Fransada
siyasi xaos dərinləşir
Müxalifət prezidentin istefasını tələb edir
Fransa Prezident
Emmanuel Makron hökumətin
istefasından sonra xalqa müraciət edib. O, 2027-ci ildə başa çatmalı olan səlahiyyət müddətinin sonuna qədər vəzifəsində
qalacağını və
yaxın günlərdə
yeni baş nazirin adını açıqlayacağını
bildirib.
Xalqa müraciətində
Makron Milli Assambleyanın
hökumətə etimadsızlıq
səsverməsini qəbul
etməsini "antirespublika
cəbhəsi" adlandırdığı
ifrat sağçı
və radikal solçu qüvvələrdən
olan rəqiblərinin
üzərinə atıb.
Makron kabinetin istefasına səs verən qanunvericiləri nəinki tənqid atəşinə tutub, hətta onları siyasi maraqlarını güdməkdə ittiham edib. Eyni zamanda
Fransa lideri ölkəni və maliyyə bazarlarını
sarsıdan böhrana görə məsuliyyətini
də etiraf edib.
Yeni baş nazirə prioritet vəzifə kimi 2025-ci il büdcə qanununun qəbulunu həyata keçirə biləcək hökuməti
formalaşdırmaq tapşırılacaq.
"The New York
Times" yazır ki, Barnye
hökumətinin ona etimadsızlıq səsverməsindən
sonra istefaya getməsi Fransada siyasi xaosa gətirib
çıxaracaq. Prezident
Makron bu çaşqınlığın əsas qurbanı olmaq riskini daşıyır.
Belə ki, sağçı
müxalifət məhz
onu hədəfə alıb.
Çərşənbə günü
Fransa qanunvericiləri
baş nazir Mişel Barniye və onun kabinetinə etimadsızlıq səsverməsi
keçirərək ölkəni
yeni siyasi qarışıqlıq
burulğanına sürükləyib.
İndi Fransanın yeni büdcəsini
necə qəbul edəcəyi bəlli deyil və bu,
maliyyə bazarlarında
daha da qarışıqlıq
riski yaradır.
Fransa parlamentinin
aşağı palatası
331 səslə baş
nazir Mişel Barnyeyə
etimadsızlıq səsverməsini
qəbul edib ki, bu da tələb olunan 288 səsdən xeyli çoxdur. Marin Le Penin sağçı
"Milli Birlik" partiyası
fraksiyasının solçu
koalisiyanın hökuməti
istefaya göndərmək
səylərinə qoşulduqdan
sonra bu mümkün oldu.
Bu, Fransada son 60 ildə ilk uğurlu etimadsızlıq
səsverməsi idi. Cəmi üç ay fəaliyyət göstərən
Barnye hökuməti isə Beşinci Respublika tarixində ən qısamüddətli oldu.
Səsvermə Fransa üçün çətin
bir vaxtda baş tutub. Ölkə böyük borcunun və artan kəsirinin öhdəsindən gələ
bilmir. Makron hakimiyyəti qoruyub saxlasa da, ona dəstək çox qeyri-sabitdir. Keçən
ilin yayında növbədənkənar parlament
seçkilərinin keçirilməsi
ilə bağlı sürpriz qərar qəbul edərkən onun nüfuzu ciddi şəkildə sarsıldı. Bu isə onun partiyası və müttəfiqlərinin
çoxlu mandatlarını
bir-biri ilə rəqabət aparan, lakin prezidentə qarşı çıxmaqda
qərarlı olan ifrat sağçı və solçulara verməsi ilə nəticələndi.
Fransa indi uzun bir qeyri-sabitlik
dövrü ilə üz-üzədir. Bu, Fransanın
iqtisadiyyatı, xüsusilə
də borcları ilə bağlı narahatlığı da artırıb
və bunun gələn il əhəmiyyətli
islahatlar aparılmadan
ÜDM-in 7 faizinə yüksəlmək
ehtimalı var. Analitiklər
deyirlər ki, Barnye hökumətinin süqutu
Fransa üçün
borclanma xərclərinin
artmasına və borcunun daha da dərinləşməsinə səbəb
ola bilər.
Barnye çoxluğa
sahib olmadığı parlamentin
aşağı palatasında
təsdiq edilmədən
büdcə təkliflərini
irəli sürmək
üçün konstitusiya
alətlərindən istifadə
etmək qərarını
verdikdə, onun sürətlə çökməsi
qaçılmaz oldu. Belə alətdən istifadə Fransa parlamentarilərinin hər
zaman narazılığına səbəb olub.
Ancaq çərşənbə
günü daha böyük hadisə baş verdi: sol təmayüllü parlament
koalisiyası ilə palatada ən çox yerə sahib olan millətçi və antiimmiqrant "Milli
Birlik" partiyası
arasında gözlənilməz
ittifaq yarandı.
Barnyenin büdcə
təklifi ləğv
edildi. Parlamentdə vida nitqilə çıxış edən
baş nazir, etimadsızlıq
səsverməsinin hər
şeyi ciddi şəkildə mürəkkəbləşdirəcəyini
və çətinləşdirəcəyini
bildirdi. O qeyd edib ki, yeni büdcə olmadan daha çox
ev təsərrüfatları
vergi ödəməyə
məcbur olacaq, qalanları üçün
isə bu vergilər artacaq.
Əslində, Barnyenin
və onun kabinetinin devrilməsi illərdir artan siyasi nüfuzundan yararlanmağa və partiyasını Fransa siyasətinin əsas məcrasına cəlb etməyə çalışan
Marin Le Pen üçün qələbə idi. Barniyenin süqutunu təmin edərək səsvermənin keçirilməsində
israrlı olan məhz Le Pen idi. Solçu alyans aylardır hökumətin
devrilməsi üçün
kampaniya aparır və deyir ki, onun üzvləri birlikdə bu yay növbədənkənar seçkidə
ən çox yer qazanıblar və buna görə də liderliyə layiqdirlər. Lakin koalisiya
baş naziri istefaya göndərmək
üçün kifayət
qədər səs toplaya bilmirdi.
Səsvermədən sonra Le
Pen Barnyenin ona təklif etdiyi büdcə güzəştlərindən
imtina edib. Birincisi, baş nazir təklif olunan elektrik vergilərini ləğv etməyə razılaşıb. İkincisi,
o, tibbi kompensasiyanı
kəsməyəcəyinə söz verib. Əvvəllər Le Pen həm
birincini, həm də ikincini tələb edirdi. Lakin indi bu onun
üçün kifayət
deyil.
Le Pen bazar ertəsi günü 60 milyard dollarlıq xərclərin azaldılması
və vergi artımını ehtiva edən büdcə layihəsini "fransız
xalqı üçün
tamamilə ədalətsiz
" adlandırıb.
Barnyen ölkənin
maliyyə çətinliklərinin
öhdəsindən gəlməli
olduğunu deyərək
təklif olunan xərclərin azaldılması
və vergi artımını əsaslandırmağa
çalışıb. Fransanın
illik kəsirinin
ÜDM-in ən azı
6,1 faizinə çatacağı
proqnozlaşdırılır ki, bu da Aİ limitini iki dəfə aşır. Ölkənin
borcu limitdən iki dəfə çoxdur və ÜDM-in
112 faizini təşkil
edir.
Siyasətçilər Barnyedən
sonra öz qiymətləndirmələrində baş nazir postuna
"Milli Birlik"lə müzakirəyə
daha hazır hesab etdikləri siyasətçilərə, məsələn,
müdafiə naziri Sebastyan Lekornyuya üstünlük verirlər.
Tənqidçilər və bəzi müstəqil analitiklərin fikrincə,
Le Penin Barnye və onun qənaət
planlarını tənqid
etməsi daha böyük siyasi strategiyanın bir hissəsi kimi görünür. O, etiraf
edib ki, əsl hədəfi Barnye deyil, daha çox
hakimiyyətə malik olan
yeganə şəxsdir
- Makron.
Paris Siyasi Araşdırmalar İnstitutunun politoloqu və fəxri professoru Jerar Grünberq deyir: "Marin
Le Pen həqiqətən güclü
mövqedən çıxış
etmək və növbədənkənar prezident
seçkilərinin keçirilməsinə
nail olmaq istəyir. Makron isə prezidentliyinin əksər dövründə
populyar olmayıb. Bir çox fransız onu təkəbbürlü
və laqeyd hesab edir. Makron
legitimliyini tamamilə
itirib. Müəyyən
mənada o, ümumiyyətlə,
mövcud deyil. Bir siyasətçi kimi o ölüb".
Rizvan CƏFƏROV,
Azərbaycan.-2024.- 7 dekabr
(№ 270).- S.8.