Makron düşdüyü vəziyyətdən
çıxış yolu
axtarır
O, demokratiyaya qarşı institusional çevrilişdə
ittiham olunur
Fransada solçu
müxalifət prezident
Emmanuel Makronun impiçmentinə
nail olmaq üçün
planlarını açıqlayıb.
Bu addımın səbəbi
prezidentin Yeni Xalq Cəbhəsi (NPF) blokunun bütün partiyalarının
razılaşdırdığı
Lüsi Kastenin baş
nazir postuna namizədliyini
irəli sürməkdən
imtina etməsidir.
Solçuların məntiqinə
görə, prezident onun namizədliyini irəli sürməyə
borcludur, çünki
blok bu yaxınlarda
keçirilən parlament
seçkilərində birinci
yeri tutub. Lakin Makronun özü fərqli fikirdədir. O bildirib ki, parlament seçkilərində qalib
olan qüvvə yoxdur. Bu günlərdə
solçu siyasətçilərin,
o cümlədən "Yenilməyən
Fransa" partiyasının lideri Jan-Lük Melanşonun "The Tribune Sunday" qəzeti üçün
yazdığı məqalədə
deyilir: "Prezident Makron bilməlidir ki, onu dövlət başçısı postundan
kənarlaşdırmaq üçün
bütün konstitusiya
vasitələrindən istifadə
olunacaq, onun demokratiyanın əsas qaydasına qarşı biabırçı addımına
heç bir tabeçilik olmayacaq: Fransada yeganə hakim xalq səsidir".
Digər məsələlərlə
yanaşı, dövlət
başçısı demokratiyaya
qarşı institusional
çevrilişdə ittiham
olunur. Belə ki, Makron parlament seçkilərinin nəticələrini
qəbul etmək istəmir.
Müəyyən dərəcədə
mümkün impiçmentin
elanı solçular üçün ümidsizlik
addımıdır. Çünki
NPF-nin Milli Assambleyada cəmi 193 mandatı var, zəruri çoxluq üçün isə
289 mandat lazımdır.
Çoxluğu əldə
etmək üçün
koalisiyaya mərkəzçi
və ya sağçı partiyaları
cəlb olunmalıdır,
lakin NPF-nin bununla bağlı problemləri mövcuddur.
Bu, Makrona Kastenin namizədliyini irəli sürməkdən imtina etməyə əsas verib. Hökumətin təyinatı, hətta ən optimist hesablamalara görə, yalnız sentyabrın əvvəlində
baş tutacaq. Fransa prezidenti avqustun 23-də bütün parlament partiyalarını onunla məsləhətləşməyə dəvət edib. Bu fasilənin ən çox yayılmış
izahlarından biri Makronun siyasi planını həyata keçirmək üçün
potensial müttəfiqlərin
razılığının olmamasıdır. Bu plan Yeni Xalq
Cəbhəsinin parçalanmasından,
mötədil solçuların
- sosialistlərin və
ekoloqların prezident bloku ilə koalisiya yaratmasından ibarətdir. Ən yaxşı halda onlara "Respublikaçılar"
da qoşulacaq - daha doğrusu, sağ mərkəzçi partiyanın
millətçilərlə ittifaqdan imtina edən hissəsi.
Bu ssenari reallaşarsa,
yeni koalisiyanın ən
azı 400 mandatı olacaq və bu da zəruri parlament çoxluğunu xeyli üstələyir. Ən əsası isə nə sol, nə də sağ cəbhənin belə bir koalisiyada
bloklayıcı paketi
olacaq - və bu, prezidentin imkanlarını daha da artıra bilər.
Lakin belə bir planı həyata keçirmək gündən-günə
nüfuzunu itirən Makron üçün asan məsələ deyil. Bundan əlavə,
Makronun ehtiyatda daha bir variantı
var - "Respublikaçılar"la koalisiya yaratmaq və sonradan ona solçuları qoşmaq. Bu, ən pis variantdır, çünki sağçıların
daha az mandatı
var.
Amma deyəsən, Makron
bu variantı nəzərdən keçirir.
Təsadüfi deyil
ki, baş nazirliyə
mümkün namizədlər
sırasında "Respublikaçılar"ın
iki yüksəksəviyyəli
nümayəndəsinin adı
hallanır.
Xatırladaq ki, Fransa prezidenti
iyulun 16-da növbədənkənar
parlament seçkilərinin
nəticələrinə görə
postunu tərk etmək istəyən baş nazir Qabriel Attalın istefasını
qəbul edib.
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2024.-
22 avqust, № (179).- S.12.