Övladlarımız
niyə aqressivdir?
Son dövrlərdə
məktəbli, yeniyetməlik
çağında olan
uşaqlarda aqressiya hallarının artdığını
müşahidə edirik.
Onların ailə üzvlərinə qarşı
kobud davranış sərgiləmələri, məktəbdə,
küçədə həmyaşıdlarına,
yaxud özlərindən
kiçik və ya böyük uşaqlara güc tətbiq etmələri, qəddar cəza üsullarına əl atmaları, hətta bu hərəkətləri
ilə öyünərək
çəkib paylaşmaları
və bu kimi tez-tez rastlaşdığımız
digər xoşagəlməz
hallar hər bir valideyndə, ümumiyyətlə cəmiyyətimizdə
böyük narahatlıq
və təşviş
yaradır.
Bəs övladlarımız
niyə aqressivdir? Onları belə davranışlara vadar edən səbəblər
hansılardır? Uşaqların
psixoloji sağlamlığının
pozulmaması üçün
nələrə diqqət
yetirilməlidir?
Mövzu ilə
bağlı suallarımızı
bu sahə üzrə ölkənin ən peşəkar mütəxəssislərindən olan həkim psixiatr, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov cavablandırır.
İlk səbəb
"Niyə uşaqlarımız
aqressivdir?" sualının
birmənalı cavabının
olmadığını söyləyən
psixiatr İkram Rüstəmovun fikrincə,
nəinki uşaqlarımız,
ümumiyyətlə dünyadakı
insanlar zaman içində müəyyən
qədər aqressivləşiblər
və bunun müxtəlif səbəbləri
var. İnsanın aqressiv, hövsələsiz
olmasının birinci
səbəbi genetik - bioloji amillərlə bağlıdır: "Çünki
hər sosial problem yaşayan, hər gərgin adam aqressiv olmur.
Psixoloji nöqteyi-nəzərdən
baxanda bunu iki hissəyə bölürük: intravert
və ekstravert insanlar. Birincilər emosiyalarını daha çox çölə əks etdirirlər, daha çox aqressiv görünürlər.
İkincilər isə
bu gərginliyi (düzdür zaman-zaman onlar da aqressiya
göstərə bilərlər)
əsasən, xalq dilində desək, ürəyə salaraq, daha çox təşviş, qorxu, stress dolu vəziyyət
kimi yaşayırlar".
Psixiatr vurğulayır
ki, ümumiyyətlə,
insanın istər fiziki, istər psixi problemlərinin əksəriyyətinin altında
müxtəlif genetik amillər dayanır. Şüa, radiasiya, qida kimi genetikaya
təsir edən, onu pozan amillər,
üç-dörd nəsil
sonra belə, nəvə-nəticələrdə müxtəlif problemlərə
gətirib çıxara
bilər, o cümlədən
aqressiyaya: "Bu yaxınlarda Cənab Prezident qohum evliliklərini qadağan edən çox önəmli bir qanun imzaladı. Nəzərə alaq ki, yaxın genetik strukturu olan insanlardan doğulan uşaqlarda xəstəliklərin artma
riski daha yüksəkdir. Bu, müəyyən dərəcədə
həmin problemlərin
azalmasına gətirib
çıxaracaq önəmli
qanundur".
Nə yeyiriksə,
oyuq
İkram Rüstəmov
məlumat verdi ki, sosial faktorlar
aqressiyanı yaradan başlıca səbəblərdəndir:
"İnsan sosial varlıqdır. Bu baxımdan nəzərə
alsaq ki, son zamanlar sosiallığımız
azalır, bir az yalnızlaşırıq,
özümüzə qapanırıq
və bunların hamısı müəyyən
dərəcədə aqressiv
duruma, duyğularımızı
kontrol edə bilməməyimizə gətirib
çıxara bilir. Sosial faktorlar arasında texnologiya, sosial şəbəkələr
böyük yer tutur. Eyni zamanda
qidanı misal göstərmək olar. Əvvəlki dövrlərə
nisbətən hazırda
təbii, üzvi qidalarla qidalanmada ciddi azalma var.
Günümüzdə daha
çox paketləşdirilmiş
qidalardan istifadə olunur. Düşünürəm
ki, bunun da aqressiyanın yaranmasında müəyyən
dərəcədə təsiri
var. Belə bir söz də
var ki, "nə yeyiriksə, oyuq".
Psixiatr bildirdi ki, cəmiyyətimizdə
çox sıx qarşılaşılan ailəiçi
münasibətlərdə pozulmalar da xüsusi
aqressiya yarada bilir: "Tutaq ki, valideyn münasibətlərinin
pozulması, ata-ananın
bir-birinə dözümsüzlüyü,
yola gedə bilməməsi o evdə böyüyən uşaqların
hövsələsiz, aqressiv
olmalarına gətirib
çıxarır. Bir
başqa məqam isə (bu bir
az bəlkə də yeni iqtisadi
sistemin gətirdiyi bir xüsusiyyətdir) maddi məsələlərin
ön plana keçməsi ilə əlaqədardır. Artıq
biz böyüklərin
məişət problemləri
o qədər artıb
ki, uşaqlara verdiyimiz emosiya, onlara ayırdığımız
vaxt, keçirdiyimiz zaman keyfiyyətsiz
olub. İstər-istəməz
bunun da uşaqların gərginləşməsində,
narahatlığında artırıcı
rolu var".
Yeniyetməlik dövründə
bu xaos çox
yaşanır
"Uşağın inkişafında
problem olan iki dövr var. Biri "iki yaş dövrü"dür,
digəri yeniyetməlik",
- deyən həkim məlumat verdi ki, keçid dövrü olduğu üçün
həmin dönəmlərdə
fiziki inkişafla psixi inkişafın balansı pozulur. Məsələn, "iki
yaş sindromu" çağalıqdan uşaqlığa
keçid dövrüdür.
Yeniyetməlik isə uşaqlıqdan böyüklüyə
keçid dövrüdür.
İqlimə, genetikaya
görə yeniyetməlik
yaşı dəyişə
bilər, bu, hamıda eyni olmur, amma ümumi standartlaşdırılmaya görə
11-22 yaş yeniyetməlik
dövrü sayılır.
Psixiatr İkram Rüstəmov
izah etdi ki, insanın başqasına və özünə zərər vermək davranışı həddi
aşan davranışdır:
"İnsan psixikası
inkişaf edərkən
"super eqo" adlandırılan
məfhum var - vicdanımızı,
əxlaqımızı, cəmiyyət
qanunlarını, daxili
instiktlərimizi, hisslərimizi,
duyğularımızı bir
mənada nəzarət
edən beyin və ya psixika
mexanizmi. Kimin
"super eqo"su zəifdirsə
(xüsusilə, yeniyetməlik
dövründə bu xaos çox yaşanır), onun psixikasında müəyyən
boşluqlar yaranır.
Hətta normal inkişaf
edən yeniyetmədə
də müəyyən
dərəcədə "super eqo" formalaşmağa başlayır Buna bağlı
bəzi həddi aşmaları görə
bilirik. Amma bir insan - uşaq və ya böyük
olsun, özünə
yaxud başqasına həddi aşacaq zərər verirsə, artıq bu halda
"uşaq stres keçirdi, belə oldu" yanaşması doğru deyil".
Mütəxəssis bildirir
ki, burada psixi pozuntudan söhbət gedir. Buna görə onun altında yatan səbəbləri araşdırmaq lazımdır
ki, bioloji faktorlarmı,
psixi xəstəlikmi,
müxtəlif psixi travmalarmı var və ya bu sosial
problemlərləmi bağlıdır:
"Amma heç zaman səbəb
təkbaşına olmur,
çoxmənşəli olur.
Yeri gəlmişkən,
deyim ki, müasir tibbdə multidisiplinar yanaşma deyilən bir məfhum var. Konsiliumlar keçirilir, həkimlər ortaq qərara gəlirlər. Hər bir pasiyentə
fərdi yanaşma olur. Ona görə təbabətdə bizə
dərs keçəndə
də deyirdilər ki,
"xəstəlik yoxdur,
xəstə var. Hər
xəstənin problemi
fərdi olduğu kimi, müalicəsi də fərdidir".
Zəmanənin mənfi
təsirləri
Belə bir məşhur deyim var ki, uşaqlar valideynlərindən
daha çox zəmanəyə oxşayırlar.
Bəs bu deyimdə həqiqət payı nə qədərdir?
İkram Rüstəmov bildirdi ki, birmənalı olaraq zəmanənin həmin zəmanədə yetişən
hər kəsə təsiri var: "İnsan
yaşamında onun daxili dünyası, ənənəsi, görüb-götürdüyü
sosial məsələlər,
yetişdiyi ailə, mədəniyyət, hansı
cəmiyyətdə böyüməsi
çox önəmlidir.
Tutaq ki, bir azərbaycanlı müəyyən
yaşdan sonra Amerikada,
Fransada, İngiltərədə
və digər ölkələrdə gedib
yaşadığı zaman heç vaxt amerikanlaşa, fransızlaşa... bilməz.
O, ömrünün sonuna
qədər azərbaycanlılığını
qoruyub saxlaya biləcək. Həmin mühitə uyğunlaşan
isə onun orada doğulan övladları olacaq. Bu uşaqların genetikası
azərbaycanlı ola bilər,
amma əsasən ya fransız, ya amerikan, ya ingilis...
olacaq. Bu mənada hamımız zəmanə
uşağıyıq. Yaxud,
10-12 yaşı olan
zaman məcburi köçkün
düşmüş bir
uşağı götürək.
Həmin yaşdakı
o uşaqla, indi 30-40 yaşına çatmış
"uşaq" eyni deyil. Yəni onun oradakı psixologiyası, həyata baxışı - yaş,
təhsil fərqini nəzərdə tutmuram -
mühitin təsiri ilə formalaşır.
İndi yenidən qayıdıb
o mühitə düşsə,
bəlkə də özünü yad kimi
hiss edəcək. Düzdür,
həmin vaxtdan qalan hisslər, xatirələr adaptasiyasını
asanlaşdıra bilər,
o vaxt bir yerdə olduğu məhəllə, sinif uşaqları ilə,
dost-tanışlarla bir
araya gələndə,
o dönəmin bir nostalgiyası paylaşılır.
Amma o da həqiqətdir ki, artıq onlar fərqli dünyanın insanlarına çevriliblər.
Bu misalların timsalında
da deyirəm ki, zəmanə
birmənalı şəkildə
insanın formalaşmasına
təsir göstərir.
Yuxarıda da vurğuladığım
kimi, hazırda yaşadığımız zəmanənin
problemlərinin də
uşaqlarımızın aqressiv
olmasında böyük
rolu var".
Yerindən duran psixoloq olanda...
Aqressiyası olan uşaqlar psixoloqa, yoxsa psixiatra aparılmalıdır? Bəzən
valideynlər bununla əlaqədar çaşqınlıq
yaşayırlar.
"Hazırda cəmiyyətimizdə
yerindən duran psixoloq olduğu üçün, əslində
bu məsələ çox müzakirə olunan mövzudur", söyləyən İkram Rüstəmov
deyir ki, insan hər zaman psixi problem yaşayır. Psixi problem
o zaman psixi pozuntu halını alır ki, bu həddi aşır.
Həddi aşmaq insanın gündəlik həyat keyfiyyətini, işgörmə qabiliyyətini
pozur və artıq bu, psixi pozuntu səviyyəsinə
gəlib çatmaq deməkdir: "Bir insanın
həyat keyfiyyətində
psixi mənada pozuntu varsa, bu, psixoloq yox,
məhz psixiatr və ya uyğun
durumda klinik psixoloq tərəfindən
dəyərləndirilə bilər. Əgər qərar verilsə ki, bu tibbi pozuntudur,
təbii ki psixiatrik tərəfdən müalicə
edilməlidir. Yox, əgər
psixososial məsələlərlə
bağlıdırsa, psixoterapiyalar,
müxtəlif psixolojik
yanaşmalarla klinik psixoloqlar da problemi yoluna qoya bilərlər.
Amma hansısa bakalavr məzunu olan psixoloqun hər hansı psixoloji problemçözmə bacarığı
və səlahiyyəti
yoxdur".
Həkim bildirir
ki, 10-15 il əvvələ nəzərən, hazırda
valideynlər uşaqlarını
daha rahat şəkildə psixiatr yanına gətirirlər:
"Əvvəllər pasiyent
yanıma gələndə
deyirdi ki, "doktor, psixiatr olduğunuzu deməyin, deyin ki, nevropotoloqam". İndi tam əksinə,
yanıma gələndə
deyirlər ki, "məsləhət
gördülər ki, nervpotoloqa
gedim, amma araşdırıb
gördüm ki, psixiatr
yanına getməliyəm".
İnsanlarımızın, ümumilikdə isə
dünyadakı insanların
hamısının psixiatriyaya
bir damğalı baxışı var. Bizdə
bunun təməli Sovet İttifaqı zamanı qoyulub. Belə ki, sosialist ideologiyası deyirdi ki,
"bizim ölkəmizdə
ruhi xəstə yoxdur". Ona görə bir çox psixiatrik xəstəxana şəhərdən kənarda
açılırdı, bu
işlə məşğul
olan adamlar "dəli həkimi" adlandırılırdı və
sair. İndiki dövrdə bir az "müasirləşərək" müəyyən
dərəcədə təfəkkürümüz
dəyişib, amma bu fikir tam yox olmayıb..."
Sevgi və güvən
Mütəxəssis analizlərinə
əsasən aydın
oldu ki, uşaqlarımızın
aqressiv olmasına bir çox amillər səbəb olur.
Onların arasında ailə, valideyn münasibətlərinin özünü qabarıq
göstərməsi isə
elə uşaqların
aqressiyası qədər
təhlükəli və
diqqətolunası problemdir.
"Adətən valideynlərin
"bizim vaxtımızda
belə deyildi",
"biz də uşaq
olmuşuq" kimi övladlarına dedikləri
sözlər var. Amma hər
dövrün tələbləri
başqadır. Bir valideyn
heç zaman özü
də həmin yaşı keçdiyinə
görə övladını
tam anlaya bilməz. Düzdür, bəzi ortaq xüsusiyyətlər
ola bilər, amma tam olaraq
onu anlaması mümkün deyil. Övladı da heç vaxt tamamilə empatiya qurub valideynini anlaya bilməz", - deyən
İkram Rüstəmovun fikrincə,
hər dövrdə dəyişməyən tək
gerçəklik var ki, uşaq
yetişdirərkən iki
təməl amil vacibdir:
biri sevgidir, digəri güvən.
Psixiatr bildirir
ki, valideyn övladını
sevərkən, onunla münasibət qurarkən
övladı əmin olmalıdır ki, ata-anası
onu o olduğu üçün sevir. Nə yaxşı oxuduğu, nə tərbiyəli olduğu, nə hansısa pis vərdişlərinin olmadığı üçün
yox. Həmin övlad sağlam ruh halı, sağlam psixologiya ilə yetişəcək.
Burada söhbət sevgi
hissini mənimsəməkdən
gedir: "Etimad duyğusu
da həmçinin. Övlad
bilməlidir ki, ata-ana
hər zaman onun arxasındadır. Nə olursa-olsun, başına nə gəlirsə-gəlsin,
nə səhv edirsə-etsin hər zaman
o güvəni yaşaya
bilər. Etimad duyğusunu
tam olaraq vermək çox önəmlidir. Zəmanə də, sosial faktorlar da dəyişsə, bu heç zaman dəyişmir.
Sevgi və etimad təməlləri sağlamdırsa,
digər problemlər aşılır".
Xoşbəxt uşaq
o ailədə yetişər
ki...
Həkim vurğulayır
ki, bəzən övlad-valideyn,
istərsə də cütlük münasibətlərində
problemlər qışqıraraq,
bağıraraq, emosiya
ilə həll edilməyə çalışılır:
"Amma qlobal məsələlərdə
olduğu kimi, cəmiyyətin ən kiçik modeli olan ailədə də problemləri ağılla, siyasətlə,
soyuqqanlılıqla həll
edə bilərik. Qorxu ilə bəzi məsələləri
yoluna qoymaq olar, ancaq problemin
kökündən həlli
üçün daha ağıllı və soyuqqanlı olmaq lazımdır. Çox
zaman valideynlər övladları
ilə öz daxili dunyaları vasitəsilə münasibət
qururlar. Misal üçün,
kiməsə qıcıqlana
bilərsən, amma bunun
səbəbi onun şəxsi keyfiyyətləri
və ya elədiyi hansısa bir hərəkətlə
bağlı olmaya bilər. Tutaq ki, beynimdə o şəxsi
10 il əvvəl sözüm
çəp gələn
hansısa insana bənzədib ona uyğun qıcıqlanmış
ola bilərəm. Valideynlər
də bəzən uşaqları ilə bu cür yanlış,
tamamilə özlərinin
vaxtilə yaşadıqları
"travma"ya uyğun
davranırlar".
Söhbət əsnasında
psixiatr valideynlərə
tövsiyəsini də
verdi: "Valideynlərin,
yəni ata-ananın ailədə bir-birlərinə
münasibətləri nə
qədər qarşılıqlı
hörmətə, sevgiyə,
dözümlülüyə əsaslanarsa, o ailədə
xoşbəxt uşaq
yetişər və onun problemləri də daha asan
həll olunar. Ona görə, ilk növbədə
valideynlər bir-biriləri
ilə münasibətlərini
düzəltməli, əgər
bunu bacarmırlarsa yardım almalıdırlar.
Öz şəxsi problemlərinin fərqinə
varmaq, özünütənqid
də vacib amildir. Valideynlər bir az da özlərinə
baxdıqdan, necə deyərlər, çuvalduzu
özlərinə batırdıqdan
sonra uşaqları ilə bağlı qərar verməlidirlər.
İnsan daxilən eqoist olur. Hər
zaman günahı qarşı
tərəfin üzərinə
atmağa çalışır.
Bütün bunların
fərqinə varmalıyıq.
Burada zəka faktoru da
çox önəmlidir.
Bəzən insanın
zəka səviyyəsi
onu analiz etməyə və ya dərk etməyə
yetmirsə, təbii
ki, iş gəlib yenə də dağa-daşa düşəcək".
Psixiatr İkram Rüstəmov
vurğuladı ki, problemləri
böyütdükcə ondan
çıxış yolları
tapmaq da çətin
olur. Buna görə də həyata daha pozitiv baxmaq
- istər uşaqlarda
olsun, istərsə də böyüklərdə
fərq etməz - aqressiyanı da azaldar:
"Hazırda dünyada
psixososial mənada həddindən çox problemlər var və bu problemləri çözməyə, dünyanı
"xilas" etməyə
çalışan insanların
sayı kifayət etmir. Bununla əlaqədar hər nə qədər içərimizdə pessimizm
olsa da, həyata pozitiv baxmaq lazımdır. Çünki
dünya özü insanın üstündə
bir yükdür. Ətrafdakı insanlara baxın, hətta özünü ən
xoşbəxt biri kimi təqdim etmək istəyənlərin
belə problemləri
var. Bu baxımdan dərd,
sıxıntı, problem insanların
həyatında çoxdur.
Burada əsas məsələ
odur ki, sən ona necə baxırsan.
"Quran"da deyilir
ki, "mən sizi imtahan üçün yaratdım". Yəni o mənada bu dünyaya kef çəkməyə
gəlməmişik, kef çəkənimiz
də yoxdur. Dünyaya pozitiv baxdığımız zaman pozitiv
yaşayacağıq, nə
qədər ki, problemləri
böyüdəcəyik, o qədər də altında əziləcəyik..."
Çıxış yolunu öncə özümüz
tapmalıyıq
Əslində, bütün
dünyada övladlar bir-birilərinə bənzəyirlər.
Hamısı əsəbi,
telefon aludəçisi,
sosial şəbəkə
asılısıdır...
Bir-biriləri ilə ünsiyyət qura birmirlər, bir-birilərini
və valideynlərini
anlamaqda çətinlik
çəkirlər...
Amma bu problemlərdən çıxış yolu
var. Övladlarımızı aqressiyadan uzaqlaşdırmaq
üçün öncə
özümüzdən başlamalıyıq.
Gəlin, özümüzü
tam sağaldandan sonra övladlarımıza keçək...
Bəli, genetik amillər, sosial faktorlar, zəmanənin acı gerçəklikləri,
qida, ailəiçi şiddət və digər səbəblərin
yaratdığı "aqressiv
uşaqları"mızı sevgi və etimadla
müalicə edə bilərik.
Təbii ki, peşəkar
mütəxəssis yardımını
unutmadan...
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
22 avqust, ¹ (179).- S.9.