilə dost olursan,
yol yoldaşlığı
edirsən. Ürəkdən
seçilən və
sevilən peşələr
ömrüboyu insana könül xoşluğu
verir, ondan zövq ala-ala yaşayırsan. Zamanında
seçimini düzgün
etdiyinə görə
könül rahatlığı
tapırsan. Uzun illər işlədiyin peşənin üstünlüyünü
təbliğ edirsən,
tərifini göylərə
qaldırırsan, onu sabahın gənclərinə
də sevdirməyə
çalışırsan.
Ömrünün illəri
yetmişə doğru
asta-asta addımlayan Cəmilə Səmədova
da hələ gənclik çağlarından
kitabxanaçılıq peşəsinə
könül verib. İstəyinə çatmaq,
arzusuna qovuşmaq üçün Xətai rayonundakı 116 nömrəli
orta məktəbdə təhsilini
başa vurandan sonra 1980-ci ildə keçmiş Bakı Mədəni-Maarif Texnikumuna
(indiki Azərbaycan Mədəniyyət və
İncəsənət Universitetinin
nəzdində fəaliyyət
göstərən Bakı
Humanitar Kolleci) qəbul olub. Bu təhsil
ocağında kitabxanaçılıq
peşəsinin sirlərinə
yiyələnib. Getdikcə
bu ixtisasa həvəsi daha da artıb. Bu maraq 1982-ci ildə Cəmilə xanımı Azərbaycan Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsinə
gətirib. Ali təhsilini başa vurandan sonra Xətai rayonundakı Mərkəzləşmiş
Kitabxana Sisteminin 10 nömrəli filalında kitabxanaçı kimi işə başlayıb.
İllərdən bəri
ürəyində gəzdirdiyi
istəyinə, arzusuna
çatıb.
İndi həmin
vaxtdan nə az, nə çox
40 il keçir. Cəmilə Səmədova
gənclik illərindən
sevib-seçdiyi kitabxanaçılıq
peşəsində indi
də həvəslə
çalışır. Hər
gün səhər ertədən iş yerinə - Səbail rayon Mərkəzləşmiş
Kitabxana Sisteminə gəlir. Cəmilə xanım hazırda həmin kitabxanada kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması şöbəsinin müdiri
vəzifəsində çalışır.
"Kitabların hərəsi
mənim üçün
bir dünyadır"
Keçdiyi şərəfli
ömür yolu ilə yaxından tanış olmaq üçün Cəmilə
xanımla elə iş yerində görüşdük. Kitabxanaya
addımlarımızı qoyduğumuz
ilk andan buradakı səliqə-sahman,
təmizlik diqqətimizi
cəlb etdi. Kitabxanaçılar iş
başında idilər.
Masanın üstündə
səliqə-sahman yaradan
kim, oxuculara xidmət göstərən
kim, kitabları qəbul edən kim... Əsl işgüzar mənzərə
idi.
Kitabxanada gördüklərimiz
ovqatımıza ovqat qatdı. Elə bu ovqatla da
təcrübəli kitabxanaçı
ilə söhbətə
başladıq. Yenicə
cığırına düşdüyümüz
söhbət əlimizdən
tutub bizi artıq yaşanmış
illərin o üzünə
apardı. O illərə
ki, onda Cəmilə kitabxanaçı
olmaq arzusu ilə yaşayırdı.
Bəs görəsən
bu arzusu onun ürəyinə necə düşüb, bu istək haradan
yaranıb.
Bu barədə
özündən soruşanda
Cəmilə xanım
arxada qalmış o illərdən həvəslə
danışdı. Dedi
ki, kitabxanaçı
işləyən Leyla
xalası tez-tez onlara maraqlı kitablar gətirərdi:
"Biz də bu kitabları həvəslə oxuyardıq.
Bəzən də kitab almaq üçün
xalamın iş yerinə gedərdik. Onun çalışdığı
kitabxanada gördüklərim
məni heyran edirdi. Günlər keçdikcə kitabxanaçı
olmaq arzusu ürəyimə işıq
salırdı. Beləcə,
yavaş-yavaş arzumu
qətiləşdirirdim. Hər
dəfə Leyla xalamın iş yerinə gedəndə bu peşəyə sevgim, məhəbbətim
artırdı. Anamla məktəbimizin yaxınlığındakı
kitab mağazasına getdiyim günləri də yaxşı xatırlayıram".
Söhbətindən, danışığından hiss
etdik ki, Cəmilə Səmədova
həm də mütaliə həvəskarıdır.
İlk oxuduğu kitabın hansı olduğunu soruşanda dedi ki, ilk
oxuduğum irihəcmli
kitab görkəmli yazıçımız Mircəlal
Paşayevin "Şəfəqdən
qalxanlar" əsəri
idi: "Üstündən
illər keçsə
də, bu kitabın adını da, məzmununu da yaddan çıxarmamışam.
İnsan mütaliəsiz
yaşaya bilməz. Mütaliə hər birimizə hava və su kimi
lazımdır. Çünki
mütaliə insanı
mənəvi cəhətdən
zənginləşdirir, onun
dünyagörüşünü formalaşdırır, həyata
baxışlarını dolğunlaşdırır.
Bunu gənclərə
də deyirəm, onları da mütaliəyə həvəsləndirirəm.
Mən bu gün də mütaliəmdən qalmıram".
Cəmilə Səmədova
daha çox klassiklərə üstünlük
verir. Deyir ki, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Əli Vəliyevin, Nurəddin Babayevin, Salam Qədirzadənin, Yüsif
Vəzir Çəmənzəminlinin,
Cəlil Məmmədquluzadənin
və başqalarının
kitabları daim masasının üstündədir:
"Xarici ədəbiyyat
nümunələrini oxumağa
da üstünlük verirəm. Vaxt tapanda gənc yazarların da əsərlərinə baxıram.
Təkcə kitabxanada
deyil, işdən sonra evdə də kitablarla üz-üzəyəm. Evdə
də sevimli yazıçılarımın əsərlərindən ibarət
kitabxanam var. Kitablar mənim ən yaxın dostum və yol yoldaşımdır. Onlar çox sədaqətli və etibarlı dostlardır, ünsiyyətdə olduqca
sanki bütün qayğılarımı, çətinliklərimi
unuduram. Həmişə
deyirəm ki, kitabların hərəsi mənim üçün bir dünyadır. Mən bu dünyanın
içində özümü
çox rahat hiss edirəm. Bəzən zövq aldığıma görə
eyni kitabları, əsərləri təkrar
oxuyuram".
"Gənclər həm
elektron formatda, həm də ənənəvi qaydada mütaliə edirlər"
Təcrübəli kitabxanaçı
söhbət zamanı
gənclərin mütaliəyə
olan marağından da söz açdı.
Dedi ki, düzdür, gənclərin
kitabxanaya gəlişləri
əvvəlki vaxtlara nisbətən bir az seyrəlib. Amma bu o demək
deyil ki, onların mütaliəyə
marağı azalıb.
Qətiyyən, elə
deyil. Çünki gənclərimiz daha çox elektron mütaliəyə üstünlük
verirlər. İndi onlar məlumatları əvvəlki illərdə
olduğu kimi kitablardan, qəzetlərdən
deyil, saytlardan, xəbər agentliklərindən
də alırlar. Bu formada bir
növ vaxtlarına qənaət edirlər. Gənclərimizin elektron formatda mütaliələyə
üstünlük vermələrini
təbii qarşılayıram.
Bütün bunlar texniki tərəqqinin gənclər üçün
yaratdığı əlverişli
imkandır. Yaxşıdır
ki, onlar bu imkanlardan təhsillərini, elmlərini
artırmaq uçun səmərəli şəkildə
istifadə edirlər.
Bir iş də sevindiricidir ki, gənclərimiz elmi-texniki tərəqqi ilə ayaqlaşır, yaşadıqları zamandan
geri qalmamağa çalışırlar. Müasir
texnoloji vasitə və avadanlıqları peşəkarcasına mənimsəyirlər.
Bəzən elə mənim özüm də elektron mütaliə edirəm. Əsas odur ki, təki gənclərimiz
oxusunlar - istər elektron qaydada, istərsə də ənənəvi formada. Gənclərimizin mütaliə
etdikləri kitabların
mövzu dairəsi də genişdir. Onlar daha çox
biznes, psixologiya, hüquq, tarix, idarəetmə və başqa mövzularda kitablar oxuyurlar. Deməli, sabahımızın
gəncliyi hərtərəfli
inkişaf edir.
Cəmilə Səmədova
dedi ki, mən bu sahəni
seçdiyimə görə
qətiyyən peşiman
deyiləm. Axı mən özümü burada tapmışam, burada kəşf etmişəm. Mən peşəmin xoşbəxtiyəm.
Kim bilir, bəlkə də başqa sahədə çalışsaydım, heç
belə gözəl bir ömür yaşamayacaqdım.
Şablon səslənsə
də demək istəyirəm ki, əgər dünyaya təzədən gəlsəydim,
yenə də kitabxanaçılıq ixtisasını
seçərdim...
Kitabxanaçı qadın
həm də xoşbəxt anadır
Cəmilə xanım
söhbət zamanı
cəmiyyətdə mütaliəyə
marağın artırılması
məqsədi ilə kitabxana rəhbərliyinin
gördüyü işlərdən,
həyata keçirdiyi
layihələrdən də
söz açdı. Dedi ki, kitabxanaçılar
bu məqsədlə zəruri işlər görürlər. "Çox
oxuyan, çox qazanar" layihəsini uğurla icra edərək həm uşaq bağçalarında,
həm də orta məktəblərin aşağı siniflərində
qiraət saatları təşkil edilir: "Layihəyə uyğun olaraq kitabxanaçı qızlarımız həmin
qiraət saatlarında
balacalar qarşısında
yazıçı və
şairlərimizin əsərlərini
oxuyur, onlarda kitaba, mütaliəyə həvəs
və maraq oyadırlar. Bundan başqa, kitabxanada da müvafiq tədbirlər təşkil
olunur. Tez-tez şəhid ailələri
ilə, qazilərlə
və məktəblilərlə
görüşlər keçiririk.
Bütün bu görüşlər təbii
ki, tədbir iştirakçılarının mütaliəyə, kitablara
maraq və sevgisini daha da artırır. Bu isə cəmiyyətimizdə
mütaliə mədəniyyətinin
inkişafına və
formalaşmasına dəyərli
töhfələr verir.
Kitablar arasında
şərəfli bir ömür yaşamış
Cəmilə Səmədova
həm də xoşbəxt anadır. O,
dövlətimiz, cəmiyyətimiz
üçün iki oğul övladı böyüdüb tərbiyə
edib. Onlara gələcək həyatlarını
qurmaqda düzgün yol göstərib.
Saçlarını kitabların arasında ağartmış Cəmilə
xanım müntəzəm
olaraq dövri mətbuatda mütaliə mədəniyyəti, kitabxanalar
və toleriantlıq mövzusunda məqalələrlə
də çıxış
edir. Məsləhət
və tövsiyələrini
gənclərdən əsirgəmir.
İllərdən bəri
qazandığı təcrübəni
daim həmkarları ilə bölüşür.
Söhbət etdikcə
Cəmilə xanım
tez-tez qarşısındakı
sənədlərə baxır.
Hərdən əllərini
bir-birinin üstünə
qoyub ömrünün
hansısa günlərini
xatırlayırmış kimi
fikrə gedir. Sonra da suallarımıza
aydın və təmkinlə cavab verir. Kitabxanaçı qadının əllərinə
baxdıqca xoş duyğulara köklənirik.
Düşünürük ki, bu əllər
bundan sonra da neçə-neçə
kitabları vərəqləyəcək,
neçə-neçə məqalələr
yazacaq, oxuculara xidmət göstərəcək.
Çünki söhbətimiz
zamanı Cəmilə
xanım böyük ruh yüksəkliyi ilə dedi ki,
hələ yorulmayıb
və yenə də həvəslə işləyir. Deməli, təcrübəli kitabxanaçı
bu gündən sonra neçə illər ən yaxın dostu və yol yoldaşı
olan kitablardan ayrılmayacaq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
21 avqust, ¹ (178).- S.11.