"Made in Azerbaijan": domofon, müşahidə kamerası, konnektor, elektrik yuvası...
Müasir dövrdə
hər hansı təsisatın özünü
mütərəqqi beynəlxalq
aləmdən təcrid
şəraitində saxlaması
intihara bərabər bir addım olardı. O üzdən Azərbaycan bütün istiqamətlərdə sivil,
mütərəqqi dünyaya
inteqrasiya edən bir ölkə kimi digər dövlətlərlə sıx
əlaqələr qurur.
Milli
iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi
olduğundan, xarici mühitdən kənarda deyil. Məhz buna
görə iqtisadiyyatın inkişafına aid Prezidentin
imzaladığı bütün sənədlərdə
uzunmüddətli dövr üçün iqtisadiyyatın
daxili və xarici təsirlərə
dayanıqlığının gücləndirilməsi,
makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsinə
geniş yer verilir. Ölkədə makroiqtisadi sabitliyin və
dayanıqlığın gücləndirilməsi məqsədi
ilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan
fiskal çərçivənin formalaşdırılması,
bu sahədə əsas meyar sayılan qiymətlərin
aşağı və sabit olmasının vacibliyi
vurğulanır.
Danılmaz
gerçəklikdir ki, son dövrlər Prezident İlham
Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi
siyasət nəticəsində ölkəmizin ixrac qabiliyyəti
yüksəlib, yerli məhsulların beynəlxalq standartlara
uyğunlaşdırılması işləri sürətlənib.
Bütün bunlar isə ölkəmizdə keyfiyyət
infrastrukturunun inkişafına xüsusi əhəmiyyət
verilməsinin nəticəsidir.
Azərbaycanın
sənaye zonalarında 10 il müddətinə müxtəlif
vergilərdən azad olunmaqla qarşılıqlı maraqlara əsaslanan
əməkdaşlıq üçün müstəsna
imkanlar yaradılır. Həmin zonalarda dövlət vəsaiti
hesabına yaradılan müasir infrastruktur
sahibkarlığın inkişafı üçün əlverişli
imkanlar təqdim edir. Dövlətimizin başçısı
iqtisadi məsələlərlə bağlı
çıxış və müsahibələrində, eləcə
də əcnəbi qonaqlarla görüşlərində
mütəmadi şəkildə adıçəkilən
mövzunun əhəmiyyətini vurğulayır, əsas məqsədin
iqtisadiyyatın şaxələndirilməsi olduğunu
bildirir.
İstər
Prezident İlham Əliyevin göstəriş və tövsiyələri,
təsdiqlədiyi hüquqi-normativ aktların tələbi, eləcə
də bazarın diktə etdiyi şərtlər sayəsində
ölkəmizdə istehsal olunan məhsulların keyfiyyəti
xeyli yüksəlib. Bu özünü təkcə daxili
istehlak bazarında deyil, xarici ticarət əlaqələrində
də açıq-aydın göstərir. Dünyanın bir
çox qabaqcıl ölkələri Azərbaycanla
iqtisadi-ticari ünsiyyətə və yeni müqavilələrin
imzalanmasına xüsusi maraq göstərirlər. Məsələn,
bir müddət öncə Madriddə Azərbaycanın
İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi (AZPROMO) və İspaniya Ticarət Palatası, eləcə
də Madrid Ticarət, Sənaye və Xidmətlər
Palatası arasında görüş keçirilib. Qeyd olunub
ki, İspaniyaya qeyri-neft məhsullarının ixracının
artırılması, eləcə də ispan şirkətlərinin
ölkəmizin investisiya layihələrinə cəlb edilməsi
yönündə AZPROMO tərəfindən müvafiq
qurumlarla aktiv işlər görülür. Tədbir çərçivəsində
əməkdaşlığın hüquqi çərçivəsinin
müəyyənləşdirilməsi məqsədi ilə
adıçəkilən qurumlarla anlaşma memorandumları
imzalanıb.
Azərbaycanın
"AEM Elektron" MMC şirkətinin Çində
"Voltam" brendi altında domofon və şlaqbaum
istehsalına başlaması da sevindirici xəbərdir.
Şirkətin korporativ satış meneceri Azər Rzayevin
sözlərinə görə, ÇXR-də domofon və
şlaqbaumla yanaşı, şəbəkə kabelləri,
konnektorlar, elektrik yuvaları, müşahidə
kameralarının yığılması da
planlaşdırılır: "Bu məhsullar Çindəki
partnyor şirkətlərin zavodlarında hazırlanır və
yalnız Azərbaycan bazarına göndərilir. Gələcəkdə
həmin məhsulların istehsalının ölkəmizdə
təşkili də nəzərdə tutulur. Domofonlar yeni məhsulumuzdur.
Bu məhsullar ölkə bazarına az sayda test məqsədilə
çıxarılıb. Gələcəkdə
domofonların, eləcə də "Voltam" brendi
altında digər məhsulların istehsalını genişləndirəcəyik".
Azərbaycan da
Çin bazarına əliboş getmir. Hazırda ÇXR-ə
fındıq ixracı məqsədi ilə
qarşılıqlı protokolların imzalanması
üçün danışıqlar aparılır. Bunu
AQTA-nın idxal və ixraca nəzarət şöbəsinin
baş məsləhətçisi Vəfa Səfərli
paytaxtımızda keçirilən "Yaşıl dünya
naminə" mövzusunda Bitki Sağlamlığı
Forumunda bildirib: "Çinə fındıq, eləcə də
alma, nar və badam ixracı üçün agentlik risk qiymətləndirməsinin
nəticələrini qarşı tərəfin səlahiyyətli
qurumuna rəsmi kanallar vasitəsilə təqdim edib. Agentliyin
müvafiq sahədə vahid dövlət nəzarətini həyata
keçirən dövlət qurumu kimi təsisatlanması,
ixrac olunan bitkilər və bitkiçilik məhsullarına
münasibətdə digər ölkələrin tələblərinə
uyğun nəzarəti həyata keçirməsi nəticəsində
xarici ölkə bazarlarına çıxış
imkanları artırılıb, ixrac həcminin
artırılmasına nail olunub".
Ötən il
Rusiya ilə ticarət dövriyyəmizin həcmində 17 faiz
artım müşahidə edilib. Sankt-Peterburq şəhərinin
sənaye siyasəti, innovasiyalar və ticarət komitəsi sədrinin
birinci müavini Aleksandr Sitov deyib ki, Rusiyanın şimal
paytaxtının ərzaq və kənd təsərrüfatı
məhsulları ilə təminatında Azərbaycan əhəmiyyətli
rol oynayır.
Nə qədər
gözlənilməz olsa da, bu sırada heyvandarlıq məhsulları
da var. Məsələn, Azərbaycan Vyetnama hər il 1000
tondan çox ət və ət məhsulları ixrac edəcək.
Bununla bağlı Bakıda "Canet" MMC və Vyetnam
Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa
dair niyyət protokolu imzalanıb. MMC-nin rəhbəri Tural
Əliyev məlumat verib ki, bu ilin may ayında Vyetnamda
keçirilən görüşdə şirkətlərlə
bu istiqamətdə danışıqlar aparılıb: "Sənədə
əsasən, Vyetnam şirkətlərinin tələbatı
üzrə Azərbaycandan ət ixrac ediləcək.
İxracın həcminin illik 1000 tondan çox olacağı
proqnozlaşdırılır. Çatdırılma əsasən
hava yolu ilə həyata keçiriləcək. Soyudulmuş ətlər
hava nəqliyyatı, dondurulmuş ətlər isə avtomobil
yolu ilə daşına bilər".
Sadalanan
faktları xeyli artırmaq mümkündür. Amma bunlar da
kifayət edir ki, iqtisadiyyatımız şaxələndikcə,
qeyri-neft sektoru inkişaf etdikcə, istehsal olunan məhsulların
keyfiyyəti yüksəldikcə ticarət əlaqələrimizin
daha geniş coğrafiyanı əhatə etdiynin şahidi
olaq.
Qurban
MƏMMƏDOV,
Azərbaycan.-2024.-
22 avqust (№179).- S.10.