Aqrar sektorun da COP29-dan gözləntisi
çoxdur
BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) bir çox məsələlərlə
yanaşı, kənd təsərrüfatına da diqqət
yetirəcək. Qlobal konfrans elmi-tədqiqat
institutlarını, qeyri-hökumət təşkilatlarını
və yerli icmaları bir araya gətirərək, aqrar bölmədə
iqlim dəyişmələrinin təsirinin azaldılması
üçün innovativ yanaşmaları müzakirə edəcək.
Ekologiya və təbii
sərvətlər naziri, COP29-un müəyyən olunmuş
prezidenti Muxtar Babayev bir müddət öncə sessiya ilə əlaqədar
təqdimat mərasimində bildirmişdi: "Tədbirin
proqramı təkcə maliyyə məsələləri ilə
məhdudlaşmayacaq. Burada bir çox mövzularla
yanaşı, "yaşıl kənd təsərrüfatı"
və ərzaq təhlükəsizliyi mövzuları da
gündəlikdə olacaq".
Məlumdur ki,
aqrar sektor qlobal iqlim dəyişmələrinin fəsadlarına
məruz qalan ən həssas sahələrdən biridir.
İqlim dəyişmələri torpağın məhsuldarlığına,
məhsul istehsalına,
su təchizatına böyük təsir edir. Ona
görə də ölkəmizdə "yaşıl
enerji"yə keçid, "yaşıl kənd təsərrüfatı"na
dəstək üçün dövlət proqramları həyata
keçirilir. Bu proqramlar çərçivəsində
"yaşıl kənd təsərrüfatı"na
keçid üçün fermerlər arasında maarifləndirmə
işi aparılır, "yaşıl kənd təsərrüfatı"nın
faydaları izah edilir.
Bundan başqa, Azərbaycanda
aqrar sektorun iqlim dəyişmələrinə qarşı
dayanıqlığını təmin etmək
üçün bir neçə isqiqamətdə strategiyalar
tətbiq olunur. İqlimə uyğun torpağın
qorunması, sudan səmərəli istifadə, növbəli əkinçilik,
üzvi gübrələmə kimi təcrübələrdən
davamlı istifadə
torpağın eroziyasını azaldır, suyun
israfını minumuma endirir və məhsuldarlığı
artırır. Bir fakt: növbəli
əkinçilik eyni torpaq sahəsində müxtəlif bitkilərin
ardıcıl şəkildə əkilməsini nəzərdə
tutur ki, bu da torpağın daha sağlam və məhsuldar
olmasına kömək edir. Bəzən isə fermer becərmədən
düzgün istifadə etməyəndə əks-nəticə
ilə üzləşməli olur. İqtisadçı ekspert
Akif Nəsirli deyir ki, kənd təsərrüfatı ilə
məşğul olan insanlara bitkiyə azotu normadan artıq
vermək lazım olmadığını, hansı dövrdə
verilməli olduğunu izah etmək lazımdır: "Tərəvəz
və bostan bitkilərinin məhsuldarlığını
artırmaq üçün azot gübrələrindən daha
geniş istifadə olunur. Doğrudur, bu gübrələr
bitkinin böyüməsində, məhsuldarlığın
artmasında böyük rol oynayır. Amma həmin tərəvəzlərdən
istifadə edənlərin sağlamlığı təhlükə
altında olur. Buna görə də təlimlər
keçirib onlara torpaqdan, gübrələrdən
düzgün istifadə qaydalarını başa salmaq
lazımdır. Azot bitkinin vegetativ orqanlarının
inkişafı üçündür. Bu gübrəni
çiçək dövrünə qədər vermək
lazımdır. Həmin dövrdən sonra bitkiyə azot vermək
cinayətdir. Torpağın kaliuma, fosfora olan tələbatını
ödəmək lazımdır. Torpağın güclənməsi
üçün ona orqanik peyin verilməlidir".
Bu deyilənlər
təbii ki, iqlim dəyişmələrinin mənfi təsirlərini
azaltmaq və kənd təsərrüfatı sektorunun
dayanıqlığını artırmaq
üçündür. Amma iqlim dəyişikliyi ilə
mübarizə və kənd təsərrüfatının
dayanıqlığının artırılması yalnız
qlobal ərzaq təhlükəsizliyini təmin etmək
üçün deyil, həm də kənd təsərrüfatı
ekosistemlərinin qorunması və kəndlinin rifahının
yüksəlməsi üçün də əhəmiyyətlidir.
COP29-da bu cür tədbirlərin
dəstəklənməsi və ardıcıl yerinə
yertirilməsi üçün müvafiq qərarların qəbul
edilməsi gözlənilir.
Başqa bir məsələ.
Aqrar sektorda suvarmadan düzgün istifadə etməklə
iqlim dəyişmələrinin fəsadlarına
"qalxan" tutmaq mümkündür. Damcı üsulu ilə
suvarma sistemləri, yağış suyunun
yığılması, su ehtiyatlarının bərpası
kimi texnologiyalar və təcrübələrin tətbiqini genişləndirmək
dövrün tələbidir. Bu üsullar suyun bitkinin
birbaşa köklərinə çatdırılması ilə
israfı azaldır və su resurslarının səmərəli
istifadəsini təmin edir. Yağış suyunun
yığılması isə su qıtlığı olan
bölgələrdə su ehtiyatlarının
artırılmasına əməlli-başlı
yardımçı olur. Onu da bildirək ki, quraqlığa
davamlı bitkilər iqlim dəyişmələrinə
"müqavimət"
göstərir və bu, su qıtlığı olan
bölgələrdə məhsul istehsalını davam etdirməyə
imkan verir. "Yaşıl kənd təsərrüfatı"
həm "yaşıl enerji"dən, həm də kimyəvi
gübrələrdən normasında istifadə etmək, daha
çox təbii gübrələrə üstünlük
vermək deməkdir. Aqrar sektora "yaşıl enerji"ni
düzgün tətbiq etmək məhsuldarlığın
artmasında böyük rol oynayır.
Bütün
bunlardan sonra belə qənaətə gəlmək
mümkündür: COP29-un Azərbaycanda aqrar sektorun
qabaqcıl beynəlxalq təcrübələrə, texnoloji
mübadilə və innovasiyalara
uyğunlaşdırılmasında mühüm rolu
olacağı şübhəsizdir.
Züleyxa
ƏLİYEVA,
Azərbaycan.-2024.-
22 avqust, № (179).- S.8.