Ermənistan
növbəti dəfə
təhlükəli oyuna
sürüklənir
Qərb regionda çox təhlükəli strategiyasını
həyata keçirmək
planını yenidən
işə salıb
"ABŞ və Qərbi
Avropa ölkələri,
xüsusən Fransa, Almaniya Azərbaycan əleyhinə atdıqları
addımlarla açıq
şəkildə nümayiş
etdirirlər ki, Cənubi Qafqaza sabitliyin, əmin-amanlığın
gəlməsində maraqlı
deyillər. Onlar regionda sülhü bərpa etmək əvəzinə münaqişəni
daha da alovlandırıb
yeni savaşlar çıxarmaq istəyirlər.
Təəssüf ki, müstəqil dövlət
olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə oturub-durur".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat qeyd edib
ki, Ukraynanı sonu görünməyən
bataqlığa qərq
edən Qərb, eyni siyasəti Azərbaycan və Ermənistan arasında da aparır. Onlar bu xalqlar
arasında düşmənçiliyin
sonsuzadək davam etməsində maraqlıdırlar.
Əgər bunun əksi olsaydı, otuz il torpaqlarımızın
işğalda qalmasına,
bir milyona yaxın qaçqın, köçkün probleminə,
ərazimizdə separatizmin
mövcudluğuna göz
yummazdılar. Azərbaycan
torpaqları işğal
altında olduğu illərdə də beynəlxalq vasitəçilər
rəsmi İrəvanın
törətdiyi əməllərə
görə sanksiyalar tətbiq etməyiblər.
Əksinə, müxtəlif
məqsədlər adı
altında işğalçıya
maliyyə yardımları
ediblər. 44 günlük
müharibədən sonra
məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal
etdikləri Azərbaycan
torpaqlarında hərbi
istehkamlar tikməyə
sərf ediblər. Bu gün Qərb
dövlətlərinin Ermənistanı
sürətlə silahlandırmasının
nəticəsidir ki, işğalçı konstruktiv
mövqe ortaya qoymaqdan çəkinir.
Deputat vurğulayıb
ki, Qərb regionda çox təhlükəli strategiyasını
həyata keçirmək
planını yenidən
işə salıb:
"Bu baxımdan Polşa Prezidenti Andjey Dudanın da Ermənistana səfəri məqsədli
olub, çünki Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyasından
danışarkən delimitasiya
olunmuş ərazilərdən
Avropa İttifaqının
"müşahidə missiyası"nı
çıxaracağını demişdi. Bu açıqlamadan dərhal
sonra Duda Ermənistana səfərə
gəlib və Avropa İttifaqının
keçmiş hərbçilərdən
təşkil olunmuş
qrupunun tərkibində
Azərbaycanla sərhəddə
dayanaraq binoklla pozalar verib. Sonra da Polşa
müşahidəçilərini artıracağı ilə
bağlı fikirlər
səsləndirib. Bütün
bunlar Avropa İttifaqının regionumuza
sülhün gəlməsinə
mane olmağa çalışmasının ifadəsidir.
Çünki gündəlikdə
dekabr ayından başlayaraq danışıqların
bərpası haqqında
fikirlər var idi, amma Dudanın
səfərindən sonra
Ermənistanın şərti
sərhədimizə qoşun
hissələrini yığdığı,
səngərlər qazdığı
müşahidə edilir.
Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanla yenidən müharibəyə hazırlaşır".
K.Bayramov bildirib
ki, bu, ilk
növbədə Qərbin
istəyidir, çünki
Rusiyanın qonşuluğunda
ikinci müharibə ocağını yaratmaqla
diqqəti bu istiqamətə yönəltmək
istəyir. Məhz ona görə də Fransa artilleriya qurğularını,
Yunanıstan "S-300" radar
kompleksini, Hindistan raket komplekslərini Ermənistana tədarük
edib. Qərbdən dəstək alan Ermənistan da həvəslənib və
müharibəyə hazırlaşmaq
üçün cəsarətlənib.
Siyasətçi əlavə
edib ki, Azərbaycan bütün prosesləri izləyir və Ermənistanın silahlandırılması faktlarını
görür. Ermənistan
başa düşməlidir
ki, "binokl diplomatiyası" kimi ucuz şoularla, Luis Okampo, Qreta
Tunberq kimi avantüristlərə "yeni
xilaskar" gözü
ilə baxmaqla Cənubi Qafqazda sülhə nail olmaq mümkünsüzdür.
Noyabrın 8-də Bakıda
Zəfər parkının
açılışında Müzəffər Ali Baş Komandan bir daha bu
məsələdən danışaraq
Ermənistana xəbərdarlıq
etmişdi. Prezident bildirmişdi ki, bu gün mövcud
vəziyyətlə barışmaq
istəməyən anti-Azərbaycan
qüvvələr, bəzi
Qərb paytaxtlarında
oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı
yeni müharibəyə
təhrik edirlər. Bu, Ermənistan dövləti üçün
tam faciə ola bilər: "Mən dəfələrlə
həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan
tərəfinə izah
etməyə çalışırdım
ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər.
Öz maraqlarını
təmin etmək üçün, onların
dostları sayılan bəzi Qərb dövlətləri onları
qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki gec deyil, ona
görə Ermənistan
bu silahlandırma siyasətindən əl çəkməlidir, buna
son qoyulmalıdır,
mən dəfələrlə
bunu demişəm və onlar bilirlər
ki, mənim sözümə diqqət
yetirmək lazımdır".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
7 dekabr (№ 270).- S.8.