Parisdə azərbaycanlı rəssamların
“Dayanıqlı baxış:
daha yaşıl gələcək naminə
incəsənət” adlı
sərgisi açılıb
Azərbaycanın Fransadakı
səfirliyinin Mədəniyyət
Mərkəzində “Dayanıqlı
baxış: daha yaşıl gələcək
naminə incəsənət”
adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin
açılış mərasimində
çıxış edən
səfir Leyla Abdullayeva Prezident İlham Əliyevin Sərəncamı ilə
2024-cü ilin Azərbaycanda
“Yaşıl dünya
naminə həmrəylik
ili” elan olunmasının əhəmiyyətindən
danışıb. Bildirib
ki, bu Sərəncam
Azərbaycanın ekoloji
problemlərin həllinə
sadiqliyini əks etdirir və iqlim dəyişikliyinin aradan qaldırılması
üzrə qlobal səylərdə ölkəmizin
böyük rol oynadığını vurğulayır.
Həmçinin iqlim dəyişikliyi ilə daha fəal mübarizə aparmaq məqsədi daşıyır.
Leyla Abdullayeva diqqətə çatdırıb
ki, səfirliyin təşkil etdiyi bu sərginin məqsədi ekoloji problemlər haqqında məlumatlılığı artırmaq
və Azərbaycanın
davamlı gələcəyə
sadiqliyini vurğulamaqdır.
Təqdim olunan əsərlər Azərbaycanın
zəngin mədəni
irsindən və müxtəlif təbiət
mənzərələrindən ilhamlanaraq yaradılıb.
Bu əsərlər vasitəsilə ətraf mühitin mühafizəsini
təbliğ edən və Azərbaycanın təbiət mənzərələrinin
gözəlliyini tərənnüm
edən mesajlar verilir.
Tədbirdə çıxış
edən rəssamlar Xanlar Əsədullayev və Çinarə Bakşiyev-Qafarova bildiriblər
ki, Parisdə dünyanın diqqətini
iqlim dəyişikliyi,
təbiətin qorunması
və yaşıl dünyanın vacibliyinə
yönəltmək üçün
bir araya gəlmək böyük əhəmiyyət daşıyır.
Sərgidə nümayiş
olunan əsərlər
Azərbaycan təbiətinə
və mənzərələrinə
həsr olunub. Bu sənət əsərləri insanın
təbiətlə harmoniya
içində yaşamasının
mümkünlüyünü və vacibliyini vurğulayır. İqlim dəyişikliyi bütün
dünyaya təsir edən bir çağırışdır.
Qeyd olunub ki, COP29 kimi beynəlxalq tədbir də bu mübarizədə
qlobal həmrəyliyin
zəruriliyini xatırladır.
Beynəlxalq tədbirlər
vasitəsilə Azərbaycan
incəsənəti dünya
miqyasında təqdim
edilməklə yanaşı,
təbiətin qorunması
ilə bağlı ümumbəşəri çağırışlara
da səs verilir. Təbiəti qorumaq və ona sevgi ilə
yanaşmaq hər birimizin missiyasıdır.
Tədbirdə qonaqlar
rəssamların yaradıcılıq
prosesini kəşf etmək və əsərlərində əksini
tapan ekoloji mövzuları araşdırmaq
üçün onlarla
ünsiyyət qurmaq imkanı əldə ediblər. Bu interaktiv təcrübə
zəngin müzakirələrə,
eləcə də incəsənət və ətraf mühit haqqında məlumatlılığın
daha yüksək qiymətləndirilməsinə kömək edib.
Sərgidə Xalq rəssamı Sakit Məmmədovun, eləcə də Xanlar Əsədullayev, Aqşi Kazımova, Nihad Ağazadə, Çinarə Bakşiyeva-Qafarova, Mahir Qafarov, Aynur Məmmədova və Məryəm Abdullanın əsərləri nümayiş olunub.
Azərbaycan.-2024.- 1 dekabr (¹ 265).- S.6.