Ankarada
dahi Füzulinin yaradıcılığına həsr
olunmuş tədbir keçirilib
Ankarada keçirilən
21-ci Kitab Sərgisi çərçivəsində
dekabrın 1-də, bazar günü
böyük şair və mütəfəkkir
Məhəmməd Füzulinin
“Füzulinin divanı”
adlı əsərlər
toplusunun təqdimatı
olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət
Nazirliyinin və ölkəmizin Türkiyədəki
səfirliyinin nəzdində
fəaliyyət göstərən
Mədəniyyət Mərkəzinin
birgə təşkilatçılığı
ilə keçirilən
tədbirdə diplomatlar,
alimlər, ədəbiyyatşünaslar,
iki qardaş ölkənin ictimaiyyətinin
nümayəndələri iştirak
ediblər.
Təqdimat mərasimini
açan Azərbaycan
Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov dahi Füzulinin öz yaradıcılığı
ilə bütün Türk dünyasının
ədəbi-bədii fikrini
zənginləşdirdiyini qeyd
edib.
O xatırladıb
ki, dahi şairin 500 illik yubileyi Azərbaycan üçün
çətin dövrə,
ölkə ərazilərinin
20 faizinin Ermənistan
tərəfindən işğal
edildiyi vaxta düşüb. “Vəziyyətin
mürəkkəbliyinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə
Füzulinin yubileyinə
həsr olunmuş təntənəli tədbirlərin
keçirilməsi barədə
qərar qəbul etdi”, - deyə S.Abbasov bildirib.
“Böyük
şair və mütəfəkkirin ölməz
bədii-fəlsəfi irsi
Azərbaycanın ədəbi
fikir tarixində mühüm rol oynamış, Şərqin
bir çox xalqlarının ədəbiyyatına
mühüm təsir göstərmişdir”, - deyə
Mədəniyyət Mərkəzinin
rəhbəri qeyd edib.
O, həmçinin bildirib ki,
“Füzuli divanı”nın
təqdimatı dahi Azərbaycan şairinin 530
illik yubileyinə təsadüf edib.
Qazi Universitetinin (Ankara) Türk
dili və ədəbiyyatı kafedrasının
müəllimi, professor İsmet Çetin Füzuli irsini təkcə Türk dünyasının
deyil, bütün bəşəriyyətin sərvəti
adlandırıb.
“Füzuli
böyük qələm
ustadlarından biridir.
Dil, üslub və poetik texnika baxımından Füzuli ilə müqayisə oluna bilənlər azdır”, -
deyə o vurğulayıb.
Alim Türkiyədə Füzuli
irsinin öyrənilməsinin
tarixi mərhələləri
barədə tədbir
iştirakçılarına məlumat verib.
Professor Çetin qeyd edib ki, Türkiyədə
Füzuli irsinin öyrənilməsi ilə
bağlı ilk akademik
iş 1940-cı illərə
təsadüf edib. Həmin dövrdən indiyədək təkcə
Türkiyədə Füzuli
irsi mövzusunda 70 müxtəlif əsər
nəşr olunub.
Azərbaycan Atatürk Mərkəzinin
direktoru, akademik Nizami Cəfərov çıxışında qeyd
edib ki, Azərbaycan, ərəb və fars dillərində 16 böyük əsəri olan dahi şairin
yaradıcılığı bədiiliyi, incəliyi və orijinallığı
ilə seçilir.
Akademik Məhəmməd
Füzulinin yaradıcılığını
“estetik sufizm”in zirvəsi adlandırıb.
O, Füzulinin yaşayıb-yaratdığı
dövrə diqqət
çəkib. “Şair
öz yaradıcılığı
ilə Osmanlı və Səfəvi dövlətləri arasında
qarşıdurmanın qarşısını
almağa çalışıb”,
- deyən N.Cəfərov
Azərbaycanın Ümummilli
Lideri Heydər Əliyevin Məhəmməd
Füzulini “türk xalqlarını birləşdirən
şəxsiyyət” adlandırdığını
diqqətə çatdırıb.
Alim Ümummilli
Liderin Azərbaycan xalqının mədəniyyətinin
və irsinin qorunmasına göstərdiyi
diqqəti yüksək
qiymətləndirib. “Heydər
Əliyev dahi Füzulinin yubileyini respublika üçün ağır bir dövrdə keçirmək
qərarına gəldi.
Ümummilli Lider bəyan edib: “İndiki şəraitdə
Azərbaycanda maliyyə
imkanları çatışmazlığı
ola bilər. Bununla belə, mənəvi dəyərlərimizdən
məhrum olub, Füzuli kimi şəxsiyyətləri unuda
bilmərik”.
N. Cəfərov Füzuli
irsinin öyrənilməsində
görkəmli yazıçı,
alim və pedaqoq Mir Cəlal
Paşayevin xidmətlərini
də vurğulayıb.
O, Mir Cəlal Paşayevin 1940-cı ildə
“Füzulinin poetik xüsusiyyətləri” əsərinə
görə filologiya elmləri namizədi alimlik dərəcəsi aldığını, 1958-ci ildə
yenidən bu mövzuya müraciət edərək “Füzuli sənətkarlığı” adlı
monoqrafiyasını nəşr
etdirdiyini xatırladıb.
“Ədəbiyyatçı alim Mir Cəlal
Paşayevin dissertasiyası
üzərində işləməsi
xalqın mədəni
irsini müdafiə etmək istəyinin özünün alimlərdən
əsl cəsarət tələb etdiyi repressiya dövrünə
təsadüf edib. Buna baxmayaraq, o, böyük şairin yaradıcılığını öyrənmək fikrindən
vaz keçmədi və bununla da füzulişünaslığın
inkişafına mühüm
töhfə verdi”, - deyə akademik sözlərini yekunlaşdırıb.
Gəncə Nizami
Gəncəvi Mərkəzinin
direktoru Əlimuxtar Muxtarov qeyd edib
ki, bir çox
yerli və xarici tədqiqatçılar
Məhəmməd Füzulini
Azərbaycan-türk ədəbiyyatı
tarixində ən həssas lirik və romantik şair adlandırıblar.
Onun sözlərinə
görə, Füzulinin
əsərləri İslam
dünyasının parlaq
mənəvi xəzinələrindən
biridir. “Füzulinin qəzəllərində əks
olunan məhəbbət
onun dini etiqadının, əqidəsinin,
prinsiplərinin bədii
ifadəsidir”, - deyə
Ə.Muxtarov qeyd edib.
“Füzuli dünya
lirik poeziyasının
parlaq nümayəndələrindən
biridir və onun ölməz qəzəlləri bu gün də oxucuların ruhunun tellərinə toxunur, insanlara məhəbbət,
xeyirxahlıq, humanizm hissi aşılayır”, -
deyə o, Füzuli yaradıcılığının təbliğinin vacibliyini vurğulayıb.
Ə.Muxtarov vurğulayıb
ki, Füzuli parlaq yaradıcılığı
ilə ədəbi fikrin zirvələrinə
çatıb.
Qazi Universitetinin
(Ankara) Türk dili və ictimai
elmlər kafedrasının
müəllimi, professor
Halil Çeltik Füzuli yaradıcılığında
janr müxtəlifliyinə
diqqət çəkib.
“Məhəmməd Füzulinin
qəzəlləri yüksək
emosionallığı, səmimiliyi
və hərarəti ilə insanı heyran edir. Böyük
lirik şairin yaradıcılığı hisslərin
və dərin fəlsəfi fikirlərin,
insan taleyi ilə bağlı müzakirələrin məcmusudur
ki, bu da
Füzulinin əsərlərini
özünəməxsus edir”,
- deyən alim dahi şairin haqlı olaraq dünya ədəbiyyatında
xüsusi şərəfli
yer tutduğunu vurğulayıb.
Professor Füzuli
irsinin təbliğinə
verdiyi töhfəyə
görə Azərbaycan
Mədəniyyət Mərkəzinin
rəhbərliyinə təşəkkür
edib.
Tədbir “Azərbaycan rüzgarları” musiqi qrupunun çıxışı ilə başa çatıb.
Azərbaycan.-2024.- 3 dekabr (№ 265).- S.11.