Fransa
hökuməti istefaya
göndərilə bilər
Müxalifət partiyaları Nazirlər Kabinetini etimadsızlıq
səsverməsi ilə
hədələyir
Fransanın baş
naziri Mişel Barnye parlamenti gələn
ilin sosial təminat büdcə planının qəbul olunmasına məcbur etmək üçün ölkə Konstitusiyasının
mübahisəli 49.3-cü maddəsindən
istifadə edib. Buna cavab olaraq
müxalifət partiyaları
kabineti etimadsızlıq
votumu ilə hədələyir.
Barnyenin bu addımından sonra Fransa hökumətinin aqibəti sual doğurur: Milli Assambleyada çoxluğa malik olmayan Barnye
parlamentin aşağı
palatası gələn
il üçün sosial təminat planını səsvermə
olmadan qəbul etmək üçün Fransa Konstitusiyasının
ziddiyyətli 49.3-cü maddəsindən
istifadə etdikdən
sonra postunda qala biləcəkmi?
Belə ki, baş nazirin müvafiq qərarı müxalifət partiyalarına
etimadsızlıq səsverməsinə
başlamağa imkan yaradır. "Euronews"
telekanalının məlumatına
əsasən, Barnye öz planlarını həyata keçirməyə
davam edərsə, radikal
solçu Yenilməyən
Fransa (LFI) və ifrat sağçı Milli Birlik (RN) partiyaları Nazirlər Kabinetinə etimadsızlıq səsverməsinə
başlayacaqlarını açıqlayıblar.
"Milli Birliy"in
lideri Marin Le Pen ölkədə yaranmış acınacaqlı
vəziyyətlə bağlı deyib:
"Fransızlar pis rəftardan beziblər... Biz vəziyyəti olduğu kimi saxlaya bilmərik".
Ölkədə vəziyyət
necə olacaq?
Yerli siyasətçilərin
fikrincə, mövcud vəziyyətlə bağlı
iki variant var. Birincisi, etimadsızlıq səsverməsi
təklifi əksəriyyət
tərəfindən dəstəklənəcək
və bu, Barnye hökumətinin süqutuna səbəb olacaq. İkincisi, təklif rədd ediləcək və sosial təminat haqqında qanun layihəsi qəbul edilərək senata geri göndəriləcək.
Lakin LFI-nın
71, millətçi sağçıların
və müttəfiqlərinin
isə 141 mandata malik olduğunu nəzərə alsaq, birinci variant ən inandırıcı
görünür. Hökuməti
devirmək üçün
ümumilikdə 289 səs
lazımdır.
LFI-nin daxil olduğu solçu NFP koalisiyasındakı digər
partiyalar da yaxın saatlarda etimadsızlıq səsverməsinə
qoşula bilər.
Hökumət çöksə,
bu, Şarl de Qollun Fransa prezidenti olduğu 1962-ci ildən bəri ilk uğurlu
etimadsızlıq votumu
kimi tarixə düşəcək.
Son məlumata görə, Yenilməyən
Fransa partiyası
2025-ci il üçün
sosial sığorta büdcəsi haqqında qanun layihəsinin qəbulu ilə əlaqədar Yeni Xalq Cəbhəsi sol bloku adından
baş nazir Mişel Barnyeyə etimadsızlıq səsverməsi
irəli sürüb.
Sol müxalifətin
etimadsızlıq votumu
irəli sürməsi
faktını fraksiyanın
lideri Matilda Pano açıqlayıb.
BFMTV telekanalının verdiyi
məlumata görə,
deputatlar prezident Emmanuel Makronun istefasını tələb
edəcəklər.
Fransa qeyri-müəyyənliyə
sürüklənir
Dekabrın 3-də ölkənin
maliyyə naziri Antuan Arman bildirib
ki, Fransa ölkənin büdcəsi
və hökumətin
gələcəyi ilə
bağlı qeyri-müəyyənlik
səbəbindən dönüş
nöqtəsindədir.
Baş nazir Mişel Barnye hökumətinin bu həftə dağılacağı
ilə bağlı gözləntilər, genişlənən
büdcə kəsirinin
təzyiqi altında qalan, Avrozonanın ikinci ən böyük iqtisadiyyatı
olan Fransada səhm və istiqraz bazarlarına zərbə vurub.
"France 2" televiziyasına müsahibə verən Arman, ölkənin dönüş nöqtəsində olduğunu bəyan edərək etimadsızlıq səsverməsi ilə Fransanın qeyri-müəyyənliyə sürüklənməsini diqqətə çəkib.
Etimadsızlıq votumu
ilə bağlı səsvermənin keçirilməsi
dekabrın 4-də gözlənilir.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2024.-
4 dekabr (№ 267).- S.9.