İllər əvvəl
beşyaşlı bir
qızcığaz səssizcə
oturub xalça toxuyan anasının al-əlvan iplərlə ərişləri necə
məharətlə bəndə
saldığına baxardı...
İlmələrdən yaranan çinlər yavaş-yavaş boy verdikcə, xalçanın
üzərində füsunkar
mənzərələr yaranar,
onun da düşüncələri
güllərdən pərvazlanan
rəngarəng kəpənəklərə
qoşularaq bu çəməndən o çəmənə
dolaşardı...
Sonra qızcığazın
gözləri yavaş-yavaş
yumular, qulaqlarında anasının ilmələrin
uclarını xalça
bıçağı ilə
kəsməsindən yaranan
və tək-tək düşən yağış
damlalarının səsini
xatırladan ritmlərin
ahəngi qalardı...
Beləcə, o özü
də bilmədən kiçik yaşlarından
xalçaların sehrli
dünyasının bir
parçasına çevrilər,
bu sənətə olan sevgi ilmə-ilmə
ruhuna toxunardı...
"Xalça aləmi
sanki sehrli dünyadır. Bu aləmə daxil olandan sonra oradan
heç çıxmaq
istəmirsən. Əl
işlərinə baxanda
fəxr edirsən ki, gör barmaqların
adicə saplarla, iplərlə xalçalara
necə ömür verir?! Elə xalçalar olur ki, on illər,
hətta yüz illər yaşayır. Yəni sən bu dünyada olmasan belə barmaqlarının izi bu dünyada qalır..."
Bu fikirləri səsləndirən 40 ildən
artıqdır ki, xalçaçılıq sənəti
ilə məşğul
olan Sevinc Səfərova ilə
"Azərxalça" Açıq
Səhmdar Cəmiyyətinin
İçərişəhərdə yerləşən sərgi
satış salonunda tanış olduq. Hazırda Quba xalça məktəbinə aid
"Qollu Çiçi"
xalçası üzərində
işləyən peşəkar
xalçaçı ilə
bu qədim sənətin sirlərindən
söhbət açdıq.
İlmələrin rəqsi
2004-cü il dekabrın
7-də "Azərbaycanda xalça
sənətinin qorunması
və inkişaf etdirilməsi haqqında"
qanun qəbul edilib. Prezident İlham Əliyevin sərəncamı ilə
"Azərbaycan Respublikasında
xalça sənətinin
qorunmasına və inkişaf etdirilməsinə
dair 2018-2022-ci illər
üçün Dövlət
Proqramı" təsdiq
edilib. Dövlət başçısının 5 may
2016-cı ildə imzaladığı
sərəncama əsasən,
"Azərxalça" Açıq
Səhmdar Cəmiyyəti
yaradılıb. Həmin
tarix "Xalçaçı
günü" kimi qeyd edilir.
Milli mədəniyyətimizin
inkişafında böyük
rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalçaçılığın
yaşadılmasına öz
dəyərli töhfələrini
verir. Məhz birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə
Azərbaycan xalçaçılıq
sənəti UNESCO-nun
Bəşəriyyətin Qeyri-Maddi
İrsin nümunələri
siyahısına daxil edilib.
2022-ci ildə Azərbaycan
xalçası-ilmələrin rəqsi" adlı yeni xalça kolleksiyası Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb. 8 il ərzində ərsəyə
gələn və qədim sənətə yeni nəfəs verən kolleksiyada "Yaranış", "Şikargah",
"Xan ovu", "Cəng və barış", "Bəndi-rumi",
"Şəbəkəli", "Adəm və Həvva, "Ağaclı",
"Narlı", "Göllü",
"Ləçək-turunc", "Dörd fəsil",
"Tağlı", "Cəmadət" xalçaları,
"Cənnət quşları"
və "Cənnət
bağı" dəstxalı
- gəbələri yer
alıb.
"Azərbaycan xalçası-ilmələrin
rəqsi" kolleksiyasına
daxil olan əsərlər barədə
ətraflı məlumat
eyniadlı kitabda yer alıb.
Rənglərin harmoniyası
Biz orta nəsil və yaşlılarımız üçün
xalça toxunması
demək olar ki, doğma və tanış prosesdir. Çünki ya özümüzün, ya da qonum-qonşuların
evlərində quraşdırılan
dəzgahların arxasında
analarımızın, nənələrimizin,
qız-gəlinlərimizin xalça,
palaz toxumalarına şahidlik etmişik. Hətta bəzilərimiz naşı da olsa, ilmə vurmağı bilirik. Amma yeni nəsil
üçün bunu demək mümkün deyil. Çünki müasir zamanın diktəsi ilə xalça toxunulması indiki nəsil üçün qeyri-adi, bir az da
əlçatmaz sənət
növünə çevrilib.
Ona görə də uşaqlarımız,
yeniyetmələrimiz, gənclərimiz
Azərbaycanın bu qədim sənət nümunəsini əsasən
emalatxanalarda, sərgi-satış
ünvanlarında yaxından
izləyib tanış
ola bilirlər.
Öyrənirik ki,
Sevinc Səfərova bu sənətə 5 yaşından etibarən yiyələnməyə başlayıb.
Şənbə günləri
bağça olmadığı
üçün o zaman
"Azərxalça" İstehsalat
Birliyində xalçaçı
kimi çalışan
anası Dürnisə
Həsənbalanın yanına
gedərmiş. Elə
o vaxtdan da anasının əllərinə
baxa-baxa bu peşəni öyrənməyə
başlayıb: "Anamın
yanında oturub sakitcə baxırdım ki, o, xalçanı necə toxuyur. Əvvəlcə bıçaqsız
halda barmaqlarımla toxumağa başladım.
Anam da ilk
dəfə görəndə
təəccüblə dedi
ki, nə yaxşı toxuya bilirsən... Xalçada rənglər çox önəmlidir. Bu adamın əhvali-ruhiyyəsindən
asılıdır. Elə
vaxt olur ki, çılğın,
elə də olur ki, sakit
rənglərlə işləmək
istəyirsən. Bəlkə
də bu, yaşdan asılıdır,
gənc vaxtı "çılğın" rəngləri
sevirsən, dünyanı
başa düşdükcə
"sakit" rənglərə
keçirsən... Xalçalar
doğrudan da sehrlidir. Nağıllarımızda
əks olunduğu kimi, o üzərindəki
bir-birindən maraqlı
rəmzlər, təsvirlər
vasitəsilə səni
öz sirli dünyasına qərq edir. Məsələn, bir toxucu kimi,
ilmələrin rəqsini
hiss edirəm. Bıçaqla toxuyanda elə bil hansısa
ritmik musiqiyə qulaq asırsan. Hər toxucunun ilməsinin də öz səsi olur..."
Uşaqlıqdan işlətdiyi
və "sadiq dostlar"ım adlandırdığı
həvə, qayçı,
bıçağı hələ
də istifadə etdiyini söyləyən xalçaçının sözlərinə
görə, bu sənətin sahibi olmaq üçün insandan səbir, hövsələ tələb
olunur və hər adam da
xalçaçı ola
bilmir: "Xasiyyətdən
çox şey asılıdır. Hansı
insan ki, çılğındır, bir
yerdə qərar tuta bilmir, o xalçanın dilini bilmir. Ancaq sakit,
hövsələli insan
oturub həvəslə
ilmələrin arxasınca
düşür və
xalçada bir-birindən
gözəl naxışlar
yaradır. Uşaqlıqda
toxuduğum xalçalara
mütləq öz imzamı qoyardım. İndi isə bütövlükdə həmin
xalçanı öz
imzam kimi görürəm. Onu da deyim ki,
xalçaçıya min
dənə xalçanın
içərisində də
olsa öz toxuduğu doğma gəlir".
Peşəkar xalçaçıdan
öyrəndik ki, demə, ipək xalçanı toxumaq yun xalçadan çətin imiş:
"İpək xalçanı
nazlı, qəmzəli
"gəlin"ə oxşadıram.
Yun xalçanı isə hökmlü, dözümlü, həyatın
bütün çətinliklərinə
sinə gərən qadın kimi təsəvvür edirəm.
İpək xalça
gözəl olsa da, onun "naz"ı ilə çox oynamalısan ki, ipək sapdan
nəsə ərsəyə
gətirəsən. Yun
xalçaya nisbətən
ondakı səhv toxunuşu düzəltmək
çətin olur. İpək xalçanın
bir kvadratmetrini 5-6 aya toxuyuruq, yun xalçanı isə ümumilikdə iki aya toxumaq
mümkündür".
Xalçaçı onu da deyir
ki, bu sərgi-satış
salonuna gələn uşaqlarımız, gənclərimiz
xalça toxunulmasına
qəribə maraqla baxırlar: "Onlara adi iplərin xalçaya necə çevrilməsi çox
maraqlı görünür.
Yaxınlaşıb özləri
də ilmə vurmaq istədiklərini deyirlər. Mən onlara ustad dərsləri
göstərirəm. Azərbaycan
xalça sənəti
xarici turistlərin də diqqətini çox çəkir.
COP29-da "yaşıl zona"da
Azərbaycan pavilyonunda
xalça sənətimiz
də nümayiş etdirilirdi. Orada xalça dəzgahında
əcnəbi qonaqlara xalçanın necə toxunduğunu göstərirdim.
Onlar da həvəslə xalçaya
ilmə atırdılar.
Yəni bu qədim sənətimiz hər kəs tərəfindən böyük
maraq və diqqət cəlb edir. Buna görə
də daim onu yaşadıb gələcək nəsillərə
ötürməliyik. İndiki
gənc nəslimizin bu sənətə marağı, istəyi olsa da, əksəriyyətinin
hövsələsi yoxdur
ki, oturub xalça toxusun. Amma kimin ki
həvəsi var, bu sənəti heç olmazsa hobbi kimi öyrənsə
yaxşı olar".
Əriş uzadılıb,
küc götürülüb,
indi dəhnə döyüləcək...
Divarlarında "Çələbi",
"Talış", "Əjdahalı", "Nəlbəki-gül",
"Bəhmənli", "Xilə-Əfşan" xalçaları
sıralanmış şourumda
növbəti xalçanın
toxunması üçün
əriş uzatma həyata keçirilirdi.
Gənc xalçaçı
rəssam, eyni zamanda texnoloq Ağasadıq Süleymanov
bu maraqlı proses haqqında məlumat verdi: "Hazırda çərçivə
üzərində əriş
uzatma prosesini həyata keçiririk. Ərişi uzatmışıq,
kücümüzü götürmüşük,
bu prosesdə ərişlər çarpazlaşır.
Növbəti proses isə dəhnəni döymək olacaq. Xalçanın ağzı
deyirlər buna. Dəhnəni döydükdən
sonra isə xovsuz xalçamız olan sumax kompozisiyasını
toxuyacağıq".
Ağasadıq Süleymanov
söylədi ki, Azərbaycanın Quba ərazisində "Qonaqkənd
sumağı" deyilən
sumax toxunur. Hansı ki, sovet dönəmində ermənilər onu öz adlarına çıxmaq istəyiblər:
"Xalçaların ortasında
medalyon, xonça deyilən müxtəlif göl formaları olur. Sumaxın üzərindəki həmin
göllərin birində
xaç şəkilləri
olub. Hansı ki bu, gölün
üzərində güllərin
stilizə (naxış
dilinə salınma) olunmuş forması idi. Buna görə
hiyləgər ermənilər
sovet dönəmində
həmin xalçaları
özününküləşdirmək istəmişdi. Ancaq görkəmli
alim və xalçaçı Lətif
Kərimov ermənilərin
bu siyasətinin qarşısını almaq
üçün "Azərbaycan
xalçası" adlı
üçcildliyini dərc
etdi. Eyni zamanda Milli Xalça
Muzeyini yaratdı ki, Azərbaycan xalçalarına göz dikib öz adlarına
çıxmaq istəyən
düşmənlərin qarşısını
alsın".
Xalçaçı rəssam qısa da olsa xalçaçılığımızın
keçdiyi tarixi yolla bağlı da məlumat verdi və xalçanın
öncə yunun yox, bitkilərin üzərində toxunmağa
başladığını söylədi: "Buna misal olaraq çətənləri
göstərə bilərik.
Çətənlər müəyyən
dairəvi taxtaları
bir-birinə bağlamaqla
düzəldilib. Ağdaş
bölgəsində çətən
üzərində aş
süzərmişlər, meyvə,
yun qurudarmışlar.
Sonra çətənlərə
iki növ, saplarla, yaxud yandırma üsulu ilə naxışlar vurularmış. Daha sonra isə həsirçiliyə keçilib
və bu, Azərbaycanın cənub
bölgəsində, Lənkəranda
ənənəvi olaraq
inkişaf edib. Həsirin sadə növündən isə rəngli saplar bir dənədən bir əriş üzərindən keçirilməklə
sadə üslubda palazların toxunulmasına
başlanılıb. Palazın
da iki növü
var: sadə və çiyi".
Çiyi palazın
Bakının Güzdək
kəndi ərazisində
toxunduğunu deyən
Ağasadıq Süleymanov
onun ipək saplarla toxunduğunu bildirdi: "Bu palazlar süfrə və pərdə kimi istifadə olunar, divardan asılardı. Çiyi palazların əsas xüsusiyyəti o idi ki, onlar metrəsi,
yaxud kvadratı ilə yox, çəkisi
ilə satılardı.
Azərbaycanın digər
qədim və çox bahalı xalçaları da var ki, onların
da çəki ilə satışını
həyata keçiriblər.
Metalın yaranma dövründə isə xovlu xalçalar yaranıb. Buna Qubanın "Pirəbədil"
xalçasını misal
göstərə bilərik.
Onun üzərində
qayçı stilizə
olunub. Bu da onu göstərir
ki, xovu qayçı kəsmədən
səliqəyə salmaq
olmur. Müasir dönəmimizə gəldikdə
isə xovlu və xovsuz xalçaların sintezi həyata keçirilməyə
başlanıldı. Düzdür,
bu qədimdə də var idi,
amma xovsuz xalçaların sintezi kimi".
"Çələbi", "Malıbəyli", "Qasımuşağı",
"Bəhmənli"
Xalçaçı texnoloq bildirdi ki, Qarabağ xalçalarının da xovlu və xovsuz
növləri var. Bu bölgənin xalçalarının fərqi
sıxlığında, rəng
çalarlarında, palitrasındadır,
hansı ki o yerlərin təbiəti, faunası ilə əlaqəlidir. Üzərində
çoxlu süjetli məqamlar olan həndəsi və nəbati xalça növləri var. Məsələn, "Saxsıda
güllər" süjetli
xalçadır. Qarabağ
xalçalarına "Çələbi",
"Malıbəyli", "Qasımuşağı", "Bəhmənli" və digərləri aiddir".
Ağasadıq Süleymanov
vurğuladı ki, bəzi naxışlar var ki, sirlərini
ustadlar, müəllimlər
açıb, onlar haqqında məlumatlar verilib, amma bəziləri
öz sirlərini hələ də qoruyub saxlamaqdadır. Həmin xalçalar ötən əsrlərdə
toxunub və üzərlərində naxış
dilinə salınmış
xeyli rəmzlər var: "Bəzən belə bir fikir
səsləndirilir ki,
xalça yalnız yerə salmaq üçündür. Amma
bu yanlışdır.
Müqəddəs nişanlarımızı,
naxışlarımızı, nəsli bildirən damğalarımızı özündə
əks etdirən xalçalar ayaq altına atılmırdı.
Bir növ müqəddəs hesab edilirdi və divardan asılırdı.
Ümumiyyətlə, Azərbaycanda
müxtəlif təyinatlı
xalçalar toxunub. Məsələn, beşik
xalçaları, qəbir
xalçaları (insan
öləndə ona büküb basdırarmışlar,
"Talış" xalçasını
buna misal gətirmək olar. Bu cür xalçaların
qıraqları haşiyəli,
ortası boş olub) var. Eyni
zamanda sırf toxuyub satmaq üçün nəzərdə
tutulan ticarət xalçaları olub. Nəsil xalçaları isə heç zaman satılmayıb, qorunub saxlanıb və nəsildən-nəslə
ötürülüb".
Göründüyü kimi, Azərbaycan xalqının milli təfəkkürünün inikası,
dəyərlərinin daşıyıcısı,
tarixinin bir hissəsi olan qədim xalçaçılıq
sənəti günümüzdə
də ənənəsini
yaşadır. Keçmişimizdən
bu günümüzə
körpü salan bu sənət növünün yaşadılmasına
və inkişafına
dövlətimiz tərəfindən
böyük diqqət
və qayğı göstərilir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.- 7 dekabr
(№ 270).- S.11.