Azərbaycanlıların
qayıdış hüququna
həsr olunmuş beynəlxalq konfransın yekun sənədi qəbul edilib
Qərbi Azərbaycan
İcmasının təşkilatçılığı
ilə “Qayıdış
hüququ: Ermənistandan
zorla çıxarılmış
azərbaycanlılar üçün
ədalətin təmin
edilməsi” mövzusunda
keçirilən II beynəlxalq
konfransın yekun sənədi qəbul edilib.
AZƏRTAC xəbər verir ki, sənəddə
konfransda aparılmış
müzakirələrin xülasəsi
verilir. Konfransın yekun sessiyasında sənədi Polşadan olan iştirakçı, Avrasiya Araşdırmaları
Mərkəzinin aparıcı
tədqiqatçısı Jakub Voytsex Koreyba
oxuyub.
Yekun sənəddə
deylir: "Aralarında
parlament üzvləri,
ictimai-siyasi xadimlər,
vətəndaş cəmiyyəti
fəalları və elm xadimləri olmaqla 51 ölkədən
200-dən artıq iştirakçı
"Qayıdış hüququ:
Ermənistandan zorla çıxarılmış azərbaycanlılar
üçün ədalətin
təmin olunması"
mövzusunda İkinci
Beynəlxalq Konfransda toplaşaraq, Ermənistandan
məcburən çıxarılmış
azərbaycanlıların qayıdış
məsələsini və
qlobal miqyasda məcburi köçkünlük
problemini müzakirə
etdilər.
İştirakçılar qeyd etdilər ki, köçkünlük
insan hüquqlarının
ən ciddi pozuntularından biridir və azərbaycanlıların
Ermənistandan məcburi
köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlikdir.
İştirakçılar vurğuladılar ki, qayıdış hüququ
beynəlxalq hüquqda
möhkəm şəkildə
təsbit olunmuş və təməl insan hüququ kimi tanınır. Onlar qayıdış hüququnun əsasları
arasında Ümumdünya
İnsan Hüquqları
Bəyannaməsi, Mülki
və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu qeyd etdilər.
İştirakçılar Ermənistanın zorla çıxarılmış azərbaycanlıların
təhlükəsiz və
ləyaqətli şəkildə
geri dönməsinə
icazə verməkdən
imtina etməsindən
ciddi narahatlıq ifadə etdilər. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin
(ICC) prokurorunu, Ermənistanın
azərbaycanlıların qayıdışına
imkan verməməklə
beynəlxalq hüquq və Roma Statutu
çərçivəsində üzərinə götürdüyü
öhdəlikləri pozmasını
araşdırmağa çağırdılar.
İştirakçılar qayıdış prosesində
mülkiyyət hüquqlarının
bərpasının vacibliyini
vurğuladılar. Onlar
Ermənistan hökumətini
müsadirə edilmiş
və ya zorla ələ keçirilmiş əmlakların
geri qaytarılması,
məcburi köçkünlük
zamanı dəymiş
itkilərə görə
kompensasiya ödənilməsi
və zərərlərin
əhatəli şəkildə
həll olunması üçün zəruri
addım atmağa çağırdılar. Onlar
qeyd etdilər ki, kompensasiya köçkünlərin maddi
və emosional itkilərini qarşılamaq
üçün mühümdür,
lakin kompensasiya, ata-baba torpaqlarına qayıdış hüququnun
əvəzi kimi və ya onu
inkar etmək üçün istifadə
edilə bilməz.
İştirakçılar Ermənistanın azərbaycanlıların
mədəni irsinin, o
cümlədən məscidlərin,
qəbiristanlıqların və
tarixi abidələrin
sistematik şəkildə
məhv edilməsindən
narahatlıq ifadə etdilər. Onlar bunu azərbaycanlı kimliyini silmək cəhdi kimi qiymətləndirərək, bu
mədəni irsin vəziyyətinin qiymətləndirilməsi,
qorunması və bərpası üçün
UNESCO-nun və digər beynəlxalq təşkilatların cəlb
olunmasına çağırdılar.
İştirakçılar mədəni irsin qorunmasının barışıq
və anlayış üçün əhəmiyyətini
vurğuladılar.
İştirakçılar xatırlatdılar ki, azərbaycanlılar postsovet
məkanında etnik münaqişələrin ilk
qurbanları olmuş və beynəlxalq ictimaiyyətin yetərsiz reaksiyası digər münaqişələrin yaranmasına
səbəb olmuşdur.
Onlar vurğuladılar
ki, Qərbi azərbaycanlıların təhlükəsiz
qayıdış hüquqlarının
tam bərpası dünyada münaqişələrin
həlli üçün
müsbət bir nümunə ola bilər.
İştirakçılar vurğuladılar ki, ədalət barışıq
və daimi sülh üçün zərurətdir. İştirakçılar
Ermənistanı, azərbaycanlılara
qarşı cinayətlərə
görə məsuliyyət
daşıyan şəxslərin
şöhrətləndirilməsinə son qoymağa, nifaqı davam etdirən strukturları ləğv etməyə və Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlamağa çağırdılar. Onlar
vurğuladılar ki, barışıq üçün
Ermənistanın tarixi
ədalətsizlikləri aradan
qaldırması və
birgəyaşayış və
inam üçün şərait yaratması vacibdir.
İştirakçılar qayıdacaq Qərbi azərbaycanlıların təhlükəsiz
şəkildə qayıtması
və qayıdış
prosesinin hərtərəfli
planlaşdırılması və resursla təmin edilməsi üçün BMT-ni və dünya dövlətlərini diplomatik
səylər göstərməyə
çağırdılar. İştirakçılar
qayıdanların reinteqrasiyası
sahəsində gözlənilən
çətinlikləri qeyd
etdilər və Qərbi azərbaycanlılar
qayıdacaq yerlərdə
infrastrukturların bərpası,
onlara humanitar yardım göstərilməsi
və uzunmüddətli
inkişaf proqramlarının
həyata keçirilməsi
üçün əlaqələndirilmiş
səylərin vacibliyini
vurğuladılar.
Onlar Ermənistan
hökumətini regional
sülhə mane olan siyasətini və konstitusiya müddəalarını aradan
qaldırmağa və
iqtisadi və sosial əməkdaşlıq
imkanlarını qəbul
etməyə çağırdılar.
Onlar Ermənistanın
öz öhdəliklərinə
uyğun olaraq kommunikasiyaları açmasının
Cənubi Qafqazda ümumi rifaha və sabitliyə yardım edəcəyini qeyd etdilər.
İştirakçılar qayıdış hüququnu
regional sülh və ədalətin əsas prinsipi kimi qəbul etməkdə qərarlı
olduqlarını təsdiq
etdilər. Onlar Qərbi azərbaycanlıların
sülh, təhlükəsizlik
və ləyaqətlə
geri dönüşünün
yalnız siyasət prioriteti deyil, həm də insan hüquqları və ləyaqətin təmin edilməsinə kollektiv qətiyyətin sınağı olduğunu
vurğuladılar.
İştirakçılar Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin beynəlxalq hüququn aliliyinin təmin olunması, qaçqın və məcburi köçkünlərin
hüquqlarını müdafiəsi,
azad olunmuş ərazilərin bərpasında
liderliyini və ədalət və barışıq istiqamətindəki
səylərini yüksək
qiymətləndirdilər. Onlar
həmçinin Qərbi
Azərbaycan İcmasının
insan hüquqları və beynəlxalq hüquq çərçivəsində
sülh yolu ilə, təhlükəsiz
və ləyaqətli
qayıdış səylərinə
dəstək ifadə
etdilər.
Bu xülasə, konfrans zamanı qaldırılmış əsas məqamları əks etdirir və Ermənistandan məcburi köçürülmüş azərbaycanlılar üçün ədalətin, eləcə də bölgədə sülh, təhlükəsizlik və barışığın təşviq edilməsinə xidmət edir".
Azərbaycan.-2024.- 7 dekabr (№ 270).- S.5.