İƏT Komissiyasının
Azərbaycanla bağlı
hesabatının təqdimatı
olub
Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkkili
(Ombudsman) Aparatında
Ermənistanın işğalından
azad edilmiş ərazilərdə insan hüquqlarının və
humanitar vəziyyətin
qiymətləndirilməsi məqsədilə
İslam Əməkdaşlıq
Təşkilatının Müstəqil
Daimi İnsan Hüquqları Komissiyasının
(İƏT MDİHK) həyata keçirdiyi faktaraşdırıcı
missiyasının nəticələrinə
dair hazırlanmış
hesabatının təqdimatı
keçirilib.
Ombudsman Aparatının
mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata
görə, ombudsman Səbinə Əliyeva təqdimatda çıxışı
zamanı hazırda dünyada bəzi dövlətlər tərəfindən
sərgilənən kolonializm,
irqçilik, dözümsüzlük,
ikili standartlar, ayrı-seçkilik və
islamofobiya hallarının
artdığını, beynəlxalq
təşkilatların bu
kimi hallara biganə münasibətinin
insan hüquq və azadlıqlarının
pozulmasına səbəb
olduğunu qeyd edib.
Müvəkkil Ermənistanın
uzun illər ərzində Azərbaycana
qarşı həyata
keçirdiyi kəskin
nifrət, etnik təmizləmə və deportasiya siyasəti səbəbindən dinc azərbaycanlı əhaliyə
qarşı çoxsaylı
sülh və insanlıq əleyhinə,
habelə müharibə
cinayətləri, o cümlədən
genosid, ekosid, urbisid və kultursid aktlarının törədildiyini bildirib.
Bütün bu faktlarla bağlı Ombudsman təsisatı olaraq, beynəlxalq təşkilatlara dəfələrlə
hesabatlar, bəyanatlar
və müraciətlər
təqdim olunsa da, bu istiqamətdə
heç bir effektiv tədbirlərin görülmədiyi qeyd edilib, Azərbaycanın dözümsüzlük, ikili
standartlar və ayrı-seçkilik hallarından
ən çox əziyyət çəkən
ölkələrdən biri
olduğu diqqətə
çatdırılıb.
Ombudsman Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
azərbaycanlıların beynəlxalq
sənədlərdə təsbit
olunmuş hüquq və azadlıqlarının
pozulması faktlarının
araşdırılması məqsədilə
bir sıra beynəlxalq təşkilatlarla,
o cümlədən İslam
Əməkdaşlıq Təşkilatının
Müstəqil Daimi İnsan Hüquqları Komissiyası ilə səmərəli əməkdaşlıq
əlaqələrinin yaradıldığını,
İƏT MDİHK-nın nümayəndələrinin
Azərbaycanda iki dəfə faktaraşdırıcı
missiya həyata keçirdiyini qeyd edib.
Sonra Ombudsman Aparatının rəhbəri,
İƏT Müstəqil Daimi
İnsan Hüquqları
Komissiyasının üzvü
Aydın Səfixanlı
çıxış edərək
İƏT MDİHK-nın Azərbaycanla
bağlı hesabatı
barədə ətraflı
məlumat verib. O, nümayəndə heyətinin
səfərinin əsas
məqsədinin Ermənistan
tərəfindən dini-mədəni
abidələrin, azərbaycanlılara
məxsus qəbiristanlıqların
dağıdılması faktlarının
yerində araşdırılması,
işğal və raket hücumları nəticəsində zərər
çəkmiş azərbaycanlılarla
bağlı məlumatların
toplanması və nəticələrə əsasən
hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə
təqdim edilməsindən
ibarət olduğunu diqqətə çatdırıb.
Aparat rəhbəri
səfərin nəticəsi
olaraq hazırlanmış
hesabatda İƏT Müstəqil
Daimi İnsan Hüquqları Komissiyası
tərəfindən, eyni
zamanda, beynəlxalq təşkilatlara ünvanlanacaq
tövsiyələrin də
öz əksini tapdığını, Ermənistanın
beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını pozması
faktlarının da qeyd olunduğunu bildirib. Hesabatın
İƏT Xarici İşlər
Nazirləri Şurasının
50-ci Zivə görüşü
çərçivəsində təsdiq edildiyini və daha sonra
İƏT Müstəqil Daimi
İnsan Hüquqları
Komissiyasının rəsmi
internet saytında yerləşdirildiyini qeyd edib.
Yekunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən icra olunmuş müvafiq layihə çərçivəsində hazırlanan, Ombudsman Aparatının, Müdafiə Nazirliyinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının müsahibələrinin yer aldığı və Ermənistanın Azərbaycana qarşı mina terrorundan bəhs edən “Ölüm Tələsi” adlı sosial çarx nümayiş olunub.
Azərbaycan.-2024.- 11 dekabr (№ 273).- S.5.