"Vəkillik mənim taleyimdir"
Mən qismətə
inanan adamam. Ümumdünya İnsan Hüquqları Günündə,
dekabrın 10-da anadan olmuşam. Ağlım söz kəsəndən deyirdim ki, vəkil olacağam, insanların haqqını, hüququnu müdafiə edəcəyəm.
Belə də demək olar: vəkillik mənim alın yazım, taleyimdir...
Hələ məktəbli
ikən yoldaşlarımız
arasında mübahisə
düşəndə, dava-dalaş
olanda həmişə
zəifin, əzilənin
yanında olardım. Məktəbdə "Mən
hansı peşəni
seçəcəyəm?" mövzusunda sərbəst
iş yazanda qeyd etmişdim ki, vəkil olacağam. Ədəbiyyat müəllimimiz
mənə demişdi
ki, əksər uşaqların
polis rəisi, prokuror,
hakim olmağı arzuladığı
halda, sən niyə vəkil olmaq istəyirsən? Cavab verirdim ki, polis rəisi də, prokuror da, hakim də, digər hüquq-mühafizə
orqanlarında çalışanlar
da qanunları müdafiə
edirlər, qanun keşikçisi adlanırlar.
Vəkillər isə
insanları, onların
hüquqlarını qoruyur,
azadlıqlarını müdafiə
edirlər...
Düşüncəmə görə
vəkillik ilahi bir peşədir. Elə zənn edirəm ki, Allahın yaratdığı ən ali varlığın, insanların hüququnu qorumaq, azadlığına
qovuşdurmaq olduqca nəcib bir işdir. Bu xeyirxah, nəcib işlə məşğul olduğum
üçün çox
xoşbəxtəm.
Həmsöhbətimiz Elşad
İsayev 1986-cı ildə
Gürcüstanın Bolnisi rayonunda anadan olub. Elşadın 5 yaşı olanda valideynləri Sumqayıt şəhərinə köçüblər.
Beləliklə, Elşad
orta məktəbi Sumqayıt şəhər
16 nömrəli məktəbdə
oxumalı olub.
2004-2009-cu illərdə Bakıda
hüquq üzrə bakalavr təhsili alıb. Hüquqşünas
Elşad İsayev
2011-ci ildən 2018-ci ilə
qədər Sumqayıt
Şəhər Məhkəməsində
məhkəmə iclas
katibi, hakim köməkçisi,
mülki və cinayət işləri üzrə məsul katib kimi vəzifələrdə
çalışıb. 2018-ci ilin mayından Azərbaycan Vəkillər
Kollegiyasına üzv
qəbul olunub.
E.İsayev deyir ki,
vəkillər kollegiyasına
üzv seçiləndə
vəziyyət tamam başqa cür idi. İldə cəmi vəkillər kollegiyasına 15-20 nəfər
üzv qəbul edilirdi. Sənədlərimi
2016-cı ilin əvvəlləri
versəm də, 2 il kollegiyaya seçkilər olmadığı üçün
2018-ci ildə vəkil
olmaq arzumu reallaşdıra bildim.
2017-ci ildən ölkəmizin vəkillik institutunda da əsaslı islahatlar başladı. Azərbaycan
vəkillik institutu bir çox nailiyyətlərə imza
atıb. Azərbaycan Respublikası Prezidentinin
2019-cu ilin 25 dekabr tarixli sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycan
Respublikasında Vəkil
Günü peşə
bayramı kimi qeyd edilməsi qərara alınıb. Vəkillər üçün
bu çox böyük qürurverici hadisə oldu. Ən önəmli nəticələrdən biri
də dövlət hesabına göstərilən
hüquqi yardıma görə müdafiəçiyə
hər iş saatına görə ödənilən vəsaitin
3 dəfə artırılması
oldu.
Hazırda vəkil
Elşad İsayev Sumqayıt Regional Vəkil
Bürosunda çalışır.
2003-cü ildə dövlət
hesabına hüquqi yardım göstərən
vəkillər sırasında
ən çox uğurlu nəticə əldə etdiyinə görə, Azərbaycan Respublikası Vəkillər
Kollegiyası Elşad
İsayevi "İlin
vəkili" seçib.
Vəkilliyin sirlərindən
danışan E.İsayev deyir ki, təəssüf yaradan bəzi insanların hüquqlarını bilməməsidir.
Bu da neqativ hallara yol açır. Bəzən birinin "törətdiyi" cinayət
işini "araşdıran",
istintaqını aparan
orqan işçisi
"cinayəti sübut
etmək üçün"
bilərəkdən, ya
bilməyərəkdən özü
cinayət edir. Etmədiyi əmələ
görə suçlanıb
adı cinayət işində keçən
günahsız insanlara
cəza verilməsinə
şahidlik etmişik.
Çox təəssüf
ki, belə səlahiyyətli
cinayətkarlar hələ
də aramızda var.
İbtidai istintaq zamanı cinayət işi üzrə icraata xitam verilməsi,
təqsirləndirilən şəxsin
barəsində bəraətverici
əsaslarla işin icraatına xitam verilməsi, məhkəmə
istintaqı və məhkəmə yekun qərarında yüngül
cəzanın alınması,
daha ağır maddədən daha yüngül maddəyə
tövsif olunması və s. Bunlar vəkillik təsisatında
cinayət işlərində
uğurlar kimi qiymətləndirilir. Ancaq
bunların ən uğurlusu, ən yüksəyi bəraət
hökmünün çıxarılması
hesab olunur. Tarixən də belə olub. 2018-ci ildən indiyə kimi 13-14 cinayət işi üzrə bəraət hökmü çıxarılmasına nail olmuşam. Bunlar heç də asan başa gələn işlər deyil. Elə cinayət işi olub ki, bəraət hökmü almaq üçün 2 il vaxt sərf etmişəm. Vəkillikdə bəraət
hökmünün alınması
hadisə hesab olunur. Çünki hər bəraət hökmü alınan
zaman, bəraət hökmü
üzrə ibtidai istintaqı aparan müstəntiq, təhqiqatçı,
ibtidai istintaqın aparılmasına prosessual
nəzarəti həyata
keçirən prokuror
doğru-düzgün istintaq
aparmadıqları üçün
məhkəmə tərəfindən
cəzalandırılır. Belə olan halda istər-istəməz
onlarla qarşılaşmalı
olursan. Bəzən hədələr, təzyiqlər
də olur... Vəkillik azadlıq tələb edən peşədir. Təzyiqdən
qorxan vəkilin başqasının hüququnu
yüksək səviyyədə
müdafiə etməsi
absurddur.
Belə bir hadisənin şahidi də olmuşam. İbtidai istintaqda bir şəxsin hüquqlarını müdafiə
etmək mənə həvalə olundu və onun həbsdən
azad edilməsinə
nail oldum. Həmin şəxsi əsassız
şəkildə başqa
bir cinayət işində həbs edib işi məhkəməyə
göndərmişdilər. Məhkəmədə təqsirləndirilən
şəxs yenidən
mənim onu müdafiə etməyimlə
bağlı məsələ
qaldırmışdı. Dövlət
hesabına həmin şəxsə vəkil təyin olundum. O işə nə az, nə çox
1 il 8 ay vaxt sərf edib istədiyimə nail oldum. Bu il isə məhz dövlət hesabına gördüyüm
işlərdə bəraətlərimin
sayı 4 oldu.
Elşad İsayev
deyir ki, bəraət alanların sayının artması vəkilin öz peşəsinə vicdanla yanaşması ilə yanaşı, ölkəmizdə ədalətli
məhkəmə sisteminin
yaranmasını sübut
edən çox mühüm amildir. Azərbaycanda
çox ciddi şəkildə hüquqi dövlət
quruculuğu prosesi gedir. Artıq məhkəmələr
elektron sistemə keçib. Bu da məhkəmələrin
prokuror asılılığından xilas olub, müstəqil
fəaliyyət göstərmələri üçün
geniş imkan yaradıb. İndi cinayətdə ittiham edilən
şəxsləri keçmişdə olduğu kimi, etmədiyi
cinayət əməlinə görə günahlandırmaq
çətinləşib. İnamla deyə bilərik ki, hakimlər
indi daha çox sərbəst qərarlar qəbul edirlər.
Elşad
İsayev vurğulayır ki, mənə müraciət edən
insanlarla heç vaxt "bazarlıq" etməmişəm,
etmərəm də. Əsas odur ki, müdafiə etdiyim
adamın cinayətkar olmadığına inanım. Müvəkkilimlə
məni bir-birimizə bağlayan pul yox, inamdır.
Hüquqlarını müdafiə etdiyim adamların
azadlığına nail olanda özümü xoşbəxt
hesab edirəm. Cəmiyyətdə belə yanlış fikir
formalaşıb ki, dövlət hesabına təyin olunan vəkillər
iş üçün o qədər də əzmkarlıq
göstərmirlər. Bu tamamilə yanlış
düşüncədir. Azərbaycan hüquqi dövlətdir,
öz vətəndaşlarının hüquqlarını
qoruyur. Ona sahib çıxır. İstədiyimiz qədər
nümunə göstərə bilərik. Ən qatı cinayətkara
dövlətin vəkil təyin etməsi vətandaşa
sahiblik hissindən irəli gəlir. Unutmamalıyıq ki, hətta
dövlətə xəyanət etmiş adam cəzalandırılanda
belə, onun bütün yaşam təminatlarını
dövlət öz üzərinə götürür.
Dövlət
hesabına vəkillə təminatda sifarişçi dövlətdir.
Hesab edirəm ki, yaxşı nəticə ortaya qoymaq
üçün məsələyə vicdanlı yanaşmaq
kifayət edir. Bu bir həqiqətdir ki, bu gün hüquq təhsili
alanların böyük əksəriyyəti daha çox
hüquq-mühafizə orqanlarında və digər dövlət
qurumlarında işləməyə üstünlük verirlər.
Amma ölkəmizdə öz peşəsinə ləyaqətlə
yanaşan vəkillər də az deyil. Onlardan biri də Elşad
İsayevdir.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2024.- 10 dekabr (№ 272).- S.9.