Azərbaycanın
daha bir mədəni elementi UNESCO siyahısına daxil edilib
Paraqvayın paytaxtı
Asunsion şəhərində
keçirilən UNESCO-nun
Qeyri-maddi mədəni
irsin qorunması üzrə Hökumətlərarası
Komitəsinin 19-cu sessiyasında
“Azərbaycanda təndir
sənətkarlığı və çörəkbişirmə”
adlı milli nominasiya faylının
UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib
ki, UNESCO-nun Qiymətləndirici Orqanı
tərəfindən müvafiq
meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 3-də
elan edilib.
Bununla da,
UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.
Qərarın elan
edilməsinin ardınca
çıxış edən
ölkəmizin UNESCO yanında
daimi nümayəndəsi,
səfir Elman Abdullayev Azərbaycan Respublikası adından
UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə
xalqımızın mədəni
irs nümunəsini dəstəklədiklərinə görə təşəkkür
edib.
Sessiyada çıxış
edən Azərbaycan mədəniyyət nazirinin
müavini Səadət
Yusifova, ilk növbədə, müsbət
qərarın qəbuluna
görə Qiymətləndirici
Orqana və Katibliyə təşəkkür
edib. Qədim ənənələrə söykənən
təndir sənətkarlığının
Reprezentativ Siyahıya
daxil edilməsinin xalqımız üçün
əlamətdar olduğunu
vurğulayıb. Sürətlə
müasirləşən dünyada
mədəni irsin qorunması və gələcək nəsillərə
çatdırılmasının xüsusi önəm daşıdığını qeyd edən S.Yusifova bu istiqamətdə
Mədəniyyət Nazirliyinin
təşəbbüslərindən də danışıb.
COP29 çərçivəsində təqdim edilən İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsü
haqqında məlumat diqqətə çatdırılıb.
Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı
və çörəkbişirmə”
adlı nominasiya faylı Mədəniyyət
Nazirliyi tərəfindən
2023-cü ildə Xarici
İşlər Nazirliyi
vasitəsilə UNESCO-ya
təqdim edilmişdir.
Elementin siyahıya daxil edildiyi 19-cu Sessiyada Mədəniyyət
Nazirliyi, UNESCO yanında
Daimi Nümayəndəliyimiz
və UNESCO üzrə
Milli Komissiya təmsil olunur.
Sessiya öz işini 7 dekabra qədər davam edəcək.
Azərbaycan.-2024.- 5 dekabr (№ 268).- S.11.