Azərbaycanın
Qırğızıstandakı səfirliyində Heydər
Əliyevin büstünün
açılışı olub
Azərbaycanın Qırğızıstandakı
səfirliyində Azərbaycan
xalqının Ümummilli
Lideri Heydər Əliyevin büstünün
açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılışda Qazaxıstanın
səfiri Rapil Joşıbayev,
Özbəkistanın səfiri
Saidikram Niyazxocayev, Tacikistanın səfiri Alizoda Nazirmad, Belarusun səfiri Sergey Molunov, Qırğızıstan
Xalqları Assambleyası
Şurasının sədri
Almambet Matubraimov, Qırğız Respublikası
Yazıçılar Birliyinin
sədri Kanıbek İmanaliyev, Heydər Əliyev adına Məktəbin direktoru Kanıkey Alımkulova iştirak ediblər.
Açılış mərasimində
çıxış edən
Azərbaycanın Qırğızıstandakı
səfiri Lətif Qəndilov Ulu Öndər
Heydər Əliyevin xatirəsinin azərbaycanlıların
qəlbində ildən-ilə
daha da möhkəmləndiyini
söyləyib.
“1990-cı illərdə və 2000-ci
illərin əvvəllərində
o, sabitliyə nail oldu.
Bu sabitlik sayəsində
biz iqtisadi cəhətdən
inkişaf edə bildik, eyni zamanda,
hərbi-siyasi potensialımızı
gücləndirə bildik.
Heç kim inanmayanda Heydər Əliyev inanırdı
ki, biz işğal olunmuş
əraziləri azad edəcəyik. O, bu inamı xalqımızın
qəlbinə saldı.
Azərbaycan Prezidenti
İlham Əliyev Heydər
Əliyevin Qarabağı
azad etmək vəsiyyətini yerinə
yetirdi”, - deyə səfir qeyd edib.
L.Qəndilovun sözlərinə
görə, Qırğızıstanla
Azərbaycan arasında
energetika sahəsində
konkret razılaşmalar
var. “COP29 çərçivəsində
Bakıda Azərbaycan,
Qırğızıstan, Qazaxıstan
və Özbəkistan
arasında yaşıl
enerji ilə bağlı mühüm sənədlər imzalanıb.
Bildiyimə görə,
indi Azərbaycandan Qırğızıstana neft
tədarükü məsələsi
həll olunur. Prezidentlərin göstərişi
ilə iki ölkənin energetika nazirlərinin səfəri
zamanı bu məsələ müzakirə
olunub. Bu məsələnin
həll edilməsi uğurla gedir”, - deyə diplomat qeyd edib.
“Hərbi
əməkdaşlıq çox
yaxşı inkişaf
edir. Bilirsiniz ki, bu il bizim müdafiə
nazirimiz Bişkekdə,
sizin müdafiə naziri isə Bakıda oldu. Bütün səviyyələrdə
fəal siyasi dialoq gedir”, - deyə o əlavə edib.
Digər mühüm
məsələ iki ölkənin tranzit potensialından istifadə
edilməsidir. “Çin-Qırğızıstan-Özbəkistan
dəmir yolunun tikintisinin başa çatması ilə bu potensial dəfələrlə
artacaq”, - deyə səfir bildirib.
Azərbaycan.- 2024.- 10 dekabr
(¹ 272).- S.6.