Co Bayden cinayətkar
oğlunu əfv edib
Başqalarına demokratiya
"dərs"i keçmək
işin asan tərəfidir. Səmimi görünmək, inam qazanmaq, ən əsası ədalətli
olmaq üçün
söylədiklərinə ilk növbədə özün
əməl etməlisən.
Əks təqdirdə,
nə sözlərinin
dəyəri, nə də özünə etibar qalır. Uzaq ölkələrdə
demokratiya, ədalət
"axtaran", beynəlxalq
qanunlardan dəm vuran ABŞ Prezidenti Co
Bayden vəzifəsindən sui-istifadə edərək həbsi nəzərdə
tutulan oğlu Hanter Baydenin əfvinə görə qınaq obyektinə çevrilib.
Hanter Bayden qanunsuz
əməllərinə görə
hələ xeyli müddət əvvəl nəinki ABŞ-nin, eləcə də dünya mediasının diqqətində olub. O,
2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib.
Hanter Bayden həmçinin
vergidən yayınma ilə əlaqədar irəli sürülmüş
9 ittiham üzrə məhkəmədə təqsirli
olduğunu etiraf edib. ABŞ Prezidentinin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə,
silah alışına
görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası
və 750 min dollar cərimə
gözləyirdi. Silah
alışı ittihamı
üzrə onun həbsi dekabrın 13-nə,
vergi məsələsi
ilə bağlı dekabrın 16-na nəzərdə
tutulub.
Hələ məhkəmədən
qabaq oğlu təqsirli bilindiyi halda onu əfv
etməyəcəyini bəyan
edən ABŞ-nin dövlət başçısı
Co Bayden nə qanuna əməl edib, nə də verdiyi sözə yiyə durub. Məlum olduğu kimi, ABŞ Prezidenti silah alışı məsələsində təqsirli
bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib. Ötən ay Prezident oğlunu əfv etmək niyyətinin olmadığına
dair verdiyi açıqlamaya baxmayaraq,
onun əfv edilməsinə dair bəyanat yayılıb.
Xarici KİV-in yaydığı
məlumata görə,
Co Baydenin bəyanatında
deyilir: "Bu gün oğlum Hanter üçün əfv imzaladım. Vəzifəyə
gəldiyim gündən
Ədliyyə Departamentinin
qərar qəbul etməsinə mane olmayacağımı dedim,
oğlumun ədalətsiz
şəkildə mühakimə
olunmasını müşahidə
etdiyim halda belə sözümü tutdum. Hanterə fərqli münasibət göstərildiyi aydındır.
Onunla bağlı ittihamlar yalnız Konqresdəki bir neçə siyasi rəqibimin mənə hücum etməyə və seçilməyimə
qarşı çıxmağa
başladıqlarından sonra
səsləndirildi".
Ölkənin hazırkı
lideri Co Baydenin qanunları heçə sayaraq verdiyi bu qərarı hiddətlə qarşılayanlardan
biri ABŞ-nin yeni seçilmiş prezidenti
Donald Tramp olub. O, bunu
sui-istifadə və hüququn aliliyinin pozulması kimi dəyərləndirib. "Ədalətdən
sui-istifadə ilə bağlı belə olur" - ABŞ-nin 47-ci prezidenti Donald Tramp öz paylaşımında yazıb.
Nümayəndələr Palatasının
üzvü Qreq Stenton isə "ABŞ prezidenti Co Bayden oğlu Hanteri əfv etməklə səhv edib" deyib. Qreq Stenton öz
paylaşımında qərəzli
olmadığına, sadəcə
verilən əfvin qanundan kənar olduğuna diqqəti çəkib: "Mən
prezident Baydenə hörmət edirəm, lakin onun bu
məsələdə səhv
etdiyini düşünürəm".
Qreq Stenton Hanter Baydenə qarşı məhkəmənin
siyasi motivli təqib olmadığını,
onun ağır cinayətlər törətdiyini
və məhkəmə
tərəfindən təqsirli
bilindiyini vurğulayıb.
Nümayəndlər Palatasının
üzvü Jeyms
Komer isə prezident ailəsinin əvvəldən axıra
qədər yalan danışdığını bildirib: "O, nəinki yalandan oğlunun xarici biznes tərəfdaşları
ilə görüşmədiyini
və oğlunun heç bir səhv etmədiyini iddia etdi, həm
də Hanter Baydeni əfv etməyəcəyini deyərək
yalan danışdı".
ABŞ Prezidenti
Co Baydenin oğlu Hanteri əfv etməsi dünya miqyasında əks-səda
doğurub. Rusiya Xarici İşlər Nazirliyinin
sözçüsü Mariya Zaxarova isə ABŞ-nin
hazırkı prezidenti Co Baydenin oğlu Hanteri əfv etmək
qərarını "demokratiyanın karikaturası"
adlandırıb. Mariya Zaxarova bu barədə
"İzvestiya" qəzetinə
müsahibəsində deyib.
Co Baydenin hakimiyyəti
təhvil verməyə az qalmış atdığı bu addımı,
verdiyi qərarı çoxları ABŞ-də demokratiyaya
növbəti zərbə kimi dəyərləndirir.
Bütün dünyada qanun ali hesab edilir. Qanun, məhkəmə
qarşısında hər kəs bərabərdir.
Dünyanın hər yerində həbsxanalar mövcuddur. Həmin
həbsxanalar varlıya, kasıba, vəzifəliyə, vəzifəsizə
ayrılmadan qanuni şəkildə cəzasını çəkməli
olanlar üçündür.
Hanter Baydenin də
cinayət əməlləri qanunla və məhkəmənin
hökmü ilə sübuta yetirilib. Odur ki, hər kəs bu
fikirdədir ki, cinayətkar oğlunu əfv etməklə Co
Bayden qanunsuzluğa yol verib. ABŞ-nin hazırkı lideri
ölkəsində hər kəsdən öncə özü
əməl etməli, özü qorumalı olduğu qanunu
pozub.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan
.-2024.- 4 dekabr (№ 267).- S.9.