Müstəqilliyimiz
əbədidir: Ordumuz
ancaq Azərbaycanı
müdafiə etmək
məqsədi daşıyır,
işğalçılıq məqsədi daşımır
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 2-ci kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin
2-ci kitabına Ulu Öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-dən 1994-cü il
martın 9-dək keçirdiyi
görüşlərə dair materiallar, çıxış və
nitqlərinin, xalqa müraciətlərinin, bəyanatlarının
mətnləri, müsahibələri,
məktubları daxil edilib. O zaman Azərbaycan dövlət müstəqilliyini yenicə
bərpa etmişdi və Ermənistanla müharibə şəraitində
idi. Ermənistan silahlı qüvvələrinin
Azərbaycan ərazisinə
yeni hücumları və təcavüzü ilə bağlı
1993-cü il noyabrın
2-də Ulu Öndər
Heydər Əliyev milli televiziya və radio ilə
xalqa müraciət edib ordu yaradılmasının
vacibliyini vurğulayıb:
“İndi bizim ordumuz yaranmalı və qurulmalıdır. Bir də qeyd
edirəm, ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır.
İşğalçılıq məqsədi daşımır.
Bizim işimiz haqq işidir, gərək hər bir vətəndaş bunu özünün şərəfli borcu kimi qəbul etsin. Kim özü
orduda qulluq edə bilirsə, qoy könüllü surətdə getsin. Kim özü qulluq edə bilmirsə, yanındakıları
başa salsın ki, gedib orduda
xidmət etmək lazımdır. Yaxud əgər özü orduda qulluq edə
bilmirsə, fikirləşsin
ki, orduya necə kömək etmək lazımdır. İndi bunların hamısı ən zəruri vəzifələrdir.
Bütün xalqa, Azərbaycan vətəndaşlarına
müraciət edirəm
ki, bu tədbirlərin
həyata keçirilməsində
fəal iştirak etsinlər”. Oxucular müraciətin tam mətni ilə çoxcildliyin bu kitabında tanış ola bilərlər.
Ümummilli Lider
Heydər Əliyev müstəqil Azərbaycanın
xarici siyasətində
sülhsevərliyi başlıca
prinsip kimi müəyyən etmişdi.
Dövlətlərarası münasibətə gəldikdə
isə Türkiyə ilə əməkdaşlığı
xüsusilə diqqətdə
saxlayır, eləcə
də digər dövlətlərlə sıx
əlaqələr qurulmasına
önəm verirdi.
1994-cü il fevralın
9-da Türkiyədə səfərdə
olduğu zaman Ankarada Hacəttəpə
Universitetinin fəxri doktoru diplomunun təqdim olunması mərasimində çıxış
edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın
xarici siyasəti ilə bağlı da fikirlərini söyləmişdi: “Azərbaycanın
xarici siyasəti sülhsevər siyasətdir.
Ölkəmiz bütün
dövlətlərlə sülh
və əmin-amanlıq
əlaqələri yaratmaq
istəyir. Azərbaycan
dövləti öz xarici siyasətini məhz bu istiqamətdə
yeridəcəkdir. Buna
görə də Azərbaycan qonşu dövlətlərlə daha
sıx əlaqələr
yaratmağı xüsusilə
önəmli hesab edir. Lakin burada
bizim Türkiyə ilə əlaqələrimiz
xüsusi yer tutur. Çünki Türkiyə ilə Azərbaycanın birgə
tarixi keçmişi var. Xalqlarımız bir kökdəndir. Bizim mədəniyyətimiz
də, tariximiz də, ənənələrimiz
də birdir, dilimiz, dinimiz də birdir. Bütün bunlar əsrlər boyu bizi birləşdirmişdir”.
Çoxcildliyin 2-ci kitabında
yer alan materiallar oxucularda, tədqiqatçılarda, politoloqlarda
dövrün ictimai-siyasi
prosesləri haqqında
geniş təsəvvür
yaradır.
Kitabın buraxılışına
məsul “Azərnəşr”in
baş redaktoru Əlövsət Ağalarovdur.
Çoxcildlik “Azərbaycan
Respublikasında 2023-cü ilin
“Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 29
sentyabr tarixli Sərəncamından irəli
gələn vəzifələrin
icrası çərçivəsində
təkrar nəşr edilir.
Nəşrin hazırlanmasında
AZƏRTAC-ın materiallarından
istifadə olunub.
Azərbaycan.-2024.- 5 dekabr
(¹ 268).- S.2.