Ermənistanın
müharibəyə təhriki
Qərbin növbəti
planıdır
Paşinyan hakimiyyəti regionda formalaşan yeni arxitekturanı və təhlükəsizliyi təhdid
edir
"Azərbaycan Cənubi
Qafqaz regionunda tezliklə sülh və təhlükəsizliyin
təmin olunmasının
tərəfdarıdır. Azərbaycan
ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması
məsələsi bölgənin
strateji gündəliyinin
və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə
sabitlik və əməkdaşlıq mühitinin
formalaşması, qarşıdurma
və təhdidlərin
istisna olunması üçün sülh müqaviləsinin imzalanması
vacibdir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində
parlaq qələbə
qazanan Azərbaycan bununla da Cənubi
Qafqaz regionunda yeni reallıqlar yaradıb. Müharibədə
Ermənistanı ağır
məğlubiyyətə uğratmasına
baxmayaraq, Azərbaycan
dövləti bölgənin
gələcəyi naminə
qarşı tərəfə
beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Uzun müddətdir
ki, sülh sazişi üzrə danışıqlar davam edir. Lakin Ermənistan
sülh üçün
əsas şərtləri
yerinə yetirməkdən
yayınmağa çalışır.
Deputatın sözlərinə
görə, Ermənistanın
bu manipulyasiya və siyasi avantüralarının son
məqsədi sülh
prosesini ləngitmək
və ya iflasa uğratmaqdır. Paşinyan hakimiyyəti regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını,
inkişafı və təhlükəsizliyi təhdid
edir və açılan yeni perspektivlərə zərbə
vurmağa çalışır:
"Digər tərəfdən,
Ermənistan hazırda
işğaldan azad olunmuş ərazilərdə
görülən işlərin
miqyasını aydın
görür. Sülh prosesinin pozulmasında məqsədlərdən biri
də bu prosesə zərbə vurmaqdır. Əvvəlki
dövrdə rəsmi
İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına arxalanırdısa,
sonradan baş verən hadisələr artıq bu ölkənin
oriyentirlərini dəyişdiyini
və açıq şəkildə Qərbdə
dəstək axtardığını
göstərdi. Belə
ki, Ermənistan artıq NATO-nu bölgəyə gətirməyi
və öz revanşist məqsədlərini
Qərbin əli ilə reallaşdırmağı
düşünür. Bəzi
Qərb ölkələrinin
rəsmi nümayəndələrinin
açıqlamaları, Ermənistanın
silahlandırılması, görünür
Paşinyan hakimiyyətini
"ruhlandırır"", - deyə o əlavə edib.
S.Fətəliyeva qeyd
edib ki, dünya dövlətləri
və beynəlxalq təşkilatlar Ermənistanın
hazırda yürütdüyü
siyasətin mahiyyətini
aydın görməli,
onun əsl niyyətlərini düzgün
qiymətləndirməlidir. Əgər Ermənistan sülhə məcbur edilməsə, regionda qeyri-sabitlik davam edəcək: "Çox
maraqlıdır ki,
hazırda bir
sıra Qərb ölkələri Ermənistanı
sülhə deyil, revanşizmə sövq etməyə çalışırlar.
Fransa kimi ölkələrin addımları
da bunu sübut
edir. Sual olunur, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını
işğal altında
saxlayarkən onlar nə üçün susurdular? Nə üçün haqqın,
ədalətin yanında
deyildilər? Bu faktlar dünyada ikili standartların göstəricisidir. Azərbaycan
öz mövqeyində
beynəlxalq hüquq normalarına arxalanır. İşğalçı, təcavüzkar
dövlət Ermənistandır.
Bu gün, sadəcə, ölkəmiz
haqqında beynəlxalq
birlikdə yanlış
rəy formalaşdırılmasına
çalışılır. Belə bir halda,
kimlərinsə ölkəmizi
ittiham etməsi qəbulolunmazdır".
Deputat vurğulayıb
ki, əgər beynəlxalq birlik, dünya gücləri regionumuzda sülh və sabitliyin təmin olunmasını istəyirsə, Ermənistana
təzyiqlər göstərməlidirlər.
Lakin görünür
ki, Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır.
Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür.
Rəsmi İrəvan
nəzərə almalıdır
ki, sülhü yox, hərbi təxribatlar yolunu seçərsə, layiqli
cavabını alacaq.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
5 dekabr (№ 268).- S.5.