COP29-un əks-sədası
gəlməkdə davam
edir
"Tədbirə evsahibliyi etmək Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi"
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) Bakıda
öz işini başa vursa da, əks-sədası hələ dünyanın
ayrı-ayrı regionlarından
gəlməkdə davam
edir. Planetin dördbir yanından COP29 və onun nəticələrindən
soraq verən xoş sədanı eşitmək isə, təbii ki, qürurvericidir.
Qlobal tədbirin
yekunlarına dair qəbul olunmuş sənədlər və qərarlar çox vacib əhəmiyyətə
malikdir. Bu əhəmiyyət nəinki
iqlim gündəliyi, həm də siyasi baxımdan özünü göstərir.
Çünki indi bir çox siyasi məsələləri
məhz iqlim gündəliyi müəyyənləşdirir,
ekologiya dünyada gedən siyasi proseslərə, həmçinin
bəşəriyyətin gələcək
inkişafına əsaslı
dərəcədə təsir
göstərir.
COP29 əvvəlki sessiyalardan
bir çox parametrlərinə görə
fərqlənir, burada
əldə olunan tarixi uğur hələ uzun illər xatırlanacaq. Şübhəsiz, Bakı
sammiti inkişaf etmiş ölkələrin
inkişaf etməkdə
olan dövlətlərə
münasibətlərində, məsuliyyətinin, öhdəliklərinin
formalaşmasında mühüm
uğur kimi qiymətləndiriləcək.
Məlumdur ki, hələ 2015-ci ildə Parisdə keçirilən
beynəlxalq iqlim sammiti çərçivəsində
vacib maliyyə məqsədli sənəd
qəbul olunmuşdu. Amma həmin sənəd müxtəlif
səbəblərdən uzun
zaman idi yerinə yetirilmirdi. Çünki inkişaf etmiş ölkələr
bu öhdəliyi yerinə yetirməkdən
boyun qaçırır
(halbuki bu, onların birbaşa vəzifəsidir), həmin
sənəddə göstərilən
maliyyənin miqdarını
azaltmaq istəyirdilər.
Bu da inkişaf
edən ölkələrin
qəzəbinə və
narahatlığına səbəb
olurdu. Bakıda keçirilən iqlim sammiti çərçivəsində
əldə olunmuş
razılıqlar hesabına
isə dünyanın
iqlim gündəliyi yeni mərhələyə
qədəm qoydu. Bu, COP29-a evsahibliyi edən Azərbaycanı qlobal iqlim diplomatiyasının
mərkəzinə çevirdi
və ölkəmizə
iqlim dəyişikliyi
ilə mübarizədə
önə çıxmağa
imkan verdi.
Heç şübhəsiz,
ətraf mühit, iqlim dəyişikliyi və dayanıqlı inkişaf kimi məsələlərə verdiyi
əhəmiyyət beynəlxalq
miqyasda Azərbaycanın
nüfuzunu gücləndirəcək.
Bu, o deməkdir ki, ölkəmizin gələcəkdə iqlim
siyasətində daha fəal rol oynayaraq
beynəlxalq müstəvidə
bir sıra təşəbbüslərə rəhbərlik edə bilməsi şübhəsizdir.
COP29-un Azərbaycanda keçirilməsi
təkcə ölkəmizin
beynəlxalq aləmdə
mövqeyini gücləndirmək,
ekoloji və iqlim siyasəti deyil, həm də innovativ iqtisadi inkişafları dəstəkləmək baxımından
gələcəkdə ciddi
faydalar gətirməsinə
yol açıb.
Məhz bu səbəbdən dünya
mediası ilə bərabər, siyasət adamları və iqlim mütəxəssisləri
COP29-un nəticələri ilə bağlı öz müsbət fikirlərini söyləyir,
mülahizələrini irəli
sürürlər. Bu
günlər Moldovanın
"Noi.md" xəbər portalında rus və rumın dillərində dərc edilən "Azərbaycan
COP29-da ekoloji diplomatiya
sahəsində sıçrayış
edib" sərlövhəli
məqalədə nüfuzlu
beynəlxalq konfransın
təşkili, müzakirə
olunan strateji mövzular barədə məlumat verilib. Məqalədə bildirilir
ki, hətta gecə vaxtı aparılan mürəkkəb
danışıqların nəticəsində
"Bakı sıçrayışı"
adlandırılan razılaşma
əldə olundu: inkişaf edən ölkələrə 2035-ci ilədək
iqlim maliyyəsi üçün ildə ən azı 300 milyard dollar ayrılacaq. Birləşmiş
Millətlər Təşkilatının
Baş katibi Antonio Quterreş tədbirin təşkilatçılarının
peşəkarlığını xüsusilə yüksək
qiymətləndirdi və
könüllülərin mühüm
töhfəsini vurğuladı.
Yekun bəyanatında
Quterreş COP29-da əldə
olunan razılaşmanın
iqlim dəyişikliyi
ilə mübarizədə
gələcək addımların
əsasını qoyduğuna
diqqət çəkdi.
Məqalədə o da
qeyd olunub ki, Prezident İlham
Əliyev COP29-da əldə
olunan razılaşmanı
"epoxal mərhələ"
adlandırıb.
İsveçin "Diplomatic World Sweden"
saytı da noyabrda Bakıda keçirilən
iqlim sammitinə məqalə həsr edib. Əsas auditoriyası diplomatlar, siyasətçilər, eləcə
də akkreditə olunmuş diplomatik korpusun üzvləri olan saytda yer
alan "Bakıda keçirilən tarixi
COP29 iqlim konfransından
sonra dünya, nəhayət, bir ümid şüası tapır" sərlövhəli
məqalənin müəllifi
yazır ki, forum iqlim dəyişikliyi ilə qlobal mübarizədə tarixi hadisəyə çevrilib. Sənayeləşmiş
ölkələr hər
il 300 milyard dollar ayırmağı
öhdələrinə götürdülər
ki, bu da əvvəlki
planlardan 50 milyard
dollar çoxdur. Məqalədə
danışıqlara töhfə
verən investorların
və özəl sektorun rolu vurğulanır
və sonda bildirilir ki, COP29 innovativ yanaşmalar, maliyyə ambisiyaları və beynəlxalq əməkdaşlığın
qlobal çağırışların
öhdəsindən necə
gələ biləcəyini
nümayiş etdirdi.
İtaliya mediasında
isə Riqa Texniki Universitetinin tələbəsi Mehran Camalxanlının
Bakının evsahibliyi
etdiyi COP29-la bağlı
məqaləsi dərc
olunub. Yazıda tədbirin əhəmiyyətindən
söz açan müəllif qlobal sammitin iqlim dəyişmələrinin mənfi
təsirlərini azaltmaq
və ekoloji problemlərin qarşısını
almaq üçün
mühüm platforma rolunu oynadığını
vurğulayaraq bəzi
Qərb ölkələri
tərəfindən COP29-a qarşı
aparılan boykotun nəticəsiz qaldığını
diqqətə çatdırıb.
Məqalədə zəngin
təbii resurslarına
baxmayaraq, Azərbaycanın
iqlim dəyişikliyi
ilə mübarizədə
ciddi addımlar atdığı da qeyd olunub. Həmçinin ölkəmizin COP29 çərçivəsindəki
fəaliyyətinin qlobal
enerji təhlükəsizliyinin
təmin olunmasına verdiyi töhfədən bəhs edilib.
Bir neçə gün əvvəl Türkiyənin
"Milliyet" qəzetinə
müsahibə verən
Yeditepe Universitetinin tələbəsi Nazya Yürek və Bahçeşehir Universitetinin
tələbəsi Kamil Koray
Eryılmaz COP29-u ekologiya
sahəsində üfüqlərin
genişləndirilməsi və
təcrübə toplanılmasına
əhəmiyyətli töhfə
adlandırıblar. Hər
iki tələbə Türkiyənin "iqlim səfirləri"dir. Qeyd
edək ki, Türkiyədə
"İqlim səfirləri
layihəsi" "yaşıl
transformasiya" yolu ilə milli iqlim mübarizəsini həyata
keçirmək səylərini
gücləndirmək və
iqlim siyasətinin planlaşdırılması, inkişafı
və həyata keçirilməsində gənc
nəslin effektivliyini artırmaq məqsədilə
hazırlanıb. "İqlim
səfirləri" layihəsi
Türkiyənin 2053-cü il üçün xalis sıfır emissiya və "yaşıl inkişaf" hədəflərinə
uyğun iqlim dəyişmələri ilə
mübarizə və uyğunlaşmada gənclərin
iştirakını gücləndirmək
məqsədi daşıyır.
COP30 gələn il Braziliyada keçiriləcək. Estafeti
Azərbaycandan qəbul
edən bu ölkədə hazırlıqlar
hələ ötən
ildən başlasa da,
COP29-a hazırlıqlar ərəfəsində
yaradılan "üçlük"
(BƏƏ, Azərbaycan və
Braziliya) formatına uyğun işlərlə
də diqqət çəkirdi. Bu günlər
"üçlük" formatında COP29-da təşkil
edilmiş ilk turizm günü üzrə keçirilən tədbirlər
çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən
Braziliya Federativ Respublikasının turizm naziri Selso Sabinoya
hədiyyə edilən
nar ağacı Braziliyanın ilk milli turizm
məktəbinin həyətində
əkilib. Ağacı
nazir Selso Sabino və
COP30-un keçiriləcəyi paytaxtı Belem şəhəri
olan Para ştatının
qubernatoru Helder Barbalyo əkiblər. Nar tingi COP29-da ilk dəfə
keçirilən turizm
günündə əsası
qoyulan turizmin iqlim dəyişikliyindəki
rolunu qabardan təşəbbüslərin Braziliyada
keçiriləcək COP30-da davam etdirilməsini simvolizə edir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.- 5 dekabr
(№ 268).- S.12.