Sumqayıt Dövlət Dram Teatrının tamaşalarına
gecikməyin
Teatr mədəniyyətin
vacib sahəsidir. Əvvəlki dönəmlərdə
axşam işdən çıxan insanlar dincəlmək və mənəvi zövq almaq üçün kinoteatrlara və teatrlara yollanardılar.
Film və tamaşalar
onlarda xoş əhval yaradardı. Əhəmiyyətinə gəlincə,
bu, ayrı mövzunun söhbətidir.
Təkcə onu qeyd edək ki, bunların sağlam cəmiyyətin formalaşmasında əvəzi
yox idi. Ona görə də bəzən tamaşalara və kinolara bilet tapmaq problemə çevrilərdi.
İllər keçsə
də, öz missiyasını davam etdirən və tamaşaçı rəğbətini
qoruyub saxlayan teatrlardan biri də Sumqayıt Dövlət Dram Teatrıdır. Şəhər
İkinci Dünya müharibəsindən sonra
salınmağa başlasa
da, inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt
məhz ötən əsrin 70-ci illərində
ittifaq əhəmiyyətli
sənaye şəhərinə
çevrilmişdir. Amma
Heydər Əliyev Sumqayıtı təkcə
kimya şəhəri
kimi görmürdü.
Şəhər həm
də Azərbaycanın
yeni mədəniyyət
mərkəzi olmalı
idi. Bu istiqamətdə
o illər şəhərdə
bir neçə mədəniyyət evi və sarayı inşa olundu. Belə mədəniyyət
saraylarından biri də Sumqayıt Dövlət Dram Teatrının (həmin dövrdə o, H.Ərəblinskinin
adını daşıyırdı)
binası idi.
- Həmin illər
Sumqayıtda görülən
bütün işlər
sənaye platformasına
hesablanırdı, - deyə
teatrın direktoru Samir Şəfiyev bildirir. - Belə bir zamanda Ulu
Öndər mədəniyyət
ocağının tikintisini
vacib saymış və hətta bina üçün yeri də özü
seçmişdir. Yarım
əsrdən artıq
zaman kəsiyində şəhər nə qədər genişlənsə
də, yenə də şəhərin mərkəzi kimi bizim teatrın binası qalır. Teatrın ilk baş rejissoru Nəsir Sadıqzadə olmuşdur. 1969-cu ilin martında gənc teatr ilk dəfə
öz pərdələrini
sumqayıtlıların üzünə
açmışdır. Xalq
artisti Cənnət Səlimova böyük mütəfəkkir, dramaturq
M.F.Axundzadənin "Müsyö
Jordan və dərviş Məstəli
şah" komediyasına
quruluş vermişdi.
Tamaşanın bəstəkarı
isə Emin Sabitoğlu idi.
S.Şəfiyev söylədi
ki, Sumqayıt teatrı yaradıcılıq
bazası olmuşdur. Respublikada tanınmış
sənətkarlardan çoxu
ilk dəfə səhnəyə Sumqayıt
Dövlət Dram Teatrında çıxmışdır.
Rza Əfqanlı, Barat Şəkinskaya, Məlik Dadaşov, Kübra Əliyeva, Ramiz Novruz, Hacı
İsmayılov, Vaqif Əliyev, Hicran Hüseynov, Afaq Bəşirqızı, Kazım
Abdullayev, Sabir Məmmədov, Əli Nur və başqaları
bu teatrda obrazlar qalereyası yaratmışlar.
Direktor maraqlı
bir fakta da diqqət çəkdi. Dedi ki, teatrın səhnəsində əvvəllər
dünya mütəfəkkirlərinin
əsərləri tamaşaya
qoyulardı və bu da əsasən rusdilli əhalinin maraq dairəsini təmin edirdi: "Şəhərə səfərə
gələn Ulu Öndər
yerli dramaturqların əsərlərinin tamaşaya
qoyulması təklifini
verdi. O, bununla da kifayətlənmədi. Bəzən məşqlərə
baxmağa gələr,
aktyorların oyununa tamaşa edərdi. Bu da teatrın aktyorlarını
həvəsləndirərdi. Məşqlərdən sonra
teatrın kollektivi ilə söhbət edən Heydər Əliyev rejissor və aktyorlara tövsiyələrini də
verərdi".
Sumqayıt Dövlət
Dram Teatrı bu yaxınlarda əsaslı təmir olunub. Bina istifadəyə verildiyi zamandan əsaslı təmir edilməmişdi.
Teatr binasının bütün mühəndis-texniki
qurğuları tamamilə
yenidən qurulub. 500 yerlik tamaşa və 100 yerlik akt salonları ən müasir avadanlıqlarla təchiz olunub, tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə
təqdim etmək üçün 360 dərəcə
hərəkət edən
səhnə, müasir
akustika, işıqlandırma
sistemləri quraşdırılıb.
Bunlardan əlavə, teatrın interyerinin daha cəlbedici görünməsi üçün
milli memarlıq ənənələrindən
geniş istifadə edilib. Bütün xidməti, dekorasiya və qrim otaqları
müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib hazırlanıb. Teatrın
köhnə parket döşəməsi də
sökülərək monolit
dəmir-beton plitələrlə
əvəzlənib, binadakı
sütunlar isə mərmərlə üzlənib.
Bir sözlə, teatrın
50 il əvvəlki binasından
əsər-əlamət qalmayıb.
Sumqayıt Dövlət
Dram Teatrı müstəqillik
illərində də
yetərincə uğur
qazanıb, repertuarında
daha çox milli mücadilə tarixinə,
yurd sevgisinə, hərbi vətənpərvərlik
tərbiyəsinə, milli-mənəvi
dəyərlərə önəm
verib. Yaradıcı heyət Hindistan,Türkiyə,
Ukrayna, Türkmənistan,
Gürcüstan, Rusiyada
qastrollarda olub, tamaşaçıların alqışlarını
qazanıb. Yeri gəlmişkən qeyd edək ki, məhz Sumqayıt Dövlət
Dram Teatrının səhnəsində
ilk dəfə Ulu Öndərin
bədii obrazı yaradılıb. Aqşin Babayevin "Xilaskar" əsərinə Xalq artisti Firudun Məhərrəmovun quruluş
verdiyi tamaşada Ulu Öndərin bədii obrazını Əməkdar
artist Namis Şirməmmədov
canlandırıb. Yazıçı
Hidayət Orucovun yazdığı, Xalq artisti Firudun Məhərrəmovun quruluş
verdiyi "Burdan min atlı keçdi" tamaşası isə Heydər Əliyevin imperiya içində milli
mücahidləri qorumasından
və dövrün ictimai-siyasi həyatından
bəhs edir.
Son bir neçə ildə teatrın repertuarı xeyli genişlənib. Teatr hətta pandemiya dövründə fəaliyyətini
dayandırmayıb, onlayn
fəaliyyət göstərib,
tamaşaçılarına əsərlər təqdim
edib.
75 yaşı yenicə tamam olan Sumqayıtın
mədəni həyatında
teatrın müstəsna
yeri var. Şəhər
daxilində keçirilən
bütün tədbirlərdə
teatrın kollektivi yaxından iştirak edir. 44 günlük Vətən müharibəsi
mövzusu teatrın repertuarında əhəmiyyətli
yer tutur. Teatr kollektivinin həmin günlər Ali Baş Komandana yazdığı məktubda
haqq işi uğrunda ədalətli mübarizə dəstəklənmiş
və hər bir azərbaycanlının
Prezidentin ətrafında
sıx birləşdiyi
vurğulanmışdır. Teatrın kollektivi Silahlı Qüvvələrimizə
mənəvi dəstəyini
nümayiş etdirmişdir.
"Əsgərə məktub",
"Şəhidlər ölməz,
Vətən bölünməz"
kimi videoçarxlar əsgər və zabitlərimizin döyüş
ruhunu yüksəltmişdir.
Hafiz Ataxanlının yazdığı,
Xalq artisti F.Məhərrəmovun quruluş verdiyi "Missiya" qəhrəmanlıq
dramı Sumqayıt teatrının ən uğurlu tamaşaları sırasındadır. Əməkdar
incəsənət xadimi
Əli Əmirlinin yazdığı və
Fuad Cavadzadənin quruluş
verdiyi "Xeyir xəbər" tamaşası
da sumqayıtlılar tərəfindən
maraqla qarşılanmışdır.
Sumqayıtın 75 illik
yubileyi də teatrın səhnəsində
öz əksini tapmışdır. Əli
Əmirlinin "Sevgilim
Sumqayıt" əsərində
bir gəncin taleyi kontekstində Sumqayıtın inkişaf
yolu təqdim olunmuşdur.
Quruluşçu rejissor
Fuad Kazımov balacalar
üçün çox
maraqlı bir tamaşa da hazırlayıb.
Dyula Urbanın "Şoma və Fruji" əsəri sədaqəti, dostluğu,
saf məhəbbəti
və mübarizə aparmaq prinsipiallığını
təlqin edir. Daha bir uşaq
tamaşası isə
bu günlər təhvil verilib. "Sehrin gücü" nağıl tamaşasının
quruluşçu rejissoru
Əməkdar mədəniyyət
işçisi Vasif Məmmədov, rejissorları
Əməkdar artist İlahə
Səfərova və Ləman Məmmədlidir.
Hazırda teatr bir sıra layihələr
üzərində çalışır.
Qərbi Azərbaycan İcmasının dəstəyi
ilə Hidayət Orucovun "İrəvanda
nəyim qaldı"
əsərinə Xalq
artisti Firudin Məhərrəmov quruluş
verəcək. Tamaşa
gələn il teatrsevərlərin
ixtiyarına veriləcək.
Akif
ƏLİYEV,
Azərbaycan.-2024.- 8 dekabr
(№ 271).- S.7.