Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib

 

Dekabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Uşaqlar və ekologiya” mövzusuna həsr olunmuş forumda əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Natiq” Ritm Qrupunun ifasında “Qarabağ” kompozisiyası təqdim olunub.

Tədbir zamanı “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş və “Azərbaycan uşaqları” mövzusunda videoçarxlar nümayiş etdirilib. Həmçinin “Azəri inciləri” rəqs qrupu “Təbiəti sevək” kompozisiyasını təqdim edib.

Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forumun iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Forumda bu günümüzün və gələcəyimizin ən vacib mövzuları ətrafında müzakirə aparmaq, fikir və təşəbbüslərimizi bölüşmək, daha yaxşı, təhlükəsiz cəmiyyət qurmaq üçün səyləri birləşdirmək qürurvericidir və həm də gözəl imkandır. Hazırda Qarabağın işğaldan azad olunmuş torpaqlarının dirçəldilməsi, minalardan təmizlənməsi, yeni infrastrukturun yaradılması, yaşayış məntəqələrinin salınması geniş vüsət alıb.

O qeyd edib ki, 30 illik həsrətdən sonra keçmiş məcburi köçkün ailələri, onların uşaqları öz yurdlarına qayıdırlar. Aktiv məskunlaşma tədbirləri həyata keçirilir. Eyni zamanda, yeni iqtisadi, sosial layihələr reallaşdırılır və böyük yüksəliş müşahidə olunmaqdadır. Bütün bu işlər bizi daha konkret hədəflər, daha irəliyə aparan məqsədlər uğrunda birləşməyə, sürətlə dəyişən reallıqları nəzərə alan siyasətlər müəyyənləşdirməyə çağırır. Yeni həyat yeni fürsətlər açdığı kimi, daha çevik əməkdaşlıq platformalarının yaranmasını tələb edir.

“Azərbaycanın bütün sosial, iqtisadi və mədəni nailiyyətlərini, bütün zənginliklərini, təbii sərvətlərini qorumaq, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Ərazilərimiz üzərində suveren hüquqların təmin olunmasından sonra bu vəzifələri yerinə yetirmək üçün qarşımızda daha geniş imkanlar açılıb. Azad edilmiş torpaqlarımız daxil olmaqla, hazırda bütün ölkədə yaşıl enerji zonalarının salınması, ətraf mühitin bərpası və iqlim dəyişikliklərinə davamlı mexanizmlərin yaradılması prioritetlər sırasındadır. Çünki hazırkı dövrdə dünya üzrə iqlim dəyişiklikləri, təbii resursların tükənməsi və ətraf mühitin çirklənməsi böyük problemlərdir. Lakin inanırıq ki, ekoloji maarifləndirmə, uşaqların təhsili və onların ölkə həyatında, eləcə də beynəlxalq arenada bütün proseslərdə fəal iştirakının təmin edilməsi sayəsində daha faydalı və dayanıqlı bir mühit formalaşdıraraq, bunu gələcəyə daşıya bilərik”, - deyə B.Muradova qeyd edib.

Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan xalqının qarşısında duran əsas məqsədlərdən biri də kimliyini qorumaq, mədəniyyətinə sahib çıxmaq və milli dəyərlərimizi yaşatmaqdır. “Biz həm də əmin olmalıyıq ki, onlar doğru-dürüst azərbaycanlılar olacaqlar. Yəni, Azərbaycanın ailə dəyərlərinə hakim olacaqlar, öz həyat tərzlərini bu torpaqlarda yaşamış əvvəlki nəslin adət-ənənələrini həmin zəmanənin tələblərinə uyğunlaşmış formada davam etdirəcəklər. Bir sözlə, azərbaycanlı olmağa davam edəcəklər. Çünki bu, çox vacibdir. Düşünürəm ki, bu, hazırda xüsusilə azyaşlı uşaqlarımızın təlim-tərbiyəsi işlərində qarşıda duran ən vacib çağırışlardan biridir”, - deyə nazir bildirib.

Qız uşaqlarının təhsilinin əhəmiyyətindən danışan nazir deyib: “Biz unutmamalıyıq ki, qız uşaqlarının, yəni gələcək anaların təhsili daha savadlı, bacarıqlı və güclü millət kimi formalaşmanın əsas amillərindən biridir”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələri və onun ətraf mühitə mənfi təsirləridir. Son illər iqlim dəyişmələrinin təsiri ilə bağlı planetimizdə təbii fəlakətlərin sayı xeyli artıb. Dünyanın bir sıra ölkələrində baş verən sel və daşqınlar, torpaq sürüşmələri və digər təbiət hadisələrinin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu da insan sağlamlığına və ətraf canlı aləmə zərərli təsir göstərməklə yanaşı, iqtisadiyyat və bizneslər üçün də ciddi risklər yaratmaqdadır.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah isə bildirib ki, iqlim böhranı həm də uşaqların böhranı deməkdir. Çünki iqlim dəyişiklikləri uşaqlara birbaşa təsir göstərən amillərdən biridir.

İnsan kapitalının inkişafına yatırılan sərmayənin gələcəyə yönəlmiş sərmayə olduğunu vurğulayan Saca Faruq Abdullah deyib ki, iqlim dəyişiklikləri ilə bağlı qlobal səviyyədə xəstəliklərin 88 faizi 5 yaşından aşağı uşaqların payına düşür. İqlim dəyişikliklərinin ən çox diqqətdən kənarda qalan fəsadlarından biri onun təhsilə olan təsiridir. Daşqınlar və kəskin hava şəraiti uşaqların təhsilə çıxışını məhdudlaşdırır, onların məktəbə getmələrinə maneələr yaradır. Bunu nəzərə almaq olduqca vacibdir. Gənc qızların təhsillə təmin edilməsi və erkən yaşlardan bu sahəyə sərmayə qoyulması böyük əhəmiyyət daşıyır.

Açılış mərasimindən sonra Forum çərçivəsində panel müzakirələri aparılıb.

Sonra “Zəfər uşaqları” adlı yeni uşaq himninin təqdimatı olub.

Aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyəni təmsil edən uşaqlar iştirak ediblər.

Tədbir çərçivəsində uşaqlar “Uşaq hüquqları: İnkişaf üçün birləşək - Ekoloji hüquq”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar - Ekoloji təhsil və tərbiyə”, “Uşaqların internet təhlükəsizliyi - Yaşıl İKT”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi - Sağlam dünya”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi - Təbiətin keşiyində”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti - Sağlam iqlim”, “Vətəni sevək, ona layiq olaq - təbiəti qoruyaq” mövzuları üzrə müzakirələr aparıb, müvafiq təkliflərlə çıxış ediblər.

Ardınca müzakirələrin nəticələri barədə məlumat verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Forum iştirakçılarının irəli sürdüyü fikir və təkliflərə münasibət bildirib.

Sonda Forum iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti səsləndirilib. Bununla yanaşı, Forum iştirakçıları adından Azərbaycan uşaqlarına ünvanlanmış müraciət də oxunub.

Qeyd edək ki, Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Keçirilən forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.

 

Azərbaycan.-2024.- 6 dekabr (¹ 269).- S.8.