Prezident
İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul
edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 4-də
Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı
nümayəndə heyətinin
rəhbəri Mövlud
Çavuşoğlunu qəbul
edib.
AZƏRTAC xəbər verir ki, Mövlud
Çavuşoğlu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı
xahiş etdi.
Dövlətimizin başçısı
Mövlud Çavuşoğluna
Qərbi Azərbaycan İcmasının Bakıda
keçirəcəyi Beynəlxalq
Konfransda iştirakına
görə minnətdarlığını
bildirərək, bu tədbirin əhəmiyyətinə
toxundu.
Mövlud Çavuşoğlu
da öz növbəsində bu konfransın önəmini
vurğuladı və
tədbirə dəvətə
görə minnətdarlığını
bildirdi.
O, Azərbaycanda bu
il keçirilmiş parlament seçkilərində
Yeni Azərbaycan Partiyasının qələbəsi
münasibətilə təbriklərini
çatdırdı. Eyni
zamanda Azərbaycanın
ev sahibliyi etdiyi COP29-un çox yüksək səviyyədə
təşkil olunması
ilə bağlı Prezident İlham Əliyevi təbrik edən Mövlud Çavuşoğlu bu tədbiri tarixi zirvə toplantısı kimi qiymətləndirərək,
burada qəbul edilmiş qərarların
böyük önəm
daşıdığını vurğuladı.
Dövlətimizin başçısı
da COP29-un yüksək
səviyyədə təşkil
olunduğunu və əhəmiyyətini qeyd edərək, Türkiyə
Prezidentinin rəhbərlik
etdiyi nümayəndə
heyətinin həmin tədbirdə iştirakını
bir daha yüksək qiymətləndirdi
və bunun COP29-un önəminin daha da artırılması işinə töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev xeyli sayda dövlət və hökumət başçısının, qonaqların
tədbirdə iştirakına
toxundu və konfransın qərarların
qəbul edilməsi baxımından çox uğurlu olduğunu dedi, COP29-un Azərbaycanın
potensialını və
liderlik qabiliyyətini
bir daha bütün dünyaya nümayiş etdirdiyini vurğuladı. Dövlətimizin
başçısı bunun
Türk dünyasının
da növbəti bir uğuru olduğunu dedi.
Görüşdə ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
Azərbaycan.-2024.- 5 dekabr (№ 268).- S.1.