Azərbaycan
Prezidenti: İndi dünyada bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı
tamamilə sarsılıb
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin
140-cı kitabı çapdan
çıxıb
“Bir nömrəli
vəzifə hərbi
gücümüzün artırılmasıdır.
Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı
arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının
yaradılması və
ətrafımızda gərginliyin
artması, həm də eyni zamanda,
Ermənistanda revanşizm
meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar
edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur
qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə
göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı,
heç vaxt torpaqlarımızı işğalçılardan
azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul
olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə
sarsılıb. İkinci
Dünya müharibəsindən
sonra formalaşmış
təhlükəsizlik arxitekturası
artıq mövcud deyil, “Kim güclüdür,
o da haqlıdır” prinsipi üstünlük təşkil edir və bəzi böyük dövlətlər
bunu heç gizlətmirlər”.
AZƏRTAC xəbər verir ki, “İlham
Əliyev. İnkişaf
- məqsədimizdir” çoxcildliyinin
çapdan yeni çıxmış 140-cı kitabında yer alan bu fikirləri
dövlətimizin başçısı
sentyabrın 23-də Yeddinci
çağırış Azərbaycan Respublikası
Milli Məclisinin ilk iclasında nitqi zamanı söyləyib. Oxucu Azərbaycan Prezidentinin nitqinin tam mətni
ilə bu kitabda tanış ola bilər.
Çoxcildliyin 140-cı kitabında toplanmış
materiallar 2024-cü ilin
sentyabr-oktyabr aylarını
əhatə edir.
Yeni kitaba Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində keçirilmiş ADEX-2024 5-ci Yubiley
Azərbaycan Beynəlxalq
Müdafiə Sərgisi
və “Securex Caspian”
14-cü Beynəlxalq Daxili
Təhlükəsizlik, Mühafizə
və Xilasetmə Avadanlıqları Sərgisində
iştirakına dair informasiya daxil edilib. Oxucu bu
kitabda dövlətimizin
başçısının İqtisadi məsələlərə
həsr olunmuş müşavirədə, habelə
Aşıq Ələsgərin
abidəsinin açılış
mərasimində çıxışlarının
mətnləri ilə
də tanış ola bilər.
Prezident İlham
Əliyev sentyabr ayında Ağdam rayonuna, Xankəndi və Şuşaya səfər edib, aparılan bərpa-quruculuq
işləri ilə tanış olub, bir sıra müəssisələrin
açılışında iştirak edib, eyni zamanda, yeni
müəssisələrin təməlini
qoyub. Dövlətimizin
başçısı Xankəndi
şəhərində Qarabağ
Universitetinin tələbə
yataqxanasının və
bu universitetin təmirdən sonra açılış mərasimlərində
iştirak edib, müəllim və tələbə heyəti
ilə görüşüb.
Şuşada isə dahi bəstəkar Üzeyir Hacıbəylinin
ev-muzeyinin bərpadan sonra açılışında,
Şuşada Bayraq meydanının açılış
mərasimində iştirak
edib. Prezident oktyabr ayında isə Zəngilana və Cəbrayıla səfər edib. Dövlətimizin başçısı
Cəbrayılda yaşayış
kompleksinin açılış
mərasimində iştirak
edib və yeni evlərə köçən şəhər
sakinlərinə mənzillərin
açarlarını təqdim
edib. Bütün bunlar haqqında informasiyalar yeni kitabda verilib.
Çoxcildliyin 140-cı kitabında Prezident İlham Əliyevin Moskvada MDB Dövlət Başçıları Şurasının
iclasında iştirakına
və çıxışına,
“Rossiya-1” televiziya kanalına
müsahibəsinə, habelə
XVI BRICS Sammitinin “Outreach”
/ “BRICS+” formatında iştirak
etmək üçün
Rusiya Federasiyasının
Tatarıstan Respublikasına
səfərinə və
plenar iclasda çıxışına dair
materiallar da toplanıb.
Oxucu bu kitabda Azərbaycan Prezidentinin Xaricdə Yaşayan Azərbaycanlı
Alimlərin Forumunun iştirakçılarına, “İqlim
dəyişikliyi və
insan hüquqları: ombudsmanların və milli insan hüquqları
təşkilatlarının rolu” mövzusunda Beynəlxalq Bakı Forumunun, Pre-COP29 tədbirinin
və Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlərin
iştirakçılarına müraciətlərinin mətnləri
ilə də tanış ola bilər.
“Azərnəşr” tərəfindən buraxılan
140-cı kitabın hazırlanmasında
Azərbaycan Dövlət
İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.-2024.- 8 dekabr (¹ 271).- S.2.