Ramin Məmmədov: “Bəzi dairələrin
və qüvvələrin dindən siyasi məqsədləri
üçün istifadə cəhdlərinə qarşı
birlikdə mübarizə aparmalıyıq”
Son illərdə,
hətta ən yüksəksəviyyəli beynəlxalq tədbirlərdə
belə din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi
terminlərlə yanaşı istifadə olunur. Halbuki ictimai
şüurda təhdid kimi qəbul edilən bu
anlayışların heç birinin dinlərə aidiyyəti
yoxdur. Heç bir din insan həyatına,
sağlamlığına qəsdi təqdir etmir. Heç bir
dini kitabda müharibələrin, insan faciəsi ilə nəticələnən
qanlı toqquşmaların təşviqi ilə bağlı
fikirlər yoxdur.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, bu barədə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) təşkilatçılığı ilə
Xaçmaz şəhərində keçirilən “Dini
müstəvidə ideoloji təhlükəsizlik:
çağırışlar və perspektivlər”
mövzusunda konfransda bildirilib.
Konfrans
iştirakçıları əvvəlcə Ümummilli Lider
Heydər Əliyevin abidəsini ziyarət edib, önünə
gül dəstələri qoyublar.
Tədbirdə
dövlət-din münasibətlərinin tənzimlənməsi,
vətəndaşların dini etiqad azadlığının təmin
olunması, dini fanatizm, radikalizm və ekstremizmə
qarşı ideoloji müstəvidə effektiv mübarizə,
zərərli dini ideologiyaların ölkəmizdə
yayılmasının qarşısının alınması
istiqamətində müzakirələr aparılıb.
Konfransda Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri Ramin
Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin
başçısı Elnur Rzayev, Milli Məclisin İctimai
birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa,
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi,
ali və orta ixtisas təhsili müəssisələri,
hüquq- mühafizə orqanlarının əməkdaşları,
həmçinin din xadimləri, dini icma sədrləri
iştirak ediblər.
Xaçmaz Rayon
İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
çıxışında dinə dövlət
qayğısından danışaraq, Ulu Öndər Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən
sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini,
milli-mənəvi dəyərlərimizə, dinimizə hər
zaman hörmət və qayğı ilə
yanaşıldığını xatırladıb. Bu siyasətin
hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyi qeyd olunub. İcra
başçısı Azərbaycanda hökm sürən etnik
və dini tolerantlıq mühitinin dünyaya nümunə
olduğunu, ölkəmizdə istər dini, istərsə də
milli və irqi ayrı-seçkiliyin olmadığını,
Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri,
o cümlədən müxtəlif dinlərin təmsilçiləri
arasında bir-birinə tolerant yanaşma olduğunu söyləyib.
Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri Ramin
Məmmədov çıxışında bildirib ki, din və
ideoloji təhlükəsizlik bir-birinə sıx bağlı
mövzulardır: "Azərbaycanda Ümummilli Lider Heydər
Əliyevin müəllifi olduğu və Prezidenti İlham Əliyevin
ardıcıl siyasəti nəticəsində möhkəmləndirilmiş
ideoloji təhlükəsizlik modeli daxili və xarici amillərin
unikal harmoniyasına əsaslanır. Biz indi elə bir mürəkkəb
tarixi mərhələdə yaşayırıq ki, təhlükəsizlik
məsələsi bütün cəmiyyətlərin,
ümumilikdə qlobal dünyanın ən aktual probleminə
çevrilib. Etnik və dini fərqliliklər ayrı-ayrı
ölkələrdə ictimai münasibətlərin xarakterini
müəyyənləşdirir. Bəzilərində bu,
qütbləşməni, az-az hallarda isə mədəniyyətlərarası
dialoqu təşviq edən faktor kimi qəbul edilir. Bu mənada,
tolerantlıq, multikulturalizm, inanclara, milli-mənəvi dəyərlərə,
mədəni irsə hörmət kimi ali bəşəri dəyərlər
üzərində qurulmuş münasibətlər sistemi Azərbaycanda
milli həmrəyliyin əsas komponentini təşkil edir. Bizi
münaqişə və ziddiyyətlərin adi həyat
normasına çevrildiyi ölkələrdən fərqləndirən
başlıca amil də elə bundan ibarətdir."
Ramin Məmmədov
qeyd edib ki, konfransın mövzusu dinin ideoloji təhlükəsizlikdə
roluna dair geniş və əhatəli müzakirələr
aparmaq imkanı verir. "Bəzi dairələrin və
qüvvələrin dindən öz siyasi məqsədləri
üçün istifadə cəhdlərinə qarşı
birlikdə mübarizə aparmalıyıq. İnancından,
dini əqidəsindən asılı olmayaraq insanlara daha
aydın izah etməliyik ki, hər kəsin dini etiqad
azadlığının ən etibarlı təminatını
verə biləcək yeganə qüvvə dövlətdir.
Dövlətin varlığı yalnız vətəndaşların
sosial-iqtisadi rifahı üçün deyil, həm də mənəvi
ehtiyaclarını daha rahat şəkildə
qarşılaması üçün vacibdir", - deyə
komitə sədri söyləyib.
Milli Məclisin
deputatı Fazil Mustafa dini radikalizmə qarşı mübarizədə
hər kəsin yaxından iştirak etməsinin, bu sahədə
maarifləndirmə işinin ardıcıl və məqsədyönlü
şəkildə aparılmasının zəruriliyindən
danışıb.
Çıxışlardan
sonra regional konfrans “Şimal bölgəsində dini durum:
mövcud vəziyyət və qarşıda duran vəzifələr”
və “Ənənəvi İslam: tarixi təcrübə və
müasir reallıqlar” mövzularında panel müzakirələrlə
davam etdirilib.
Azərbaycan.-2024.- 6 dekabr (¹ 269).- S.8.