İqtisadi
coğrafiyamızda yeni
ünvanlar
2024-cü il sona
yaxınlaşır. Azərbaycanın
tarixində önəmli
hadisələrlə qalacaq
daha bir şan-şöhrətli il
yaşadıq. Dünyanı
qarşıladıq evimizdə
- ölkəmiz ən
böyük beynəlxalq
tədbirə xalqımızın
adət-ənənəsinə uyğun qonaqpərvərliklə,
dövlətimizin qazandığı
hörmət və nüfuz səviyyəsində
evsahibliyi etdi.
İlboyu qurub-yaratdıq.
30 il düşmən
tərəfindən dağıdılıb
talan olunan şəhər və kəndlərimizin bərpasını
davam etdirdik. Paytaxtımız və digər bölgələrimiz
də quruculuq işlərindən kənarda
qalmadı. Odur ki, respublikanın iqtisadi xəritəsi yeni ünvanlarla zənginləşdi. Bir sözlə, Azərbaycanda
çoxsaylı sənaye
müəssisəsi tikildi,
müxtəlif təyinatlı
sosial infrastruktur quruldu, yollar çəkildi, körpülər
salındı.
Bakıda Dövlət
Sərhəd Xidmətinin
hərbi hospital kompleksi, "Crescent
Mall" ticarət mərkəzi,
"Zəngilan" tankeri,
"LANDAU School" Təhsil Kompleksi və s. istifadəyə verildi. Gəncədə İdman
Sarayı, Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksi, Lənkəran rayonunda regional "ASAN xidmət" mərkəzi,
Qəbələ rayonunda
"Hacıalılı" elektrik stansiyası,
Regional Təlim Mərkəzi
və digər sosial-iqtisadi obyektlər fəaliyyətə başladı.
Bu siyahını uzatsaq və oraya Qarabağda və Şərqi Zəngəzurda tikilib-qurulanları
əlavə etsək,
2024-cü ilin ölkənin
sosial-iqtisadi həyatına
hansı yenilikləri
gətirdiyi daha aydın görünər.
Bu müəssisə
və infrastrukturun əksəriyyətinin açılışı
Prezident İlham Əliyevin iştirakı ilə olub. Bu da onların
hər birinin önəminə diqqət
çəkir. Beləliklə,
yeni ünvanların bir neçəsini bir daha xatırladaq.
Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakıda açılışını
etdikləri obyektlərdən
biri "Crescent
Mall" ticarət mərkəzi
oldu. Bu ticarət mərkəzi ənənənin innovasiyalarla
qovuşduğu bir məkan kimi paytaxtımızın müasir
və dinamik inkişafını əks
etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə
və istirahətin təklif olunduğu məkanda beşmərtəbəli
müasir texnologiyalarla
inşa edilmiş bina, üçmərtəbəli
1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda
ilk dəfə fəaliyyət göstərəcək
musiqili fontan yer alıb.
Ticarət mərkəzində
107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri
və digər mağazalar var. "Crescent Mall"da alıcılara böyüklər
və uşaqlar üçün geniş çeşiddə geyimlər,
ev avadanlıqları və digər məhsullar təklif edilir. Bundan başqa, "Crescent Mall"da SPA, gözəllik
və fitnes mərkəzləri də
qonaqların xidmətində
olacaq.
Ən müasir
texnologiyalarla inşa edilmiş ticarət mərkəzində rəqəmsallaşan
dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət
göstərən məlumat
bələdçisi xidməti
də var. Burada fəaliyyət göstərən brendlər
haqqında ətraflı
məlumat verən bələdçi həmçinin
istiqamət göstərir
və xidmətlərlə
bağlı sorğuları
cavablandırır. Bu
da qonaqların ticarət mərkəzi daxilində hərəkətini
asanlaşdırır. Məlumat
bələdçisi 140 dildə
yazılı, Azərbaycan,
ingilis və rus dillərində isə şifahi məlumatlar verə bilir.
Prezident İlham
Əliyev Abşeron rayonu ərazisində Palçıq Vulkanları
Turizm Kompleksinin açılışında da
iştirak etdi.
Təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan da palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Palçıq Vulkanları Turizm Kompleksində "Qılınc" palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə "Qılınc" vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.
Palçıq Vulkanları
Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış
insanlar üçün
yeni iş yerlərinin
açılmasına imkan
verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq
vulkanlarının xüsusiyyətləri,
təbii və müalicəvi özəllikləri
haqqında məlumat əldə etmək, palçıq vulkanının
maketi ilə tanış olmaq mümkündür. Burada həmçinin Azərbaycanın
hər yerindən toplanmış 80-ə yaxın
nadir mineral nümayiş etdirilir.
Ərazidə restoran tikilib, turistlərin vulkanları izləməsi
üçün piyada
yolu çəkilib, panoramlı müşahidə
nöqtəsi və meydança salınıb.
Bu meydançaya qalxmaqla
hündürlükdən ətrafdakı
palçıq vulkanlarını
seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.
2024-cü il ərzində Qarabağda və Şərqi Zəngəzurda görülən
bərpa-quruculuq işləri
qələbədən sonrakı
üç ildə olduğu kimi heyrətamizdir desək, yanılmarıq. Çünki
bu işlər çoxsahəli və çoxşaxəlidir. Misal
üçün elə
tək birini yada salaq. Bu, açılışında
dövlət başçısının
iştirak etdiyi Şuşa sutəmizləyici
qurğular kompleksidir.
Məlum olduğu
kimi, şəhəri
su ilə təmin edən mənbələr və
magistral kəmərlər düşmən
tərəfindən məqsədli
şəkildə dağıdılmış
və nəticədə
suyun nəqli dayandırılmışdı.
Təxirəsalınmaz Tədbirlər
Proqramına əsasən,
Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa
magistral su kəmərinin
qəzalı hissələri
qısa müddətdə
təmir olundu və hələ 2020-ci il
noyabrın 25-də Şuşa
şəhərinə suyun
verilməsi bərpa edildi. Eyni zamanda
şəhərin digər
su mənbəyi - Zarıslı sugötürücü
qurğusu, Zarıslı-Şuşa
magistral su kəmərinin
qəzalı hissələrinin
bərpasına başlanıldı
və 2020-ci il dekabrın
20-də bu mənbədən
şəhərə suyun
verilməsi təmin edildi.
Şəhərin perspektiv
inkişafı, həmçinin
ilin müəyyən
dövrlərində Kiçik
Kirs və Zarıslı mənbələrində
məhsuldarlığın kəskin azalması səbəbindən alternativ
su mənbəyinin yaradılması layihəsinin
icrasına başlandı.
Beləliklə, 2022-ci ilin
dekabrında Şuşaya
yeni mənbədən suyun
verilməsi nəticəsində
evlər, dövlət
qurumlarının inzibati
binaları, hotellər,
ictimai-iaşə müəssisələri
və digər obyektlər fasiləsiz içməli su ilə təmin edildi.
Şuşa şəhərinə
verilən içməli
suyun keyfiyyət göstəricilərinin standartlara
uyğunluğunu təmin
etmək məqsədilə
Təxirəsalınmaz Tədbirlər
Proqramı çərçivəsində
mövcud sutəmizləyici
qurğunun yenidən qurulması layihəsi icra olunur. Qurğuda
12 qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı
və zərərsizləşdirici
qurğu, istehsalat laboratoriyası tam bərpa
olunaraq istismara hazır vəziyyətə
gətirilib. Görülmüş
işlər nəticəsində
qurğunun məhsuldarlığı
sutkada 2 min kubmetrdən
5 min kubmetrə çatdırılıb.
Hazırda şəhərdə
yaşayan, çalışan
və səfər edən insanlar bu təmizləyici qurğuda sutka ərzində emal olunan və standartlara tam uyğun içməli su ilə təmin edilir. Layihənin növbəti mərhələsində
Şuşa şəhərinin
dayanıqlı su təchizatı məqsədilə
məhsuldarlığı sutkada
8 min kubmetr təşkil
edəcək müasir
tipli yeni sutəmizləyici
qurğunun inşası
nəzərdə tutulur.
Şuşa şəhərinin
su təchizatının
dayanıqlılığının təmin olunması məqsədilə ümumi
həcmi 6 min kubmetr olan 3 su anbarı
layihələndirilib. Həmin
anbarlardan birinin tikintisi davam etdirilir.
Davam edir isə o deməkdir ki, ilin sonunadək daha neçə obyekt istifadəyə veriləcək, qalanlarının
adı növbəti illərin iqtisadi xəritəsinə yazılacaq.
Deməli, bu il həm də gələcək illərdə
görüləcək uğurlu
işlərin təməli
qoyuldu.
Flora SADIQLI,
Azərbaycan.-2024.- 6 dekabr
(№ 269).- S.9.